Deputat: Cari ildə ölkəmizdə nəzərdə tutulan bütün sosial öhdəliklər yerinə yetiriləcək

Deputat: Cari ildə ölkəmizdə nəzərdə tutulan bütün sosial öhdəliklər yerinə yetiriləcək

15.04.2020 Off By admin

Birinci rübün son ayının pandemiya dövründə təsadüf etməsinə baxmayaraq, Azərbaycan ümumi daxili məhsulda, xüsusən qeyri-neft ümumi daxili məhsulunda artım tempini qoruyub saxlayıb.

Bu sözləri -a Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

“Nəzərə alsaq ki, qeyri-neft ümumi daxili məhsulunda 3 faiz artım qeydə alınıb. Bu da birinci rübdə qeyri-neft sektorunun inkişaf etməsi deməkdir. Yanvar-mart aylarında pandemiyanın iqtisadiyyata, sahibkarlara, eləcə də vətəndaşlara təsirlərinin minimumlaşdırılması prioritet idi. Ölkə başçısının qeyd etdiyi kimi, məhz Azərbaycan dövləti üçün vətəndaşlarımızın sağlamlığı hətta iqtisadi aktivlikdən belə vacibdir. Prezident İlham Əliyev tərəfindən verilən göstərişlər, eyni zamanda, ötən müddətdə qəbul edilən qərarlar birbaşa vətəndaşlarımızın sağlamlığının qorunmasına xidmət edir. Bu da pandemiyanın yalnız iqtisadiyyata, sahibkarlara deyil, vətəndaşlarımızın sağlamlığına təsirlərini azaltmağa imkan verir”, – deyə o qeyd edib.

Ötən dövrdə pandemiyanın təsirinin minimumlaşdırılması ilə bağlı dövlət başçısının tapşırığı ilə reallaşdırılan paketlər üçün 2,5 milyard manat vəsaitin ayrılmasının nəzərdə tutulduğunu deyən V.Bayramov qeyd edib ki, dörd İşçi qrup tərəfindən paketlər hazırlanıb. Eyni zamanda, iqtisadi və sosial paket artıq icra olunmaqdadır. Altı yüz mindən çox vətəndaş iqtisadi paket çərçivəsində dövlət dəstəyindən istifadə edir. Vətəndaşlarımız üçün birbaşa yardımlardan başqa, sosial proqramlarda iştirak səviyyəsi genişləndirilib. O cümlədən, ünvanlı sosial yardım proqramı, məşğulluq proqramı, sosial xidmətlərin təqdim edilməsi ilə bağlı proqramlarda pandemiya və postpandemiya dövründə daha çox vətəndaşımızın iştirakının təmini nəzərdə tutulub.

“Birinci rübün yekunları koronavirus pandemiyasının qlobal iqtisadiyyata, strateji məhsullar bazarına təsirləri fonunda dövlət büdcəsinin xərclər hissəsinin strukturuna baxılması zəruri hal alıb. Təcili olmayan xərclərin təxirə salınması gözlənilir. Bu, bir tərəfdən büdcə xərclərinin optimallaşdırılması və şəffaflığın gücləndirilməsi baxımından vacibdir. Digər tərəfdən mövcud pandemiyanın qlobal və milli səviyyədə təsirlərini nəzərə alaraq fiskal siyasətin yenilənməsinə xidmət edir. İnvestisiya və cari xərclərin strukturunda dəyişikliyin olmasına baxmayaraq, bu il nəzərdə tutulan proqramların icrası ilə bağlı hər hansı çətinlik olmayacaq. 2020-ci ilin dövlət büdcəsinin 38,5 faizi birbaşa sosial ödənişlərdir. Bu il dünya bazarında neftin qiymətinin aşağı olması və pandemiyanın iqtisadiyyatın 20 fəaliyyət sahəsinə mənfi təsir göstərməsinə baxmayaraq, proqramlarda və sosial ayırmalar da azalmalar və ixtisarlar nəzərdə tutulmur. O baxımdan bu il ölkəmizdə nəzərdə tutulan bütün sosial öhdəliklər yerinə yetiriləcək. Bu da ondan xəbər verir ki, fiskal siyasətə edilən dəyişikliklər belə sosial ödənişlərin yerinə yetirilməsi ilə bağlı hansısa çətinlik yaratmayacaq”, – deyə deputat bildirib.

Share