“Prezident insanların sosial müdafiəsinin əsas məqsəd olduğunu qarşıya qoydu”

“Prezident insanların sosial müdafiəsinin əsas məqsəd olduğunu qarşıya qoydu”

18.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ilə əlaqədar “Evdəqal” kampaniyası davam etməkdədir. Bunun nəticəsində iqtisadi aktivliyin aşağı düşməsi ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən insanların maddi rifah halının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi əsas məsələ kimi qarşıya qoyulub. Dövlət başçısı bunu Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiyyat nazirlərinin iştirakı ilə keçirilən videobağlantı formatında iclasda da vurğuladı”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə bildirib. 

M. Abbaszadə deyib ki, qarşıda iki yol var: “Bu yollardan biri iqtisadi aktivliyin artırılması, digər yol isə insanların sağlamlığının qorunmasıdır. Prezident İlham Əliyev ikinci yolu daha üstün saydığımızı bəyan edib. Çünki pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində insanların sağlamlığının qorunması əsas məsələlərdəndir. Digər tərəfdən, tarixi hadisələr göstərir ki, pandemiyaya qarşı mübarizə zamanı hansı dövlətlər vətəndaşların sağlamlığını təmin edə bilirsə, onlar postpandemiya dövründə iqtisadi fəallığa daha tez nail ola bilirlər. Buna görə də Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, sosial müdafiə tədbirləri bundan sonra da davam etdiriləcək. Əsas sosial müdafiə tədbirlərindən biri müqavilə əsasında işləyən işçilərin karantin müddəti bitənə qədər işdən azad edilmələrinə qadağa qoyulmasıdır. Dövlət sektorunda çalışan və karantin rejiminə uyğun evlərdə qalan insanların əməkhaqqının vaxtlı-vaxtında verilməsi təmin ediləcək. Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır və bu kateqoriyaya aid olan insanların sayı 300 mindən çoxdur. Eyni zamanda 300 minə yaxın mikrosahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət böyük maliyyə vəsaiti ayırıb. Beləliklə, ancaq bu kateqoriyalara aid olan 600 minə yaxın insan dövlətdən maddi dəstək alır. Həmrəyliklə bu proseslərdən alnıaçıq, üzüağ çıxmağımız təmin olunacaq”.

Millət vəkili qeyd edib ki, ölkəmizdə 1 milyon 600 min muzdla işləyən insanlar var: “Muzdla işləyən bu işçilərdən 970 min nəfəri dövlət sektorunda çalışır. Qanuna əsasən, onlar əmək məzuniyyəti ilə evə buraxılsalar da, onların əməkhaqları dövlət tərəfindən ödənilməkdədir. Özəl sektorda isə 304 min nəfər muzdla çalışır. Pandemiya əsasən ölkədə 20 sektora daha çox mənfi təsir edib. Bu sırada 11 sektorda iş tamamilə dayanıb, 9 sektora isə pandemiya 50-30 faiz civarında təsir göstərib. Ona görə də 304 min muzdlu işçiyə sahibkarlar tərəfindən əməkhaqqı verilməkdədir. Bu işçilərin əməkhaqqının 50 faizi də dövlət tərəfindən sahibkarlara kömək formasında verilir. Digər tərəfdən, 200 min insana ayda 190 manat verilməklə sosial təminatları ödənilməkdədir. Bu kateqoriyadan olan və müraciət edən insanların sayı artmaqda, DOST mərkəzlərinə müraciətlər edilməkdədir. Müraciətlərin sayının çox olmasını nəzərə alaraq, dövlət başçısı artıq bu dəstəyin təxminən 600 min nəfəri əhatə edəcəyinin anonslarını verməkdədir. Dövlət başçısı həmişə olduğu kimi bu dəfə də Azərbaycan insanının sosial müdafiəsini təmin etməklə, Azərbaycan dövlətinin sosial dövlət olduğunu bəyan etdi. Həmişə olduğu kimi bu dəfə də Prezident insanların sosial müdafiəsinin əsas məqsəd olduğunu qarşıya qoydu”.

Share