Tayfur Əliyev: İnanıram ki, Tokio Olimpiadasından Vətənə qələbə ilə qayıdacağıq

Tayfur Əliyev: İnanıram ki, Tokio Olimpiadasından Vətənə qələbə ilə qayıdacağıq

17.04.2020 Off By admin

Koronavirus pandemiyası səbəbindən bütün yarışlar, həmçinin məşqlər təxirə salınıb. Biz idmançılar üçün bu, bir ciddi sınaqdır. Çalışırıq ki, bu sınaqdan üzüağ çıxaq. Yəni, evdə qalsaq da, idmansız qalmayaq. Ev şəraitində məşqlərimi davam etdirirəm. Düzdür, istədiyim kimi alınmasa da, amma ciddi cəhdlər göstərirəm ki, fiziki formamı saxlayım.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində boks üzrə milli komandanın üzvü Tayfur Əliyev deyib. O qeyd edib ki, Olimpiya Oyunlarına ilk dəfə lisenziya qazandığı üçün çox sevinir: “Təəssüf ki, 2016-cı ildə Rio Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməmişdim. Bu dəfə Olimpiadaya vəsiqə əldə edə bildim. Tokio Olimpiadasına vəsiqəni Londonda keçirilmiş Avropa Təsnifat turnirində qazandım. Həmin turnirə çox ciddi hazırlaşmışdım. Bütün rəqiblərimin görüşlərinə diqqətlə baxmışdım. Onların zəif və güclü tərəflərini təhlil etmişdim. Yarışda medal uğrunda döyüşürdüm. Bildiyiniz kimi, koronavirus səbəbindən turnir yarımçıq dayandırıldı. Düşünürəm ki, başqa vaxtda keçiriləcək bu yarışda komandamız uğurla çıxış edəcək”.

T.Əliyev onu da əlavə edib ki, Tokio Olimpiadasına hazırlaşmaq üçün artıq bir ildən çox vaxt var, idmançılar bu müddət ərzində daha çox məşqlər edə bilərlər: “Neçə ay idi ki, fasiləsiz məşqlər edirdim, indi peşəkar məşqlərdən bir qədər kənarda qalmışam. Şəxsi məşqçim atam olduğu üçün daim onunla ev şəraitində hazırlığımı davam etdirirəm. Səhvlərim üzərində ciddi işləyirəm. Eyni zamanda, yeni baş məşqçimiz Umberto Orta Domingezin onlayn şəkildə təlimatlarını dinləyirəm. Düşünürəm ki, artıq məşq etmək üçün daha çox vaxtımız var və bu müddət ərzində Olimpiadaya yüksək enerji ilə hazırlaşacağıq. İnanıram ki, Tokio Olimpiadasından Vətənə qələbə ilə qayıdacağıq”.

Share