44 Günlük müharibənin QƏLƏBƏ əzmi – müharibədə həkim ŞÜCAƏTİ

44 Günlük müharibənin QƏLƏBƏ əzmi – müharibədə həkim ŞÜCAƏTİ

24.04.2022 Off By Füzuli İsmayılov

III M Ə Q A L Ə

İkinci Qarabağ müharibəsinin başlayıb bitməsindən artıq 2 ilə yaxın vaxt ötür. 44 günlük müharibə ərzində Azərbaycan 30 ilə yaxın işğal altında olan ərazilərini azad edib, Cəbrayıla, Füzuliyə, Qubadlıya, Ağdama, Şuşaya, Hadruda, Xocəvəndə, Kəlbəcərə, Xocalıya bayrağımızı sancıb, Zəfər günü yazdıq.

…Bizimlə geniş söhbət etməkdənsə, xəstələrin yanında olmağın daha önəmliyini qeyd edən həkim Əşrəf Qafarov cərrahi əməliyyatların ağırlığndan, çətinliyindən qorxmayan, elarası deyilən əsl ürəkli həkimlərdəndir-desək, onun müalicə edib yenidən həyata qaytardığı yaralı döyüşçülərimizin ürəyindən olar,” -yazmışdıq. Əlbəttə xatırladıq ki, bir daha nədən və kimdən söhbət getdiyini oxucularımız yada salsın. Bu yazılardan sonra redaksiyamıza müraciət edən qazilərimiz, onların ailə üzvləri bir daha II Qarabağ müharibəsində həkimlərimizin şücaətindən geniş danışır, onların fədakar əməyinin həm dövlət, həm də ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsini xahış edirlər.

II Qarabağ müharibəsində yaralanan əsgər və zabitlərimdən Yevlax Mərkəz Xəstəxanasının həkim-cərrahı, yazılarımızın qəhrəmanı Əşrəf Qafarov haqqında deyilən səmimi, xoş sözlər bizi də ruhlandırır.

Döyüşlərin ilk günündə Suqovuşan istiqamətində gedən döyüşlərdə, İncəçay ərazisində düşmən mərmisinə tuş gələn hərbçimiz gizir əslən Zaqataladan olan Mahmudov Asim Ramazan oğlu deyir ki, döyüşlərin başladığı ilk günlərdə yaralımız çox oldu. Məni və digər yaralıları tez bir zamanda hərbi hospitala təxliyyə etdilər. 24 gün Yevlax Mərkəzi Xəstəxanasında müalicə olundum. Məni Əşrəf doktor 4 dəfə əməliyyat etdi, qarın boşluğuma qəlpələr dolub bütün mədə-bağırsağımı zədələmişdi. Sağ qalacağıma özüm də inanmırdım. Ancaq bütün yaralılar kimi mənə də təsəlli verərək həyata qaytaran Əşrəf həkim oldu. Bilirsiniz ki, həmin dövrdə cəbhəyə yaxın xəstəxanalar bütünlüklə hərbiləşmiş hospitallara çevrilmişdi. Buna görə də məni Yevlax mərkəzi Xəstəxanasına gətirmişdilər. Mən həmin dövrdə həkimlərimizin fədakarlığının şahidi oldum. İnanın ki, onların fədakarlığı olmasaydı, şəhidlərimizin sayı xeyli artıq olacaqdı. Başda Əşrəf həkim olmaqla bütün tibb işçilərinə minnətdarlığımı bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin.

Suqovuşan ətrafında gedən döyüşlərdə yaralanan Kukari Anton Artyomoviç Qəbələnin Nic kəndindəndir. Anton həmin anları xatırlayaraq bildirdi ki, yaralandıqdan sonra Naftalandakı hospitala gətirildim. Lakin yaram ağır olduğundan məni Yevlax Mərkəzi Xəstəxanasına yerləşdirdilər. Orada bütün tibb heyəti hər cür köməkliyi bizə göstərirdi. Bildirirəm ki, mənim bir böyrəyim əməliyyat olunaraq çıxarıldı, ayağımdan güllə yarası almışdım, bədənimdə bir neçə qəlpə də qalıb. Sağalıb yenidən döyüşlərə qatılmaq istəsəm də, mümkün olmadı. Ancaq sağ qalmağıma görə bütün həkimlərə, xüsusən də Əşrəf həkimə ailəmiz adından təşəkkürümü bildirirəm.

Hərbi qulluqçu, əslən Lerikdən olan gənc zabit, leytenant Babayev Şamil Hüseynağa oğlu da döyüşlərdə yaralandıqdan sonra Yevlax Mərkəzi Xəstəxanasına gətilib. Həkimlərin səyi nəticəsində sağ qaldığını deyir. Yaralı döyüş yoldaşları kimi Şamil də bütün həkim heyətinə, onun sağ qalması üçün cərrahi əməliyyat aparan Əşrəf doktorun bacarıq və zəhmətini xüsusi qeyd edir.

Belə faktları sadaladıqca insan dünyamızda müharibəyə, lüzumsuz insan ölümünə nifrət edir, sakit, sülhlə bərqərar olan səma altında yaşamağı arzulayır. Bu da ki, hələ də dünyada arzu olaraq qalır. Ancaq istər, əmin-amanlıq, istərsə də sülh şəraitində olsaq belə həkimlərə ehtiyacımız var. Peşəsini sevən, ona ürəklə yanaşan həkimlər hər bir zaman fədakarlığının əvəzini insanlardan başqa, Allahdan da alırlar. Bizim II Qarabağ savaşında yaralılara göstərdiyi fədakar tibbi xidmətə, qüsursuz fəaliyyətinə və mətbuatla müntəzəm əlaqələrinə görə Qafarov Əşrəf Məhəmməd oğlu və onun həmkarı, həkim-cərrah, tibb üzrə fəlsəfə doktoru Əlləzov Teymur Abbas oğlu “HAKİMİYYƏT” qəzeti və hakimiyyet.info.az-saytı tərəfindən Fəxri Fərmanla təltif edilmişlər. Əlbəttə, bu həkimlərimizin mükafatlarından yalnız bizə aid olanıdır.

İnanırıq ki, TƏBİB-in çağırışına qoşularaq dərhal ön cəbhəyə yaralılarımıza köməyə gedən hər bir həkim istər ictimaiyyət, istərsə də dövlət tərəfindən layiqli mükafatını alacaqdır.

Füzuli Əfqanoğlu,

“HAKİMİYYƏT” qəzeti

Share