15 MAY- GENERAL FİKRƏT MƏMMƏDOVUN ÖLÜMÜNDƏN 20 İL ÖTÜR

15 MAY- GENERAL FİKRƏT MƏMMƏDOVUN ÖLÜMÜNDƏN 20 İL ÖTÜR

16.05.2022 Off By Füzuli İsmayılov

Fikrət Seyfulla oğlu Məmmədov 9 dekabr 1961-ci ildə Lənkəran şəhərində anadan olub. O, 1978-ci ildə Lənkəran şəhər 4 saylı orta məktəbi bitirərək Bakıda indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz və Neft İstehsalı fakültəsinə daxil olub. Lakin institutun ikinci kursunda sənədlərini geri götürüb. F. Məmmədov bir müddət Lənkəran 7 saylı avtobazada çilingər işləyib. O, 1980-ci ildə Bakı Ali Komandirlər məktəbinə daxil olub.1985-ci ildən Fikrət Məmmədov Əfqanıstanda desant qırıcı tağım komandiri və desant qırıcı bölük komandiri kimi xidmət edib. Daha sonra o, təhsilini Moskvada, Frunze adına Hərbi Akademiyada davam etdirib. Gənc komandir 1993-cü ildən müstəqil Azərbaycan Ordusunun tərkibində cəbhəyə yollanıb. “N” saylı briqadada qərargah rəisi vəzifəsində çalışan F. Məmmədov az sonra briqada komandiri təyin olunub. 1995-ci ildə o, artıq Birinci Ordu Korpusunun qərargah rəisi, 1998-ci ildə isə general-mayor rütbəsi verilməklə Üçüncü Ordu Korpusunun komandiri vəzifəsinə təyinat alıb. Fikrət Məmmədov 15 may 2002-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən Gədəbəydə avtomobil qəzasına düşərək faciəli şəkildə həlak olub və Bakının İkinci Fəxri xiyabanında dəfn olunub. Fikrət Məmmədov “Qırmızı Ulduz”, “Azərbaycan Bayrağı” və digər döyüş orden və medalları ilə təltif olunub. Lənkəran şəhərinin mərkəzi küçələrindən birinə generalın adı verilib, oxuduğu şəhər 4 saylı orta məktəbin foyesində büstü qoyulub, doğulduğu evə isə xatirə lövhəsi vurulub.

Avtomobil qəzasının müəmmalı olması barədə də mətbuatda bir sıra məlumatlar yazılmışdı…

Allah ruhunu şad eləsin!

Share