Kənd təsərrüfatı məhsullarının kiçik tonnajlı maşınlarla daşınmasına icazə verilmir

Kənd təsərrüfatı məhsullarının kiçik tonnajlı maşınlarla daşınmasına icazə verilmir

21.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Kənd təsərrüfatı məhsulların rayonlardan şəhərə daşınması məsələsi ilə bağlı edilən müraciətləri araşdırdıqda məlum olur ki, bu müraciətləri edənlərin əksəriyyəti fermer deyil. Onlar fermerlərin məhsullarını dəfələrlə baha satan, bizim “alverçi” adlandırdığımız ticarətçilərdir.

Bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

Onun sözlərinə görə, belə şəxslərin məqsədi heç də kənd təsərrüfatı məhsulu daşımaq deyil:

“Onlar sadəcə, karantin rejimində sərbəst hərəkət etmək hüququ qazanmaq istəyirlər. Karantin tətbiq olunduğu ilk gündən müşahidə etdik ki, kənd təsərrüfatı məhsullarının daşınmasına icazə verildiyi üçün maşının yük hissəsinə az miqdarda məhsul qoyaraq onu satmaq adı ilə icra hakimiyyətindən arayış almaq istəyən insanlar olur. Amma belə insanların satdıqları məhsulun dəyəri onların sərf etdikləri benzin xərcinin beşdə birini belə ödəmir”.

V.Hüseynov əlavə edib ki, Nazirlər Kabinetinin qərarına əsasən, kənd təsərrüfatı məhsullarının orta və iri tonnajlı maşınlarda daşınmasında heç bir məhdudiyyət yoxdur. Məhsulunu satış məqsədilə Bakıya və digər ərazilərə aparmaq istəyən fermer bunun üçün rayon icra hakimiyyətindən arayış alaraq öz məhsulunu digər rayon və şəhərlərə məhdudiyyətsiz gətirir.

Share