Avropa Velosipedçilər Birliyinin növbəti iclası keçirilib

Avropa Velosipedçilər Birliyinin növbəti iclası keçirilib

20.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Koronavirus pandemiyası səbəbindən bütün idman növlərində olduğu kimi, velosiped idmanında da beynəlxalq yarış təqviminin pozulması mötəbər qurumların rəhbərlərini vəziyyətdən çıxış yolu axtarmağa sövq edir. Avropa Velosipedçilər Birliyinin (UEC) videokonfrans formatında keçirilən iclasında 2020-ci ilin təqvim planında yer alan şose, MTB (dağ velosipedi), BMX və trek velosipedi üzrə qitə çempionatları, həmçinin Avropa kuboku yarışlarının təşkili məsələləri əsas müzakirə mövzularından olub.

AZƏRTAC xəbər verir ki, iclasda bir neçə gün əvvəl Beynəlxalq Velosipedçilər İttifaqı tərəfindən nüfuzlu “Tour de France” veloturunun avqustun 29-dan sentyabrın 20-nə, İsveçrədə təşkil ediləcək şose velosipedi üzrə dünya çempionatının isə sentyabrın 20-27-də keçirilməsi ilə bağlı qərar qəbul edildiyi diqqətə çatdırılıb. İclasda sentyabrın 9-13-də İtaliyanın qəbul etməli olduğu Avropa çempionatının yeni vaxtının müəyyənləşdirilməsi ilə bağlı təşkilatçı ölkəyə 3 müxtəlif tarix təklif edilib və yaxın günlərdə bununla bağlı yekun qərarın veriləcəyi gözlənilir.

Tokio Yay Olimpiya Oyunlarının gələn il keçirilməsi nəzərə alınaraq, 2021-ci ilin avqustunda velosiped idmanının müxtəlif növləri üzrə Belarusun paytaxtı Minskin qəbul etməli olduğu birləşmiş Avropa çempionatının tarixinin dəyişdirilməsi məsələsi də müzakirə olunub. Bildirilib ki, UEC Direktorlar Komitəsi Belarus hökuməti ilə birlikdə qitə çempionatının yeni tarixinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələrə başlayıb.

Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyi Direktorlar Komitəsinin üzvü Sahib Ələkbərov iclasda çıxış edərək koronavirus pandemiyasının təsirlərinin azaldılması məqsədilə Azərbaycanda həyata keçirilən tədbirlər, ölkədə bütün idman yarışlarının dayandırıldığı və şərait imkan verdikdən sonra idman həyatının canlandırılması ilə bağlı görülməsi nəzərdə tutulan işlər barədə məlumat verib.

Share