Aprelin 20-də Azərbaycanın ilk FIFA20 onlayn liqası start götürəcək

Aprelin 20-də Azərbaycanın ilk FIFA20 onlayn liqası start götürəcək

18.04.2020 Off By admin

Aprelin 20-də Azərbaycanın ilk FIFA20 onlayn liqası start götürəcək.

AZƏRTAC xəbər verir ki, Gənclər və İdman, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Azərbaycan Kiberidman Federasiyası, “Gaming League Azerbaijan” (GLA) və Topazın birgə təşkilatçılığı ilə yaradılan liqanın görüşləri 34 gün ərzində davam edəcək.

GLA-nın yanvarda təşkil etdiyi və 500-dən çox kiberidmançının qatıldığı FIFA20 turnirində seçilən, ölkənin 20 ən güclü FIFA oyunçusunun mübarizə aparacağı turnir 38 turdan ibarət olacaq. Ümumilikdə baş tutacaq 380 qarşılaşmadan sonra ilk 8 pillənin sahibləri pley-off mərhələsində ən güclünü müəyyən edəcəklər. Sonda isə “Böyük finallar” seriyası ilə mövsümə yekun vurulacaq. Hər bir iştirakçı 2-si klub, 2-si milli olmaqla, əvvəlcədən dörd komanda seçiminə sahib olacaq və mövsüm boyunca həmin komandalardan istifadə edəcək. Eyni komandaların qarşılaşmaması üçün isə meydan sahibinin seçdiyi klubu qonaq oyunçu seçə bilməyəcək. Klublar müvafiq olaraq klublarla, yığmalar isə yığmalarla qarşılaşacaqlar. Yarışın ümumi büdcəsi 20 min manatdır ki, bunun da 16 min 500 manatı mükafat fondudur. Mövsümün sonunda birinci yerin sahibi 500, ikinci pillədə qərarlaşan 250, 3-4-cü pillələri tutanlar isə müvafiq olaraq 150 və 100 manat qazanacaqlar. Bundan əlavə, iştirakçıları hər qələbə və heç-heçəyə görə də mükafatlar gözləyir.

FIFA20 üzrə əsas liqa ilə yanaşı, ikinci liqa da yaradılıb. Burada da 20 kiberidmançı mübarizə aparacaq. İlk 3 pilləni tutan komandalar əsas liqaya yüksələcəklər. Əvəzində isə elitada sonuncu olan 3 oyunçu növbəti mövsümdən ikinci liqada yarışacaq. Hər iki liqada il ərzində 4 mövsüm (hər fəsildə 1 turnir) olacaq.

Share