Fransız jurnalist Jan-Mişel Brən Xocalı soyqırımının 31-ci ildönümündən yazıb

Fransız jurnalist Jan-Mişel Brən Xocalı soyqırımının 31-ci ildönümündən yazıb

27.02.2023 Off By Füzuli İsmayılov

Trend İnformasiya Agentliyinin Fransada təsis etdiyi “Lagazetteaz.fr” qəzetinin baş icraçı direktoru Jan-Mişel Brən qəzetdə Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı məqalə dərc edib.

Məqalədə bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhəri birinci Ermənistan-Azərbaycan Qarabağ müharibəsinin ən dəhşətli qətliamının hədəfi olub. Xocalı faciəsi nəticəsində yüzlərlə günahsız azərbaycanlının həyatına son qoyulub.

“Cümə günü, fevralın 24-də Azərbaycan Respublikasının Parisdəki Səfirliyinin mədəniyyət mərkəzində bir çox rəsmi şəxslərin iştirakı ilə ‘tarixdə yaddaşlarda qalan bir qırğın’ kimi hesab edilən və törədildiyi dövrdə mediya tərəfindən ‘Oradour-sur Glane’ qətliamı ilə müqayisə edilən Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr edilmiş konsert proqramı təşkil olundu.

Bu hadisədən artıq 31 il ötür. Münaqişədən əvvəl 7000 əhalisi olan Xocalı Qarabağın ikinci böyük şəhəri hesab olunurdu. Bölgədə yeganə hava limanı var idi ki, bu da onu strateji əraziyə çevirdi. 1992-ci ilin fevralında vəziyyət xüsusilə gərgin idi. Qarabağı işğal etməkdə olan erməni qoşunları tərəfindən mühasirəyə alınmış şəhər hələ 1991-ci ilin oktyabrından mühasirə vəziyyətində saxlanılırdı. 1992-ci ilin yanvarından telekommunikasiya, işıq və su xətləri kəsilmişdi. Əhali ərzaq çatışmazlığından əziyyət çəkirdi. Xocalını ölkənin qalan hissəsi ilə birləşdirən yollar düşmən qüvvələri tərəfindən blokada vəziyyətinə salınmışdı. Helikopterlər şəhərə gəlmək üçün yeganə nəqliyyat vasitəsi olsa da, onlar mütəmadi olaraq ermənilərin atəşinə məruz qalırdı. Çox ağır vəziyyətlə üzləşən Xocalı əhalisinin yeganə yolu dağlardan keçərək, ayaqyalın şəhərdən piyada qaçmaq idi və bu çox təhlükəli marşrut hesab olunurdu”, – deyə fransız jurnalist qeyd edib.

“Şəhərə hücum fevralın 25-də oldu və ermənilər sakinlərə bəyan etdilər ki, şəhəri təslim edəcəkləri təqdirdə, bu sakinlər şəhəri təhlükəsiz şəkildə tərk edə biləcəklər. Həmin faciəli gecəyə qədər şəhərdə qalan sakinlər – təxminən 2500-3000 nəfər qonşu yaşayış məntəqələrindən birinə sığınmaq ümidi ilə evlərini tərk etməyə məcbur oldular. Ancaq tezliklə bunun vəhşi bir yalan olduğunu anladılar. Fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin əsasən erməni əsgərlərindən ibarət 366 saylı motoatıcı alayının köməyi ilə Xocalı şəhəri ələ keçirildi. Hücumçular dinc əhaliyə divan tutaraq Xocalını yerlə-yeksan etdilər.

Bu qırğın zamanı 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla, 613 günahsız insan həyatını itirdi, buna bir neçə yüz yaralı da əlavə edilməlidir. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə onlardan birini itirib. 56 nəfər xüsusilə vəhşi şəraitdəqətlə yetirilib: bəzilərinin baş dərisi soyulmuş və başı kəsilmiş, diri-diri yandırılmış, gözləri oyulmuşdur. Bəzi cəsədlər hətta hissələrə bölünmüşdü. Hətta qarnından süngülənmiş hamilə qadınların cəsədləri də tapılıb”, – deyə məqalədə vurğulanıb.

“Bu amansız faciə nəticəsində 1275 nəfər girov götürülüb. 150 nəfərin taleyi hələ də məlum deyil. Atışmalardan xilas olan yaralı sakinlər dağları piyada keçmək məcburiyyətində qalıb və onların çoxu donaraq ölüb.

Bu münasibətlə səfirliyin mədəniyyət mırkəzində təşkil olunmuş konsert proqramının açılışında Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva xatırlatdı:

Biz günahsız qurbanların unudulmasına imkan verə bilmərik! Xocalı bütün azərbaycanlıların beynində iz buraxıb. Lakin Xocalı həm də bütün dünyada eşidilməli olan bir səsdir. Məhz buna görə də 2008-ci ildə mayın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən ‘Xocalıya ədalət’ beynəlxalq kampaniyasına start verildi.

Bu kampaniya sayəsində Xocalı qətliamı 17 ölkənin parlamentləri, Amerikanın 24 ştatı və 2 beynəlxalq təşkilat tərəfindən rəsmən tanınır.

Ümid etməyə cəsarət edirəm ki, bir gün Fransa hakimiyyəti də dinc əhalinin bu qətliamına münasibət bildirəcək.

Xatırlamaq bizim borcumuzdur. Keçmişi daim izah etməli və xatırlamalıyıq, çünki onu unudanlar onu yenidən yaşamağa məhkumdurlar.

Ədalət bərqərar olmadan və beynəlxalq ictimaiyyət bu reallığı tanımadan bağışlanmaq mümkün deyil.

Biz intiqam yox, ədalət tələb edirik!”.

Bu münasibətlə səfirliyin mədəniyyət mırkəzində təşkil olunmuş konsertin proqramının açılışında 1992-1996-cı illərdə Fransanın Azərbaycanda ilk səfiri olmuş Jan Perrenin də iştirakı ilə bir neçə rəsmi şəxslər Xocalı faciəsindən danışdı. Səfirdən sonra Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Elman Abdullayev və Milli Məclisin deputatı, Fransa-Azərbaycan parlamentlərarası qrupun rəhbəri Soltan Məmmədov Xocalının Azərbaycan xalqının yaddaşında nəyi təmsil etdiyini bir daha xatırladdılar və çağırış edərək, Fransanı həqiqətən nə baş verdiyi və hazırda dünyanın bu bölgəsində baş verənlər barəsində ölçü götürməyə səslədilər“, – deyə jurnalist Brən yenun olaraq bildirib.

Share