Soydaşlarımız Vətən müharibəsində Azərbaycana layiqli dəstək nümayiş etdiriblər

Soydaşlarımız Vətən müharibəsində Azərbaycana layiqli dəstək nümayiş etdiriblər

13.12.2020 Off By Füzuli İsmayılov

Gürcüstanda yaşayan soydaşlarımız Azərbaycanın taleyüklü günlərində – 44 günlük Vətən müharibəsi dövründə tarixi Vətənlərinə möhkəm bağlılıq və sarsılmaz dəstək nümayiş etdiriblər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Tbilisidə xalqımızın ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş vebinarda söyləyib.

Səfir qeyd edib ki, Vətən müharibəsinin ilk günlərindən başlayaraq Gürcüstanda azərbaycanlılar yaşayan ayrı-ayrı şəhərlərdə, kəndlərdə, qəsəbələrdə dəstək aksiyaları, o cümlədən Marneulidə 3 minə qədər soydaşımızın iştirakı ilə “Qarabağ Azərbaycandır!” adlı aksiya keçirilib. Azərbaycan icmasını təmsil edən 60 təşkilat Gürcüstanın dövlət orqanlarına, Tbilisidə akkreditə olunan beynəlxalq təşkilatların nümayəndəliklərinə, diplomatik korpusa müraciət edərək, təcavüzkar siyasətindən əl çəkərək Azərbaycan ərazilərinin işğalına son qoyması üçün Ermənistana təzyiq etməyə çağırıblar. Gürcüstanda bu haqq səsinin ucaldılması xüsusi əhəmiyyət kəsb edirdi.

Eyni zamanda, cəbhədə döyüşlərin başlandığı ilk saatlardan etibarən yüzlərlə soydaşımız ürəklərinin çağırışı ilə səfirliyə müraciət edib, cəbhəyə döyüşçü kimi könüllü getmək istədiklərini, ərzaq və müxtəlif əşyaları Ordumuza göndərmək niyyətində olduqlarını bildiriblər. Səfirlik vasitəsilə Qaraçöp mahalından 600 baş qoyun-quzu Ordumuza göndərilib, Qardabanidəki “Loğman” klinikasının rəhbəri tərəfindən bir yük maşını dərman və tibbi ləvazimatlar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ünvanına çatdırılıb. Azərbaycan Ordusuna Yardım Fonduna Sadaxlı, Qabal, Dmanisi və digər ellərdən on minlərlə ABŞ dolları məbləğındə vəsait köçürülüb.

Əslən Gürcüstandan olan 14 soydaşımızın Vətən müharibəsində şəhidlik zirvəsinə ucaldığını vurğulayan diplomat bildirib: “Onların müqəddəs ruhları qarşısında bir daha baş əyərək demək istərdim ki, bu igidlərin timsalında biz Gürcüstan azərbaycanlılarının həmişəki Vətən sevgisinin və fədakarlığının ülvi təzahürünü görürük. Gürcüstan əsilli şəhidlərimizin dəfn və yas mərasimləri ilə bağlı yaxınlarının Azərbaycana gedib–gəlməsi səfirlik tərəfindən təmin edilib. Səfirliyin dəstəyi ilə Marneuli rayonu Qaçağan, Sadaxlı və Sabirkənd, Bolnisinin Zol-Güvəc və Saraclı, Dmanisinin Qəmərli və Kirovka kəndlərində, eləcə də Tbilisi şəhərində şəhidlərimizin qohumlarının iştirakı ilə anım tədbirləri keçirilib.

Bu cür taleyüklü günlərdə soydaşlarımızın milli həmrəyliyi bir daha əyani şəkildə göstərdi ki, Gürcüstanda yaşayan azərbaycanlılar həmişə milli vətənləri Azərbaycanın yanında olublar və bundan sonra da olacaqlar”.

Share