Ölkədə yol hərəkətinin təhlükəsizliyi ilə bağlı DÖVLƏT PROQRAMI (2019-2023-illər üçün) necə həyata keçirilir- TƏHQİQAT

Ölkədə yol hərəkətinin təhlükəsizliyi ilə bağlı DÖVLƏT PROQRAMI (2019-2023-illər üçün) necə həyata keçirilir- TƏHQİQAT

01.11.2022 Off By Füzuli İsmayılov

Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi ölkənin avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun bərpasına və yenidən qurulmasına, yeni avtomobil yollarının salınması, nəqliyyat qovşaqlarının və körpülərin tikintisi, yol hərəkətini tənzimləyən qanunvericiliyin müddəalarının müasir dünya standartlarına uyğunlaşdırılması, bu sahədə sui-istifadə hallarına qarşı ciddi tədbirlər görülməsi, yol patrul xidməti əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və bununla da ölkədə yol hərəkətinin fasiləsiz və təhlükəsiz təmin edilməsində mühüm əhəmiyyət kəsb edir. 

Görülən tədbirlərə baxmayaraq son zamanlar sürücülərin təhlükəsizlik tələblərini pozmaqla, o cümlədən sərxoş halda, sürət həddini aşmaqla nəqliyyat vasitələrini idarə etməsi ilə əlaqədar ağır nəticələrə səbəb olan yol-nəqliyyat hadisələrinin sayı artmaqda davam edir. 

Yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərinin aradan qaldırılması, bu hadisələrlə bağlı aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı yol verilən korrupsiya və digər sui-istifadə hallarının qarşısının alınması və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması məqsədi ilə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamından irəli gələn öhdəliklərin icrası ilə bağlı müvafiq orqanlar, Nazirlər Kabineti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Daxili İşlər Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Fövqəladə Hallar Nazirliyi,  Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Azərişıq” ASC, “Azərsu” ASC, “Azəriqaz” İB İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi hansı sənədlər qəbul etmiş, bu sahədə ümumən nə kimi tədbirlər planı həyata keçirmişlər. Ümumiyyətlə, Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi ölkə prezidentinin müvafiq Sərəncamlarının icrasına necə yanaşıb? 

Ötən gün ağır yol-nəqliyyat hadisələri zamanı 2 nəfər ölüb

İnsanların yol hərəkəti iştirakında təhlükəsizliyinin təmin olunması, insan itkisinin mümkün qarşısının alınması problemlərinin həlli, BMT-nin və dünya dövlətlərinin daimi müzakirə mövzusudur.  

Ümumdünya səhiyyə təşkilatının “Yol-nəqliyyat travmatizminin qarşısının alınması haqqında” məruzəsinə əsasən, hər il dünyada 1.2 milyon insan yol-nəqliyyat hadisələrinin qurbanlarına çevrilir, çox sayda insanlar xəsarət alır və dünya ölkələrinə vurulan iqtisadi ziyan onu müasir dünyanın təhlükələrindən birinə aid edir.  

Azərbaycanda da hər il “Yol-nəqliyyat hadisələrin”də yuzlərlə insan həyatını itirir, minlərlə insanlar xəsarət alır. Daha da dəqiqləşdirsək, hadisələr zamanı statistik məlumatlara əsasən 1000 nəfər ölən və 2800 yaralanan olur. Yəni həmin saydan da qat-qat artıq ailələr FACİƏLƏRLƏ üzləşirlər.  

Bəs bu vəziyyəti yaradan səbəblər nədir? Bunların aradan qaldırılması üçün nə kimi tədbirlər həyata keçirmək lazımdır? 

Bununla bağlı bir sıra arşdırmalarımız olmuş, bir sıra peşəkar mütəxəssislərin fikrini öyrənmiş, baxmayaraq ki, bu sahədə Azərbaycanda mütəxəssislər çox azdır və olanlar da bu sahə iləməşğul olmurlar. Bəs ölkə rəhbərinin qarşıya qoyduğu tapşırıqların icrası necə həyata keçiriləcək? 

Belə vəziyyətin yaranma səbəblərini özündə təcəssüm etdirən amillərin sadanlanması günün ən aktual məsələlərindən biridir. Səbəblər isə aşağıda sadalanan tərzdə həllini tapa bilər. Bu bizim subyektiv fikrimiz, beynəlxalq standartlara cavab verən təkliflərimizdir. Bunları nəzərə almaq, araşdırmaq isə peşəkarların, əlaqədar orqanların vəzifəsidir. Bunlar:   

-sürücülərin sürət həddini aşmağa meyilliliyi, təhlükəsizlik kəmərlərinə etinasızlığı, tibb məntəqələrinin yollarda baş verən qəzalardan uzaqlığı, asfalt yol örtüyünün təhlükəsizlik standartlarına uyğunsuzluğudur.  

Avtomobillərin sayının durmadan artması, yol hərəkəti intensivliyinin çoxalması “avtomobilləşmənin” neqativ təsirlərinə də səbəb olur:  

– ətraf mühütin çirklənməsi,  

– hərəkət edən avtomobillərin səsinin insanların sağlamlığına zərərli təsiri,  

-avtomobillərin sürətli hərəkətindən, bina və qurğuların vibrasiya  

olunması (titrəməsi) onların intensiv dağılması ilə nəticələnir. Avtomobillərin artması ilə yanaşı mexaniki və elektormaqnit maneələr artır, insanların fiziki aktivliyi də azalır.  

Hərəkət iştirakçıları təhlükəsizliyini təmin olunması məqsədilə, müfəssəl  

əsaslandırılmaqla, sistemləşdirilmiş qaydada, ardıcıl formalı təkliflər blokunun hazırlanması zərurətdən yaranan tələbdir.  

1. Cəmiyyətə daha çox “Yol-nəqliyyat hadisələrinin” (YNH) verdiyi itkilər mənfi təsir göstərir.  

Ölkədə hər il, təxminən 50 min nəfər ilk dəfə sürücülük vəsiqəsi alır. Prosesin belə kütləviliyindən və aidiyyatlı qurumların nəzarətsizliyindən sürücü “sürücülüyü” yol hərəkəti prosesində öyrənməyə başlayır, bu da yol hərəkəti təhlükəsizliyinin təmin olunması məsələsini mürəkkəbləşdirir. 

 

Bir gündə baş verən yol-nəqliyyat hadisələri

Yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, təcrübəsiz sürücülər arasında törədilən qəza hallarının səbəblərindən biri peşə təhsili hazırlığı səviyyəsinin kifayətsizliyi və natamamlığıdır.  

Sürücü hazırlığı sisteminin normativ sənədlərində (xüsusilə Nazirlər Kabinetinin 41 saylı Qərarına sonradan əsassız əlavə edilən “müstəqil sözündən”) hüquqi fikir kifayətsizliyi, hüquqi fikir çatışmazlığı və hüquqi fikir boşluğu yaranmışdır. Bu isə sürücü təhsil sisteminə mənfi təsirini göstərməklə, dünya təcrübəsini inkar etmişdir. Bu sahənin digər sənədlərində də hüquqi fikir qismən tamamlanmadığından, hüquqi baza bütövlükdə şərhə ehtiyaclıdır və yeni redaksiyada normativ-hüquqi tənzimləmənin verilməsini zərurətləndirir.  

Sürücü peşə təhsilinin hüquqi-normativ bazası, 26.12.2012-ci il tarixli “Yol- nəqliyyat hadisələri ilə Əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarə etmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının imzaladığı Sərəncamın 1.1. bəndinin tələbləri ilə də uyğunlaşdırılmalıdır. Qeyd edilən problemlər aradan qaldırılarsa, hüquqi məkan vahidliyinə nail olmaq olar. Bu da, əlaqədar nazirliklərin, təşkilatların və bir sıra qurumların fəaliyyətinə heç bir əsaslı problemlər yaratmadan, onların idarəçilik məsuliyyətinin artmasına səbəb olacaqdır.  

Tədqiqatlar göstərir ki, yol hərəkəti qayda pozmalarının əksəriyyəti sürcülük təcrübəsi üç ildən az olan sürücülər tərəfindən törədilir. Belə amil sürücülərin mövcud təhsil hazırlığı səviyyəsini mənfi xarakterizə etməklə bu sahənin təkmilləşdirilməsini zəruri edir.  

Sürücülər və piyadalar yol hərəkətində, əksər hallarda avtonəqliyyat işinin effektivliyini, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi səviyyəsini müəyyən edirlər. 

Sürücü hazırlığının mövcud təhsil sistemi mükəmməl və kifayət qədər effektivli deyildir. Yol hərəkətinin təhlükəsizliyi baxımından, özünün əsas funksiyasının, yəni tədris prosesinin yüksək keyfiyyətlə aparılmasının bütövlüklə öhdəsindən gələ bilmir. Bunlara da əsas aşağıdakı səbəblər daxildir:  

a) ciddi hesabat sənədi olan, təhsil şəhadətnamələri reyestrindəki məlumatlardan təyinatı üzrə vəzifə səhlənkarlığından, fəaliyyətdə istifadə edilməməsi;  

b) avtomobil sürücüləri hazırlayan kurslarda tədris olunacaq Azərbaycan dilində, müasir-21 ədəddən çox dərsliklərin yaradılmaması və ya onların başqa dillərdən tərcümələrinin təmin edilməməsi; 

c) 28 ədəd, Təhsil Nazirliyi tərəfindən təsdiqlənməli yeni standartlı tədris proqramlarının səbəbsiz olaraq hazırlanmaması; 

d) müasir avadanlıqlı fənn kabinetlərinin mövcud olmamasıdır,  

e) metodika və informasiya materiallarının yoxluğundan, onlardan tədris fəaliyyəti prosesində istifadənin mümkünsüzlüyüdür,  

f) təhsil müəssisələrinin, bütün rayon mərkəzlərində torpaq sahəsi (100×100) metr olan təlim və 5 hektarlıq ərazilərdə inşa oluna biləcək, texniki qurğulardan ibarət, bir neçə xüsusi təyinatlı əksqəza avtodromları ilə təmini məsələsinin hələlik həllini tapa bilməməsidir.  

Bakı şəhərində və bəzi rayon mərkəzlərində yerləşən, “Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin” tərkibinə verilmiş-keçmiş Nəqliyyat Nazirliyinin avtomobil kombinatlarının avtotədris kurslarının əmlak bazası və ştat vahidləri hesabına, sürücülərin “Tədris-Təlim-Metodika” sektorunun formalaşaraq yaradılması həllini gözləyən məsələdir.  

2. “Yol-nəqliyyat hadisələrinin” sayı, yol-hərəkəti iştirakçılarının “qayda- qanun” intizamına riayət etməsi, sürücü kadrları hazırlığı səviyyəsi, nəqliyyat vasitələri konstruksiyası və sazlığı vəziyyətini müəyyən edən sınaq laboratoriyasının olmamasında, küçə-yol şəbəkələrində qurulmuş texniki vasitələrin standartlara uyğunsuzluğundan, yol-asfalt örtüyünün texniki normativlərə cavab verməməsi kimi tələblərilə də bilavasitə əlaqəlidir.  

“Yol-hərəkəti qaydaları” sürücülərin beynəlxalq ünsiyyət dili hesab olunduğundan, yol hərəkətinin təşkili texniki vasitələrlə müəyyən olunur və onlar yol nişanları, avtomobil küçə-yollarının asfalt örtüyünün cizgilənməsi, svetofor tənzimləyicilərindən ibarətdirlər.  

Hüquqi bazanın tədqiqi göstərir ki, “Yol nişanları və siqnalları haqqında” 1968-ci il Vyana Konvensiyası, ona əlavə olunan “1971 -ci il Avropa sazişi” əsasında hazırlanmış sənədlər yol hərəkəti təşkilində, texniki tənzimləmə vasitələrinin tətbiqini reqlamentləşdirən standartlar hesab olunur.  

Küçə-yol şəbəkəsinin hazırlıq və istismarı mərhələsində, yol hərəkətinin texniki vasitələrlə təchiz edilməsinə dair tələblər və onların quraşdırıldığı yerlərin dəqiqliklə müəyyən olunması dislokasiya adlanan vahid sənədlə müəyyənləşdirilməlidir. Belə sənəd qismində yol nişanlarının tətbiqini, yol örtüyünün cizgilənməsini və müxtəlif növ yönəltmə qurğularının, svetoforların qurullması qaydalarını reqlamentləşdirən standartın olması zəruridir.  

Yol nişanları və svetaforlar hərəkət təhlükəsizliyinin əlifbası hesab olduğundan, onların küçə-yol şəbəkələrində qurulması, bu sahədə mövcud oları çoxsaylı standartların tələblərinə əməl olunması vəziyyəti səyyar laboratoriyalar vasitəsi ilə yerinə yetirilməlidir. Lakin, bu fəaliyyətə də ardıcıllıqla əməl olunmur, buna səbəb müasir laboratoriyaların təşkil olunmamasıdır.  

3. Yolun istismarı prosesində hərəkət təhlükəsizliyinə əhəmiyyətli dərəcədə təsir edən, avtomobil təkərlərinin yol örtüyü ilə ilişmə əmsalı və yol örtüyünün hamarlılıqı göstəricisi, bəzi hallarda çox təhlükəli həddə enə bilər. Yol örtüyü ilə təkərlərin təmasda olmasından yaranan ilişmə əmsalı hava şəraitindən və yol örtüyü materiallarının keyfiyyətindən də asılıdır.  

Hamar olmayan, kələ-kötür yollarla hərəkətdə avtomobillərdə titrəyişlər əmələ gəlir. Belə vəziyyət sürücülərin tez yorulmasına, əyləc yolunun artmasına və avtomobilin idarəsinin pisləşməsinə səbəb olur. Yollarda hərəkət zamanı təkərlərin yol örtüyü ilə təmasından yaranan dinamik təsirlər, yol örtüyünün intensiv deformasiyasına və dağılmasına gətirib çıxarır. Hamarlıq və təkərlərin yol örtüyü ilə ilişmə əmsalı kimi texniki göstəriciləri vaxtaşırı ölçülmədiyindən, onlardan istehsal fəaliyyətinin keyfiyyətlənməsi prosesssində səbəbsiz istifadə edilmir. 

4. Yol hərəkətinin təhlükəsizliyinin təmin olunmasında iki hissədən ibarət olan dövlət sistemi fəaliyyət göstərir:  

“birincisi, yol hərəkətinin təhlükəsizliyinin təmin olunmasını tənzimləyən hüquqi-normativ bazadır və ikincisi, normativ sənədlərdə qoyulan tələblərin koordinasiyalı icrası üçün dövlət tərəfindən yaradılan xüsusi qurumdur. Yol hərəkəti təşkili işinin koordinasiya edilməsinə və həllini vacib edən təkliflərin hazırlanmasına dair dövlət tərəfindən “Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması üzrə Hökümət komissiyası” yaradılmışdır və hazırda fəaliyyətdədir. 

  Yol hərəkətinin təşkili üzrə göstərilən fəaliyyət müxtəlif nazirliklər və təşkilatlar arasında qismən dəqiqləşdirilmədən, təkrarlanan formada paylaşdırılmışdır ki, bunun da nəticəsi görülən işlərin kifayətsiz, aşağı keyfiyyətdə olmasıdır. .  

Yol hərəkəti təşkilinin texniki vasitələrlə təminatının ardıcıllıqla  aparılmadığından, avtomatlaşdırılmış idarəetmə sistemlərinin olmadığından, mürəkkəbləşmiş yol problemləri bütövlükdə həll edilmir. Bu sahə üzrə fəaliyyət göstərən bəzi dövlət qurumlarının digərləri ilə funksiyalarının yenidən təkrara yol vermədən dəqiqləşdirilməklə, qismən paylaşdırılması mütləqdir. Xüsusilə keçmiş “Nəqliyyat Nazirliyinin” itirilmiş bəzi funksiyalarının yeni məzmunda, başqa yeni qurumda bərpası problemsiz mümkündür və daha məqsədəuyğundur. 

(Davamı var)

Hazırladı: Füzuli Əfqanoğlu,

“HAKİMİYYƏT” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” mükafatının laureatı

Share