Azərbaycan daim tərəqqiyə, zəfərə doğru inamla irəliləyəcək

Azərbaycan daim tərəqqiyə, zəfərə doğru inamla irəliləyəcək

17.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

1991-ci ilin avqustunda Müstəqillik Bəyannaməsi qəbul etməklə, tarixdə ikinci dəfə müstəqilliyinə qovuşan müstəqil Azərbaycanımız 29 ildir ki, dünya ailəsinin üzvüdür. Gələn il də müstəqilliyimizin üçüncü onilliyini, 30 illiyini qeyd edəcəyik. 28 ildir ki, dünyanın ən böyük beynəlxalq təşkilatı olan BMT-nin tam və bərabərhüquqlu üzvüyük. Ötən bu illər ərzində də inkişafın sıfır nöqtəsindən ən yüksək nöqtəsinə gəlib çıxmışıq – nəinki Cənubi Qafqazın, nəinki bölgənin, bütövlükdə dünyanın lider dövlətlərindən birinə çevrilmişik. Bu yüksəliş Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin müdrik, uzaqgörən, balanslaşdırılmış daxili və xarici siyasət kursu nəticəsində mümkün olub.

Həmçinin, bütün beynəlxalq və regional təşkilatların bərabərhüquqlu və ya müşahidəçi (assosiativ) qismində üzvüyük. BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Şurası, Türk Şurası, GUAM, QDİƏT və sair beynəlxalq və regional qurumların ən aktiv və fəal üzvlərindən, töhfə verənlərindənik. Azərbaycan hansı quruma üzvdürsə və üzvlüyü dövründə hansı quruma keçici sədrlik missiyasını yerinə yetirirsə, öz əməli addımları ilə mütləq şəkildə o təşkilatın fəaliyyətinin genişlənməsinə, nüfuzunun daha da artmasına, dünyada sülhün və əmin-amanlığın təmin olunmasına birmənalı dəstəyini və töhfəsini verib.

Azərbaycan hazırda Qoşulmama Hərəkatına və Türk Şurasına sədrlik funksiyasını çox şərəfli və ləyaqətli şəkildə icra edir. Sonuncu toplantı – Türk Şurasının fövqəladə Zirvə görüşü deyilənlərin əyani sübutudur. Ən əsası Azərbaycan 32 ildən artıq bir müddət ərzində işğala, təcavüzkarlığa, ədalətsizliyə, haqsızlığa məruz qalmasına baxmayaraq, hər zaman dünyada sülh, başqalarının daxili işlərinə qarışmamaq və müdaxilə etməmək, hər bir xalqın, dövlətin suveren hüquqlarına hörmətlə yanaşmaq mövqeyindən çıxış edir və bunu da sözdə deyil, əməldə nümayiş etdirir. Ancaq təəssüflər olsun ki, bir çox hallarda bunun qarşılığını görə bilmirik, əksinə, bəzi dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən xoş olmayan münasibətlərə, ikili, üçlü standartlara rast gəlirik. Bu bədxahlıqların, bu ikili, xoş olmayan davranışların başında da ermənipərəst anti-azərbaycan dairələr və qüvvələr dayanır. Onlar hər vəchlə ölkəmizin müstəqil, suveren inkişafına, müstəqil dövlətçilik xəttinə qarşı çıxır, Azərbaycanın uğurlarına, nailiyyətlərinə kölgə salmağa çalışırlar.

Eyni zamanda, Azərbaycan ərazilərinin işğalının davam etməsində, Ermənistanın işğalçılıq, təcavüzkarlıq, dövlət siyasətinə çevrilmiş terrorizm, nasizm, rasizm, faşizm siyasətinin davam etdirilməsində maraqlı görünürlər, onları növbəti işğala şirnikləndirir, stimullaşdırırlar. Beynəlxalq birlik, dünya ictimaiyyəti, xüsusilə, üzv olduğumuz bəzi beynəlxalq qurumlar, – ATƏT, Avropa Şurası isə bu kimi hallara təəssüflər olsun ki, seyrçi, biganə münasibət sərgiləyirlər. Bəzən isə bir az da irəli gedərək, hətta ölkəmizə qarşı qeyri-səmimi, qeyri-adekvat münasibət ifadə edirlər. İşğalçıya, təcavüzkara “dur” deməkdənsə, ona qarşı təzyiq rıçaqlarını işə salmaqdansa, əksinə, Azərbaycanda ən xırda, gözləgörünməyən hansısa “problem”dən yapışıb, onu şişirtməyə, ölkəmizə qarşı qəzəb, kin püskürməyə, ədalətsiz qərarlar çıxarmağa çalışırlar. Burada da 20 ilə yaxın bir dövr ərzində tam və bərabərhüquqlu üzvü olduğumuz Avropa Şurası, onun bəzi strukturları, ölkəmizlə bağlı təyin etdikləri məruzəçiləri daha “fəallıq” nümayiş etdirirlər.

Elə bunun nəticəsidir ki, əksər dövlətlər, nüfuzlu təşkilatlar qondarma, separatçı xunta rejimində – “DQR”-də keçirilən “seçkiləri”, “seçiki şousu”nu pislədikləri, tanımadıqları halda, hələ də Avropa Şurası və onun strukturlarından, həmməruzəçilərdən səs-soraq yoxdur, hələ də birmənalı mövqe nümayiş etdirməyiblər. Özlərini sanki karlığa, korluğa vurublar. Ancaq nə edirlər-etsinlər, Azərbaycan öz prinsipial mövqeyindən, müstəqil dövlətiçilik xəttindən geri çəkilməyəcək, idarə olunan “banan respublikası”na çevrilməyəcək, işğal faktını qəbul etməyəcək və onunla barışmayacaq. Daim inkişafa, tərəqqiyə, zəfərə-qələbəyə doğru inamla addımlayacaq, bütün ölkə ərazisində suveren hüquqlarını bərpa və bərqərar edəcək. Ölkə Prezidentinin də dediyi kimi, “Qarabağ Azərbaycandır – Nida”.

Share