İş adamlarına ölkədə münbit inkişaf şəraiti var

İş adamlarına ölkədə münbit inkişaf şəraiti var

13.01.2023 Off By Füzuli İsmayılov

Ölkəmizdə yerli sahibkarlığın inkişafına əvəzsiz şərait yaradılmışdır. Azərbaycan ən qiymətli sərvətlərdən olan neft ölkəsidir. Hələ XIX əsrdə Azərbaycanda neft hasilatı üzrə dünyada böyük nüfuza malik sahibkarlar, milyonçular yetişmişdir. Həmin milyonçuların ölkəmizin iqtisadi inkişafında, xüsusilə neft hasilatı və emalı sənayesinin inkişafında əhəmiyətli rolu olmuşdur.

Dövrünün böyük nüfuz sahibləri olan bu insanlar ölkədə binalar, məktəblər, teatrlar, xəstəxanalar tikdirmiş, əhalinin böyük hissəsini işlə təmin etmişlər. Bu baxımdan Hacı Zeynalabdin Tağıyevin, Musa Nağıyevin, Murtuza Muxtarovun, Şəmsi Əsədullayevin, Seyid Mirbabayevin, Səlimovun, Mirzəyevin, Mantaşovun və onlarla başqalarının adları sahibkarlıqla məşğul olanlara əsl nümunə və həyat məktəbi olmalıdır. XX əsrin əvvəllərində xarici kapitalın ölkəyə axını sahibkarlıq fəaliyyətinin daha da inkişafına səbəb oldu

Xarici iş adamlarının Azərbaycana marağı getdikcə artır, xarici sərmayənin ölkəyə axını davam edir. Bakı Azərbaycanın iri sənaye və ticarət mərkəzinə çevrilib. Şəhər və ətraf kəndlərin 400 mindən çox əhalisinə 5000-dən artıq ticarət müəssisəsi xidmət göstərir. Bakı təkcə Azərbaycan şəhərləri ilə deyil, Cənubi Qafqazın, Rusiyanın və digər xarici ölkələrin ticarət mərkəzləri ilə geniş idxal-ixrac əlaqələrinə malikdir.

Sənayenin sürətli inkişafı Azərbaycanda bank fəaliyyətinin də inkişafınageniş şərait yaratdı. Bütün bunlar idxal-ixrac əməliyyatlarında, kreditləşmədə mühüm rol oynayır.

Azərbaycanda aqrar sahənin inkişafı da sürətlənməkdədir, iri fermer təsərrüfatları yaranıb və davam edir.

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2016-cı il tarixli 1047 nömrəli Fərmanına əsasən Masallı, Balakən və Quba rayonlarında “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzləri yaradılmışdır. “ABAD”ın sözügedən regional mərkəzləri tərəfindən qeyd olunan bölgələrdə yaşayan ailə bizneslərinə monoblok-konteynerlər şəklində zəruri istehsal avadanlıqları təqdim olunub. “ABAD”çı ailələrin istehsal etdiyi məhsulların “bir pəncərə” prinsipi əsasında sertifikatlaşdırılması və satışı “ABAD” tərəfindən təşkil olunur.

İstehsal və ixracla məşğul olan sahibkarların fəaliyyətini əlaqələndirmək, onlar arasında əməkdaşlığı genişləndirmək, idxaldan asılılığın azalması, bu sahədə istehsalın artırılması, ölkənin ixrac imkanlarının genişləndirilməsi məqsədilə sahibkarların təşəbbüsü və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə 2017-ci ilin 24 yanvar tarixində “Tikinti Materialları İstehsalçıları Assosiasiyası”, 17 mart tarixində “Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası”, 7 iyul tarixində “Mebel İstehsalçıları Assosiasiyası”, 11 iyul tarixində “Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyası”, 16 avqust tarixində “Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası”, 6 oktyabr tarixində “Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyası”, 26 oktyabr tarixində “Qadın Sahibkarları Assosiasiyası”, 3 noyabr tarixində “Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası” və 2018-ci ildə isə Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılmışdır. Bununla yanaşı yaradılmış Azərbaycan Arıçılar Assosiasiyası, Meyvə-Tərəvəz, Şərab, Nar, Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyaları da fəaliyyət göstərir.

Bütünlüklə demək olar ki, ölkədə sahibkarlığın inkişafına dövlət dəstəyi yüksək səviyyədə ölkə rəhbərininin xüsusi nəzarətiylə uğurla həyata keçirilir.

İnsaf Ağayev,

Sahibkar, iş adamı

Share