Şeirə sahiblik edən şair-MAİS TƏMKİN

Şeirə sahiblik edən şair-MAİS TƏMKİN

12.01.2023 Off By Füzuli İsmayılov

Mais Əsədullayevin-şair Mais Təmkinin maraqlı həyat bioqrafiyası var. Əsədullayev Mais Əsəd oğlu (Mais Təmkin) 15 oktyabr 1968-ci ildə Lerik rayonun Livədirqə kəndində fəhlə ailəsində anadan olub. Hələ orta məktəbdə oxuduğu zaman şeirə, ədəbiyyata böyük maraq və həvəs göstərib.

1986-1988-ci illərdə Ukrayna Respublikasında hərbi xidmətdə olmuşdur. 1993-cü ildən dövri mətbuatda poeziya nümunələri və publisistik məqalələrlə çıxışları olub. “Bu gecə ulduzlar yaman seyrəlib” ilk şeirlər kitabı 2003-cü ildə işıq üzü görüb. “İlhamın gücü” poeması 2005-ci ildə “Avropa” nəşriyyatında çap olub. “Hikməti sozundə axtar” üçüncü kitabı 2009-cu ildə “Nurlan” nəşriyyatında çap olunub. Şeirləri “Lerik ünvanlı duyğular”, “Zərif beytlərimiz”, “Lerikin söz ətri”, ,,Zərrələr” almanaxlarında, o cümlədən, Türkiyədə işıq üzü görmüş, Dünya Türk ədəbiyyatı Antologiyası, Avrasiya şairlər Antologiyası, ,,Atəş-2016″, “Türk seçkin Ozan və Şairləri”, “Turana açılan könüllər” Sivas Yazarlar birliyinin “Şairlər seçkisi 11”, “Aprel döyüşlərinə həsr olunmuş “Aprel döyüşləri”, “Qarabağnamə 1-2- 3-ci cild”, “Anasız, atasız dünya”, “Sevmişəm sevəcəyəm” antologiyalarında və bir sıra nüfuzlu Nyus.az, Analoq.az, Gündəlik informasiya agentliyi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat, Zirvə İnformasiya Agentliyi kimi internet portallarında çap olunmuşdur.

“İlhamlı günlərin nəğməsi” kitabı 2014-cü ildə “Nərgiz” nəşriyyatında işıq üzü görmüşdür. 2014-cü ilin yanvarında Azərbaycan Yazıçılar Birliyinin sözçüsü şair Xəyal Rza tərəfindən həyata keçirilən “Bir bənd şeir” müsabiqəsinə qatılaraq müsabiqənin qalibi adını qazandığına görə AYB-nin fəxri diplomuna və mükafatına layiq görülmüşdür. 31 Mart soyqırımına həsr olunmuş ,,Əbədi xatirəyə ədəbi baxış” müsabiqəsinin qalibi olmuş və həmin müsabiqənin ,,Əsrin Ziyalıları” fəxri diplomuna layiq görülmüşdür. 2019-cu ildə ATV kanalının keçirdiyi sorğuya görə ,,İlin şairi” elan olunmuş və xüsusi fəxri diplomla təltif olunmuşdur. Eyni zamanda böyük hürufi şair Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ,,Cahana sığmazam” almanaxında çap olunmuş şeirlərə görə ,,Nəsimi Poeziya Diplomu”na sahib olmuşdur! 2017-ci il yanvar ayında Omedia.az saytının ,,Bir bənd şeir ” müsabiqəsi layihəsində uğurlu nəticə göstərərək, müsabiqədə l-ci yerin qalibi adını qazanmışdır. ,,Qızıl qələm” və ,,İlhamlı günlərin nəğməsi” kitabına görə ,,Azərbaycan Bayrağı” media mükafatının laureatıdır. Sayca beşinci olan ,,Dağlardan boylanan ömür” kitabı 2017-ci ildə ,,Elm və təhsil” nəşriyyatında işıq üzü görmüşdür. 2020-ci ilin yanvar ayında Qafqaz Media Birliyi tərəfindən ,,İlhamlı Azərbaycan” döş nişanına, 15 İyun Milli Qurtuluş günü münasibəti ilə ,,Heydər Zirvəsi” medalına , həmçinin, QMİB-nin təsis etdiyi ,,Xarı bülbül” medalına layıq görülmüşdür. 2016-cı ilin oktyabrından Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2021-ci ilin may ayından Prezident Mükafatına layiq görülmüşdür.

Share