Serbiyada Yeni il necə qeyd olunur

Serbiyada Yeni il necə qeyd olunur

28.12.2019 Выкл. Автор admin

Tezliklə yeni il tətilləri başlayacaq. Bu müddətdə başqa ölkələrə səyahət edən insanlar digər xalqların ənənələri ilə yaxından tanış olmaq imkanı qazanırlar. Azərbaycanda olduğu kimi, Serbiyada da bayram günlərində çoxsaylı turist olur. Bəs turistlər nəyi bilməlidir?

AZƏRTAC-ın xüsusi müxbiri Serbiyanın Yeni il ənənələrini oxucular üçün araşdırıb. Birincisi, hər bir turist bilməlidir ki, serblər pravoslav olsalar da digərləri kimi İsa Məsihin doğulmasını yanvarın 13-də deyil, 7-də qeyd edirlər. Bunun səbəbi isə serb kilsəsinin Yulian təqviminə əməl etməsidir. Təqvimə əsasən, Yeni il yanvarın 1-də girir, milad isə 7-də qeyd olunur.

İlin son günü axşam saatlarından başlayaraq Belqrad əhalisi mərkəzi küçələrə axışır. Onlar qruplar halında gəzir, klub və tavernalarda, həmçinin bahalı restoranlarda şam edir, sonra isə yeni ili qarşılamaq üçün şəhərin mərkəzi meydanına axışır.

Şəhərdə Milad bayramınadək davam edən yarmarkalarda isə həm yerlilər, həm də turistlər maraqlı tamaşalara şahid olur, suvenirlər alır, yerli mətbəxin dadına baxırlar.

Hər bir serbin yeni il süfrəsində hər şey olur. Bunlardan biri sarmadır. Bu yemək təxminən bizim dolmamıza bənzəyir. Süfrədə, həmçinin ağ lobyadan prebranas adlı az sulu yemək, donuz qızartması, quru meyvələr, hisə verilmiş ət çeşidləri və ənənəvi desert olan kalaç yer alır. Bütün süfrələrdə yerli alkoqol məhsulu olan serb şlivovisası, yəni qara gavalıdan hazırlanmış serb arağı da olmalıdır.

Milad bayramına isə dindar serblər 40 gün öncədən hazırlaşır. Onlar xüsusi pəhrizə riayət edir, məhz bu gün üçün bir donuz balası bəsləyirlər. Bayrama iki gün qalmış həmin donuzlar kəsilir. Bu mərasimin adı “Tusindan”dır. Ümumilikdə serblərin milad adətlərində bütpərəstlik zamanından qalmış elementlər çoxdur. Məsələn, tusindan günü uşaqları cəzalandırmaq olmaz. Yerli inanclara görə, cəzalandırılan uşaq il ərzində valideynlərinə qulaq asmayacaq.

Milad günü kişilər donuz qızardır, qadınlar isə xəmirdən ratarisa adlı piroq hazırlayırlar. Ən böyük piroq ailə başçısı, ən kiçiyi isə evin sonbeşiyi üçün bişirilir.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

Share