Qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa verilib

Qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa verilib

08.02.2021 Off By Füzuli İsmayılov

Fevralın 8-də saat 01 radələrində Tovuz rayonu ərazisində 1984-cü il təvəllüdlü İlqar Məmmədova məxsus, üzərində xəsarət izləri olan meyitin Tovuz Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tovuz Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilir ki, Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və cəsədə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 1990-cı il təvəllüdlü Elvin Əhmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək İlqar Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Elvin Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Share