UEFA Avropa Liqası: daha iki klub dörddəbir finala vəsiqə qazanıb

UEFA Avropa Liqası: daha iki klub dörddəbir finala vəsiqə qazanıb

07.08.2020 Off By admin

UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin daha iki oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Sevilya” İtaliyanın “Roma” komandası ilə neytral meydanda – Almaniyanın Duysburq şəhərindəki “MSV Arena”da keçirdiyi görüşdə 2:0 hesablı qələbə qazanıb. Hər iki qol oyunun birinci hissəsində vurulub. Serxio Regilon 22-ci, Yussef En-Nesiri isə 44-cü dəqiqədə fərqlənib. Oyunun 90+10-cu dəqiqəsində “Roma”dan Canluka Mançini qırmızı vərəqə alıb.

Almaniyanın “Bayer” komandası isə Şotlandiyada 3:1 hesabı ilə yendiyi “Reyncers”i Leverkuzendəki “BayArena”da yenə məğlub edib – 1:0. Yeganə qola 51-ci dəqiqədə Mussa Diabi imza atıb.

Xatırladaq ki, Avropa Liqasında səkkizdəbir final mərhələsinin ilk 4 oyunu avqustun 5-də keçirilib. Danimarkanın “Kopenhagen” komandası Türkiyə çempionu “Başakşehir”i iki oyunun yekununda (0:1, 3:0) üstələyərək, mərhələ adlayıb. İngiltərənin “Mançester Yunayted” komandası Avstriya LASK-ına hər iki qarşılaşmada (5:0, 2:1) qalib gəlib. Dörddəbir finalda “Mançester Yunayted” “Kopenhagen”lə görüşəcək.

İspaniyanın “Xetafe” klubunu yenən (2:0) İtaliyanın “İnter” komandası növbəti mərhələdə “Bayer”lə qarşılaşacaq. “Sevilya” “Vulverhempton” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Share