Azərbaycanla Çinin Çindao şəhəri arasında əməkdaşlıq genişləndiriləcək

Azərbaycanla Çinin Çindao şəhəri arasında əməkdaşlıq genişləndiriləcək

17.04.2020 Off By admin

Azərbaycanın Çinin ən böyük iqtisadi və turizm mərkəzlərindən olan Çindao şəhəri ilə ticari-iqtisadi, enerji, nəqliyyat-logistika, turizm və mədəniyyət sahəsində əməkdaşlığı genişləndiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə ilkin razılıq Azərbaycanın Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı və Çindao şəhərinin mer müavini Lyu Cyancinin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında videogörüşdə əldə olunub.

Görüşdə şəhər rəhbərliyi Çindaoda yaradılmış “Çin-Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Ticarət-İqtisadi Əməkdaşlıq Zonası”nın təqdimatını edib, ŞƏT ailəsinin fəal üzvü olan Azərbaycanı bu platformadan istifadəyə dəvət edib. Sözügedən zonada Azərbaycan məhsullarının, ölkənin logistik imkanlarının və turizm potensialının nümayiş və təşviq etdirilə biləcəyi ölkə pavilyonunun yaradılması ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan-Çin siyasi əlaqələrinin bütün sahələrdə əməkdaşlığı genişləndirmək üçün imkanlar yaratdığı qeyd olunaraq ŞƏT çərçivəsində əməkdaşlıqla yanaşı, Çindao şəhəri ilə ikitərəfli əsasda əməkdaşlığın genişləndirilməsi qərarlaşdırılıb. Çindao şəhər rəhbərliyi Azərbaycana səfərə dəvət edilib.

Qeyd edək ki, ölkəmizin Çindəki səfirliyinin dəstəyi ilə ötən 2 ildə Çindao şəhərində Şanxay Əməkdaşlıq Təşkilatında təmsil olunan ölkələrdən bu ölkəyə idxal olunan məhsulların sərgi-yarmarkasında və ŞƏT-də təmsil olunan ölkələrin iştirakı ilə beynəlxalq investisiya və ticarət sərgisində Azərbaycan məhsulları nümayiş edilib, ölkəmizin turizm potensialına dair təqdimatlar keçirilib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Share