İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılmasından 4 il ötür

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılmasından 4 il ötür

20.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) 2016-cı il aprelin 20-də Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılıb. Mərkəzin fəaliyyətinin üç əsas funksional istiqaməti var: iqtisadi təhlil, monitorinq və qiymətləndirmə, islahatların və iqtisadi nailiyyətlərin kommunikasiyası.

İİTKM-dən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin tapşırıqları əsasında mərkəz 12 Strateji Yol Xəritəsi, habelə ərzaq təhlükəsizliyi, məşğulluq, rəqəmsal ödənişlər və sair sahələrdə strategiyalar, dövlət proqramları və tədbirlər planlarının monitorinq və qiymətləndirməsini həyata keçirir. Bu əsasda İİTKM-də dövlət sənədlərinin icrası barədə “böyük verilənlər bazası” – “big data” yaranır. Öz növbəsində “Big Data”nın emalı əsasında yeni islahatlar barədə təklifləri formalaşdırmaq mümkündür. Təkcə onu qeyd etmək kifayətdir ki, 2016-cı ildə Azərbaycan Prezidentinin tapşırığı əsasında Strateji Yol xəritələri hazırlananda İİTKM-in platformasında dövlət, özəl, akademiya, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətini təmsil edən 400 ekspert cəmləşmişdi. Beləliklə, monitorinq və islahat arasında qarşılıqlı təsir mübadiləsi idarəetməni yeni mərhələyə qaldırır: data əsaslı qərar qəbuletmə mexanizmi işləyir. Mərkəzin təqdim etdiyi “Azranking.az” və “Monitoring.az” platformaları funksional əlaqələndirilməklə islahatlar və monitorinqin iş axınlarını rəqəmsal olaraq bir-birinə bağlayır: yeni islahat yeni monitorinq və yeni monitorinq yeni islahat deməkdir.

Mərkəzdə islahatların “həyat tsikli”nə aid olan bütün mərhələlər tam rəqəmsallaşdırılıb. Bu isə prosesin səmərəliliyini, şəffaflığını, inklüzivliyini və hesabatlılığını təmin edir. Hazırda İİTKM-in balansında olan 40-dək internet resursu güclü kommunikasiya vasitəsi olmaqla islahatların işıqlandırılmasına yardımçı olur. İslahatların kommunikasiyasında iki vacib hədəf var. Bunun biri mesajları əhali, biznes, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti və digər istiqamətlərdə düzgün çatdırmaqdır. İkinci hədəf isə əks-əlaqə qurmaqla islahatların icrası zamanı yaranan fikir və rəyləri yenidən “islahat gündəliyi”nin formalaşmasında istifadə etməkdir.

Beləliklə, İİTKM-də idarəetmə sacayağı yaranıb: islahat-monitorinq-kommunikasiya. Bu sacayağın funksionallığını artırmaq üçün İİTKM-in təqdim etdiyi institutlar vacib rol oynayır: “Azexport.az”, Rəqəmsal Ticarət Qovşağı, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, “Azranking.az”, “Monitoring.az”, “Enterpriseazerbaijan.com” və “Azerp.az”.

 

Share