Əli Əhmədov: Azərbaycan Prezidentinin həyata keçirdiyi islahatlar yenilənmədən, müasirləşmədən xəbər verir

Əli Əhmədov: Azərbaycan Prezidentinin həyata keçirdiyi islahatlar yenilənmədən, müasirləşmədən xəbər verir

09.12.2019 Off By Füzuli İsmayılov

Azərbaycanda həyata keçirilən möhtəşəm layihələr hər şeydən əvvəl ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına yönəlib. Prezident İlham Əliyev hər zaman Azərbaycan vətəndaşının yanındadır. Hər bir Azərbaycan vətəndaşı Prezidentin diqqət və qayğısı ilə əhatə olunub və şübhəsiz ki, hər bir vətəndaş da öz Prezidentinə inanır və arxalanır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov deyib.

Baş Nazirin müavini bildirib ki, Azərbaycan Prezidenti hər zaman öz humanistliyi, xeyirxahlığı, nəcibliyi ilə dövlət məmurlarına nümunə göstərir, öz əməlləri ilə məmurlara sübut edir ki, onların əsas vəzifəsi vətəndaşlara xidmət göstərməkdir.

Əli Əhmədov qeyd edib ki, ölkədə həyata keçirilən islahatlarda sosialyönümlülük özünü daha qabarıq şəkildə göstərir. O, təkcə bu il vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün minimum əməkhaqqının, pensiyaların iki dəfəyə qədər artırılmasını diqqətə çatdırıb. Vurğulayıb ki, ölkənin iqtisadi gücü artdıqca vətəndaşların rifah halının yüksəldilməsi üçün ayrılan vəsaitin də məbləği artırılacaq. Qarşıya qoyulan əsas məqsəd hər bir vətəndaşın respublikamızın potensial imkanlarından faydalanmasını təmin etmək, onun güzəranını yaxşılaşdırmaqdır.

YAP sədrinin müavini Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsinə də münasibət bildirib: “Hesab edirəm ki, ölkə vətəndaşları Milli Məclisin buraxılması ilə bağlı YAP-ın təşəbbüsünü müsbət qarşılayırlar. Azərbaycan Prezidentinin həyata keçirdiyi genişmiqyaslı islahatlar strategiyası bütövlükdə Azərbaycanda yenilənmədən, müasirləşmədən xəbər verir. Yeni Azərbaycan Partiyası Milli Məclisə seçkilərdə fəal iştirak edəcək. Ümid edirik ki, vətəndaşlar arasında böyük nüfuza malik olan lider partiyamızın üzvləri say çoxluğu ilə yeni parlamentdə üstünlük təşkil edəcəklər”.

Share