20 YANVAR-TARİXİMİZİN QƏHRƏMANLIQ SƏHİFƏLƏRİNDƏN BİRİ
19.01.202320 Yanvar hadisəsi milli məfkurənin inkişafına təkan vermiş hadisədir. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Gənclərimiz tarixi həqiqətləri bilməlidir. Tariximizin, özü də yaxın tariximizin öyrənilməsi vacibdir.
1990-cı ilin 20 Yanvar faciəsi qan yaddaşımıza əbədi həkk olunmuşdur. Tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifədir 20 Yanvar hadisələri. Bu tarix Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır.
20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş cinayətdir. Bakıda gecəyarı fövqəladə vəziyyət tətbiq edilmiş, əhali xəbərdar edilməmişdi. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular artıq 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Statistik məlumatlara görə Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.
20 Yanvar faciəsi dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Faciədən sonra Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi, ölkənin müstəqilliyi ideyası ümummilli amala çevrildi, dünya azərbaycanlıları yeni siyasi tariximizdə ilk dəfə olaraq milli faciəmizin tanıdılması və nəticələrinin aradan qaldırılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar.
20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə fenomenal rolu oldu. 20 Yanvar faciəsinin yaratdığı ictimai-siyasi reallıq süqutu yaxınlaşan SSRİ-də və soyuq müharibənin bitməsi ərəfəsində beynəlxalq arenada formalaşan geosiyasi situasiya fonunda əvvəlcə Azərbaycan SSR-də, sonra müstəqil Azərbaycanda zəncirvarı tarixi proseslərə təkan verdi.
20 Yanvar hadisələrindən siyasi dərslər çıxarılmalıdır. Bu hadisələr Azərbaycan xalqını dəhşət və müsibətə düçar etmiş, bütün dünyada əks-səda doğurmuşdur.

Tural Kamranzadə,
Daxili İşlər nazirliyinin Bakı şəhər BDYP-nin Nizami rayonu YNH inspektoru, polis kapitanı











