BİR YUMRUQLA ÖLDÜRÜLƏN ADAM
01.12.2021Sabunçu rayon prokurorluğundan Hakimiyyet.info.az-a bildirilib ki, noyabrın 27-də paytaxtın Sabunçu rayon sakini 1962-ci il təvəllüdlü Məhəmməd Əliyevin rayonun Zabrat qəsəbəsi ərazisində xəsarət alması nəticəsində noyabrın 29-da xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin tanışı 1964-cü il təvəllüdlü Rəhman Əzimov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Məhəmməd Əliyevin üz nahiyəsinə yumruqla vurmuş, sonuncu zərbənin təsirindən yerə yıxılaraq başı asfalt örtüyünə dəyərək xəsarət almışdır.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Rəhman Əzimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
“HAKİMİYYƏT” qəzeti











