Azərbaycanda enerji layihələri müvəffəqiyyətlə həyata keçirilir
13.01.2023Enerji balansı müəyyən dövr ərzində ölkənin ərazisinə daxil olan, çıxan və istifadə olunan bütün enerji məhsulları üzrə məlumatların toplanması və əlaqələndirilməsi üçün uçot göstəriciləri sistemini əhatə edir.
2021-ci ildə ölkədə ümumi istehsal həcmi 75,5 milyon neft ekvivalenti tonu olan enerji məhsullarının 87,7 faizini ilkin enerji məhsulları, 8,7 faizini neft məhsulları, 3,6 faizini istilik və elektrik enerjisi təşkil etmişdir. Bütün ilkin enerji məhsullarının 53,8 faizini xam neft (qaz kondensatı da daxil olmaqla), 45,9 faizini təbii qaz, 0,3 faizini isə bərpa olunan enerji mənbələri üzrə istehsal olunmuş enerji məhsulları təşkil etmişdir. Azərbaycan xam neft, təbii qaz və neft məhsulları ixrac edən ölkədir. 2021-ci ildə ölkədə ixracın həcmi 48,6 milyon neft ekvivalenti tonu təşkil etmiş, bunun 59,5 faizi xam neftin, 36,7 faizi təbii qazın, 3,5 faizi neft məhsullarının, 0,3 faizi isə elektrik enerjisinin payına düşmüşdür. 2020-ci illə müqayisədə ümumi enerji təchizatı 5,8 faiz artmış və 17,6 milyon neft ekvivalenti tonu təşkil etmişdir. Ümumi enerji təchizatının 20,7 faizini transformasiya sektorunun prosesləri, 5,2 faizini itkilər, 5,3 faizini energetika sektorunun daxili istehlakı, 68,8 faizini son istehlak və s. təşkil etmişdir. Enerji məqsədli son istehlakın 44,6 faizi ev təsərrüfatlarının, 15,6 faizi sənaye və tikintinin, 25,8 faizi nəqliyyatın, 14,0 faizi isə iqtisadiyyatın digər sahələrinin payına düşmüşdür.
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) tərəfindən 2022-ci il üzrə yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş, gücü artırılan və enerjitəchizat sxemini dəyişən 186 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı təqdim edilib. 528 razılaşdırılan layihəyə əsasən tikintisi başa çatdırılan sənaye qaz qurğularının istismarına icazə verilib.
“Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 80 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 140 inzibati xəta haqqında işə baxılıb və müvafiq qərarlar çıxarılıb.
Elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində aparılmış islahatlar barəsində sahibkarlıq subyektləri arasında 2022-ci ilin üçüncü rübündə keçirilən sorğunun nəticələri nəzərdən keçirilib, üçüncü rübün nəticələri ilə müqayisə aparılıb və bu sahədə təkmilləşdirmələrin edilməsi üçün atılacaq addımlar müəyyənləşdirilib.
Kiçik Və Orta Biznes Subyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması proseduruna dair “Cultivating New Frontiers in Agriculture” şirkətinin müraciəti və təklifləri nəzərdən keçirilib.
Eyni zamanda Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Kommunal xidmətlərə (elektrik təchizatı şəbəkəsinə) qoşulma” indikatoru ilə bağlı 2022-2023-cü illər üzrə Yol Xəritəsində nəzərdə tutulan layihələr uğurla həyata keçirilir.
Ağaverdi Həsənov,
Energetik, fizika-riyaziyyat elmləri namizədi











