20 Yanvar Azərbaycanın müstəqillik səlnaməsi oldu

20 Yanvar Azərbaycanın müstəqillik səlnaməsi oldu

19.01.2023 Off By Füzuli İsmayılov

Qara Yanvar başlayanda kütləvi zorakılığın həyəcan doğuran əlamətləri artıq sezilirdi, hüquq-mühafizə orqanları erməniləri qəzəblənmiş xalq kütləsindən müdafiə edə bilmirdi, Xalq Cəbhəsindəki radikalların anlaşılmaz hərəkətləri, hakimiyyəti əlindən verən və yenidən özünə qaytarmağa can atan yerli partiya rəhbərliyi, Azərbaycanın Sovet İttifaqı tərkibindən çıxmasına imkan verməmək üçün hər bir addıma hazır olan Moskva tərəfindən atılan addımlar artıq qırğınların kütləviləşəcəyindən xəbər verirdi. Qarabağdan gələn xəbərlər vəziyyəti daha da gərginləşdirirdi.

Yanvarın 6–7-də Xalq Cəbhəsi parçalandı. Mötədil baxışlarına sadiq qalan ziyalılardan ibarət kiçik qrup təşkilatın tərkibindən çıxdı və Leyla Yunus və Zərdüşt Əlizadənin rəhbərliyi altında Azərbaycan Sosial Demokrat Partiyasını yaratdı.

Yanvarın 9-da Ermənistan parlamenti Dağlıq Qarabağı öz büdcəsinə daxil etmək qərarına səs verdi və əlbəttə ki, bu addım azərbaycanlıları daha da qəzəbləndirdi. Qarabağın şimalında – o vaxtkı Xanlar və Şaumyan rayonlarında ermənilərlə azərbaycanlılar arasında toqquşmalar baş verdi, insanlar girov götürüldü, daxili qoşunların dörd əsgəri öldürüldü.

Xalq kütləvi nümayişlərə başladı, lakin idarəetmə müxtəlif qruplaşmaların əlinə keçmişdi, vahid cəbhə yox idi. Vəziyyəti belə görən Moskvadan Bakıya daha bir neçə min nəfərlik daxili qoşun kontingenti göndərildi. Yanvarın 11-də Xalq Cəbhəsinin bir qrup radikalı Lənkəran şəhərində bir neçə inzibati binanı zəbt etdi və hakimiyyəti ələ keçirdi. İki gün sonra vəziyyəti aydınlaşdırmaq üçün hadisə yerinə göndərilmiş “Bakinski raboçi” qəzetinin müxbiri şəhərdə sovet hakimiyyətinin devrilməsinin şahidi oldu:

“Mən əvvəlcə şəhər partiya komitəsinin birinci katibi Y.Rzayevlə görüş təyin etdim və sonra raykomun binasına getdim. Lakin qapıda silahlı adamlar durmuşdu. Məni içəri buraxmadılar və onlardan biri mənə yaxınlaşıb dedi: “Raykom artıq yoxdur. Burda heç kim işləmir. İçəri girməyə icazə verilmir”

Yanvarın 12-də Viktor Polyaniçko yeni təzadlı plan irəli sürdü. Onun Xalq Cəbhəsi ilə apardığı danışıqlarının nəticəsində respublika sərhədlərini erməni təcavüzündən qorumaq üçün Azərbaycanda “Milli Müdafiə Şurası”nın yaradılacağı bəyan olundu. Komitənin beş liderindən dördü Xalq Cəbhəsinin radikal qanadını təmsil edirdilər və əsl mənada Azərbaycanda kommunist partiyası rəhbərliyinin qəddar düşmənləri idilər. Onlardan ikisi – Nemət Pənahov və Rəhim Qazıyev yerli televiziyada çıxış etdilər. Pənahov bəyan etdi ki, Bakı evsiz qaçqınlarla doludur, lakin minlərlə erməni hələ də rahatlıq içində yaşayır, bununla da o, əhalini ermənilərə qarşı yönəlmiş zorakılığa təhrik etdi. Bütün bunlar baş verən Qanlı Yanvarın özəyini təşkil etdi. Ancaq 20 Yanvar hər necə oldusa, sovet rejimini, imperiya səltənətini darmadağın etdi. Bununla da Azərbaycanın müstəqillik arzuları öz yekun nöqtəsini vurdu. 20 Yanvar Azərbaycanın müstəqillik səlnaməsi oldu.

Süleyman Rəhmanov,

Daxili İşlər Nazirliyinin təqaüddə olan zabiti,

Yol Hərəkətinin Təhlükəsizliyi Müstəqil Ekspert qrupunun rəhbəri

Share