TALEYİ DALĞALI MÜQƏDDƏS ANNA!
01.04.2022Məşhur şairə, yazıçı, ədəbiyyatşünas, ədəbi tənqidçi, tərcüməçi, Qızıl Orda xanı Əhməd xanın şəcərəsindən olan, əqidəsindən dönməyən türk qızı, istedadlı ədəbiyyat xadımı, hələ sağlığında ikən ürəklərdə heykəli ucalmış ölməz fikir sahibı Anna Axmatova 1889-cu ilin 23 iyununda Odessada, zadəgan ailəsində dünyaya göz açıb. Atası mühəndis-mexanik olub. Anna özünü ana tərəfdən Qızıl Orda xanı Əhməd xanın nəslindən hesab edirdi və məhz buna görə sonradan Axmatova təxəllüsünü götürmüşdü. Amma bunun əfsanə olduğu deyilir.”Rekviyem” adlı avtobioqrafik poeması (1935-1940-cı illərdə yazılıb, 1987-ci ildə çap olunub) 1930-cu illər repressiyalarına həsr olunmuş ilk bədii əsərlərdən hesab olunur.”Qəhrəmansız poema” əsərində isə Axmatova rus ədəbiyyatının “Gümüş dövrü”nün epoxasını yaratmağa çalışıb.


Anna Axmatova istedadlı şair Nikolay Qumilyovla evlənmiş və bu evlilikdən gələcək tarixçi Lev Qumilyov doğulmuşdur. Bu evlilik xoşbəxt olmamışdır, həm Nikolay, həm Lev repressiyaya uğramış, Nikolay məhv edilmiş, Lev həbsxanalarda xeyli vaxt keçirmişdir. 1922-ci ildən etibarən Anna Axmatovaya qarşı ciddi senzura tətbiq olunmağa başlandı. 1922-1966-ci illərdə onun bütün kitabları düzəlişlərlə çap olundu. Anna Axmatova 1966-cı il martin 5-də Moskvada vəfat etmişdir, Domodedovo qəbristanlığında dəfn olunmuşdur.
Türk qanı damarda yox olub itməz,
O, ayrı qanlara qarışıb getməz,
Qızıl gül kolunda yasəmən bitməz,
Taleyi dalğalı müqəddəs Anna!
Anna da beləcə qanın danmadı,
Turan sevdasından geri dönmədi,
Qəlbində türk odu, közü sönmədi,
Taleyi dalğalı müqəddəs Anna!
Öz soyu, öz kökü – adı-sanıdı,
Ulu nəsli Qızıl Orda xanıdı,
Əhməd bəy babası – qanı-canıdı,
Taleyi dalğalı müqəddəs Anna!
Zamanın diqqətin özünə çəkən,
Tanrı vergisini sözünə çəkən,
Fəlsəfi baxışı gözünə çəkən,
Taleyi dalğalı müqəddəs Anna!
Əri Nikolayi həbsə atıblar,
Lev adlı oğlunu tora saliblar
Fikir dahisindən qisas aliblar,
Taleyi dalğalı müqəddəs Anna!
Sonda Nikolayı güllələyiblər,
Oğlunu məhbəsə sürükləyiblər,
Böyük türk qövmünü hədələyiblər,
Taleyi dalğalı müqəddəs Anna!
Məhbəs yollarında qalan şairə,
Orda həsrət çəkib balan – şairə,
Dərdləri yollarda talan şairə,
Taleyi dalğalı müqəddəs Anna!
Tikanlı məftillər yolun gözləyib,
Məhbəs divarları qulun gözləyib,
Rütbəli zabitlər “yal”ın gözləyib,
Taleyi dalğalı müqəddəs Anna!
Hər an izləyiblər cəsur xanımı,
Kobanın xüsusi tapşırığını,
Müqəddəs Ananın göz yaşlarını,
Taleyi dalğalı müqəddəs Anna!
Yazarlıq mandatın ondan alıblar,
“Xain cani” kimi yola salıblar,
Kobaya qulluqda sadiq qalıblar,
Taleyi dalğalı müqəddəs Anna!
Bu böyük əzaba, zülmə dözməyən,
Əlini Tanrıdan bir an üzməyən,
Bu zalım dünyadan, bəxtdən küsməyən –
Taleyi dalğalı müqəddəs Anna!
Məzarın üstündə hörülüb divar,
Burda bir həsrətin göz yaşları var,
Dünya bir oyundu, həyatsa qumar,
Taleyi dalğalı müqəddəs Anna!

Əmir Pəhləvan, publisist, şair, dramaturq











