Ümumdünya Şahmat Olimpiadası: daha 50 komanda mübarizəyə başlayır
07.08.2020İlk dəfə onlayn formatda keçirilən Ümumdünya Şahmat Olimpiadası tədricən şahmat həyatının ayrılmaz hissəsinə çevrilir. Üçüncü həftəsonu ardıcıl olaraq, dünyanın hər yerindən oyunçular şahmat taxtaları arxasında mübarizəyə başlayırlar, bazar günü axşam divizionda qaliblər müəyyənləşir. Daha sonra növbəti turun püşkatmasının nəticələrindən sonra qruplar üzrə mübarizə aparacaq komandaların adları açıqlanır.
AZƏRTAC xəbər verir ki, avqustun 7-də olimpiadanın növbəti – 3-cü divizionunda oyunlar başlayacaq. Bu mərhələdə mübarizə aparacaq 50 komandanın heyətində yer alan şahmatçılardan 15-i qrossmeysterdir. Divizionun oyunları A qrupunda qarşılaşmalarla start götürəcək. Bu qrupu “Asiya komandası” da adlandırmaq olar. Çünki on komandanın altısı dünyanın bu qitəsinin təmsilçiləridir. Sinqapur yığması Asiya komandalarının ən güclüsüdür. Bu komanda Monako və Albaniya ilə birlikdə A qrupunda açıq favorit hesab olunur. İki potensial rəqib – Sinqapur Monako ilk turda bir-biri ilə qarşılaşacaq və bu qarşılaşma başlanğıc gününün mərkəzində olacaq. Hər iki komandanın heyətində qrossmeysterlər var. Monakonun oyunçuları, qrossmeyster İqor Yefimov, eləcə də, bir vaxtlar şahmat olimpiadalarının ən gənc iştirakçısı olan Fiorina Berezovskayanın oyunlarını izləmək maraqlı olacaq. Əvvəlki mərhələlərdə iştirak edən komandalara gəlincə, Suriyanın ən yaxşı şansı olduğu görünür.
B qrupunda dünyanın hər yerindən fərqli qitələri təmsil edən komandalar bir araya gələcək. Avropanın iki komandası, Portuqaliya və Şotlandiya qrupda favorit kimi görünür. Rapid üzrə 2369 reytinqli Xose Fransisko Veiga Portuqaliyanın gənclər lövhəsində potensial şahmatçılardandır və komandası üçün çox xal qazanmalıdır.
Qrupdakı yeganə qrossmeyster Ketevan Arahamia-Grant qadın lövhəsində oynayacaq. Bu divizionda Nigeriya, eləcə də, 4-cü divizionda gücünü sübut edən Anqolanı da unutmaq olmaz.
C qrupunu ən sirlilərdən hesab etmək olar. Belə ki, Belçika reytinqdə favorit olsa da, heyətdə 2-ci diviziona keçməyi təmin edəcək yüksək səviyyəli qadın oyunçular yoxdur. İordaniyanın daha balanslı heyəti var və bu ölkənin növbəti mərhələyə keçməsi üçün bütün imkanlar var.











