Cənab Həsənov, nə əkərsən, onu da biçərsən!

05.02.2020 Выкл. Автор admin

Atalarımızın gözəl bir deyimi var: “Nə tökərsən aşına, o da çıxar qaşığına”.

Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) 2020-ci ilin birinci yarısı üçün maliyyə ayırdığı qəzetlər arasında “Kaspi” və “Kaspiy” adlarının olmaması bu deyimi və Azərbaycan mətbuatının son illər üzləşdiyi haqsızlıqları yada salır. Maraqlıdır, KİVDF-nin büdcəsini istədiyi formada paylaşdıran, jurnalist müsabiqələrindən tutmuş qəzet müsabiqələrinə qədər hər şeyi bölüşdürən Əli Həsənovun qəzeti maliyyələşmədən kənarda qaldı. 

Buna çərxi-fələyin tərsinə dövran etməsi də demək olar, İlahi ədalət də. Amma “Kaspi” qəzetinin kollektivinin adından hazırlanmış müraciətdə və qəzetin təsisçisinin açıqlamasında iddia edilən “ədalətsizlik” deyil. Hansı ki, Prezident İlham Əliyevə ünvanlanan müraciətdə, elə təsisçinin açıqlamasında da hiss olunur ki, “Kaspi”nin adının KİVDF-nin siyahısında olmamasına görə dolayısı ilə ölkə rəhbərliyi ittiham edilir, yaxud da bunun məqsədli şəkildə edildiyinə işarə vurulur. Bəs, gerçəklik nədir?!

Əli Həsənov ədalətin bir gün bərqərar olacağına inanmayan məmur kimi tanınıb. Onun fəaliyyəti, Azərbaycan mətbuatına vurduğu zərbələr, milli jurnalistikanın hörmətdən salınması və saydıqca bitməyən əməlləri haqqında belə fikrin yaranmasının qaynağıdır. Bu gün onun “bizi kənarda saxlayırlar” şikayətinin əsası varmı?!

İllərdir Azərbaycan mətbuatı eyni şikayəti edirdi, amma Əli Həsənov qulaqlarını bağlamış, qapılarına ağır qıfıl vurmuşdu. İllərdir dövlət büdcəsindən mətbuata ayrılan vəsaitini yaxın ətrafı arasında bölür, adı olub özü olmayan qəzetlərə ayırır, cəmiyyətdə “reket” kimi tanınan “jurnalistləri” önə çəkir, gerçək qələm sahiblərini, milli mətbuat nümunələrini gözardı edir, səsini çıxaranı qaralayır və bütün etdiklərinə ədalət donu geyindirirdi. İndi bir qəzetə maliyyənin dayanması ədalətsizlikdirmi, cənab Həsənov. Ən doğru cavabı özünüzdə axtarın!

Prezidentin jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün gördüyü işləri istədiyiniz adamlara verəndə, evsizlər kənarda qalanda ədalətsiz deyildimi?! Dövlət mükafatlarının yalnız sizin istədiyiniz adamlara verilməsi, sizə qarşı olanların “vurulması” ədalətsiz deyildimi?! Mətbuatda kiçik bir qrupun “təmin edilməsi”, böyük əksəriyyətin isə ağır şərtlər altında işləməsi nə qədər ədalətli idi?

Milli mətbuat hörmətdən salındı, əsl qələm sahibləri uzaqlaşdırıldı, mənzil bölgüsündən tutmuş xırda müsabiqələrə qədər hər şey yalnız kiçik bir qrupa şamil edildi, maliyyə yalnız bəlli qəzetlərə ayrıldı, jurnalistikada kimlərinsə şəxsi maraqlarının qorunması dövlət maraqlarının önünə keçdi, milli düşüncə məqsədli şəkildə parçalandı. Mətbuatda olan hər kəs bütün bunların Əli Həsənovun “xidmətləri” olduğunu bilir.

Budur, ağır yara almış döyüşçüyə bənzəyən Azərbaycan mətbuatı yenidən səngərə qayıtmaq, yenidən dirçəlmək istəyir, amma mətbuatı sözün həqiqi mənasında sıradan çıxaran şəxs – cənab Əli Həsənov əl çəkmək istəmir.

Cənab Həsənov, nə əkərsən, onu da biçərsən! Ulu öndər Heydər Əliyevin məşhur sözünü xatırlayın: “Zaman hər şeyi öz yerinə qoyur”. Artıq hər şeyin öz yerinə qoyulması zamanıdır və bu zamanda sizin yeriniz yoxdur…

 

Vasif Həsənli

“Demokrat.az” xəbər portalının baş redaktoru

Share