Tarix Muzeyində görkəmli şərqşünas alim Aida İmanquliyevaya aid materiallar qorunur

Tarix Muzeyində görkəmli şərqşünas alim Aida İmanquliyevaya aid materiallar qorunur

19.09.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda görkəmli şərqşünas alim, istedadlı pedaqoq, professor Aida İmanquliyevanın anadan olmasının 70 və 75 illiyinə həsr olunmuş mühüm elmi tədbirlərə dair materiallar və alimin şəxsi əşyaları qorunur. Bu barədə muzeydən məlumat verilib.

Fondda, həmçinin 2014-cü ildə AMEA Rəyasət Heyəti və Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu tərəfindən professor Aida İmanquliyevanın anadan olmasının 75 illiyi münasibətilə keçirilmiş “Şərq xalqları ədəbiyyatı: ənənə və müasirlik” Beynəlxalq konfransının proqramı və dəvətnaməsi də yer alır. Professor Aida İmanquliyevanın həyat və yaradıcılığına dair dəyərli materiallar muzeyin digər fondlarında da mühafizə olunur.

Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakıda ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakı şəhəri 132 nömrəli orta məktəbi qızıl medalla bitirib və Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsinə qəbul olunub. 1962-ci ildə universiteti bitirəndən sonra bu təhsil müəssisəsinin Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasının aspirantı olub, həmçinin keçmiş SSRİ EA Asiya Xalqları İnstitutunun aspiranturasında təhsil alıb. 1966-cı ildə namizədlik dissertasiyasını müdafiə edən Aida İmanquliyeva Azərbaycan EA Şərqşünaslıq İnstitutunda əmək fəaliyyətinə başlayıb. O, istedadı, yüksək bilik və bacarığı sayəsində kiçik elmi işçidən baş elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini və Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinədək yüksəlib.

1989-cu ildə A.İmanquliyeva Tbilisi şəhərində doktorluq dissertasiyası müdafiə edib.

Üç monoqrafiya (“Mixail Nüaymə və “Qələmlər birliyi”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatı korifeyləri”) və 70-dən çox elmi məqalənin müəllifi Aida İmanquliyeva Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olub.

Professor A.İmanquliyeva uzun illər səmərəli pedaqoji fəaliyyət göstərib, Azərbaycan Dövlət Universitetində ərəb filologiyası fənnindən mühazirələr oxuyub. Onun alim kimi maraq dairəsi geniş və çoxşaxəli idi. Alimin elmi araşdırmalarının əsas tədqiqat obyekti ərəb məhcər ədəbiyyatı olub. Professor Aida İmanquliyeva ərəb məhcər ədəbiyyatının beynəlxalq miqyasda ən görkəmli tədqiqatçısı idi.

Share