Səyyar “ASAN xidmət” Lənkəranda

06.02.2020 Off By Füzuli İsmayılov

Səyyar “ASAN xidmət” avtobusu fevralın 3-dən Lənkəran şəhərində rayonun və ətraf rayonların sakinlərinə xidmət göstərir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səyyar “ASAN xidmət”in həyata keçirilməsində məqsəd dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim olunması, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Vətəndaşlara səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və s. qurumlar tərəfindən təqdim olunur.

Əhaliyə göstərin xidmətlərə aşağıdakılar daxildir: notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Səyyar “ASAN xidmət” fevralın 29-dək əhaliyə xidmət göstərəcək.

Qeyd edək ki, regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nitqində qeyd edib ki, bu il ölkəmizin beş regionunda, o cümlədən Lənkəran şəhərində “ASAN xidmət” mərkəzi istifadəyə veriləcək.

Share