Gələcəyimizi təhlükəyə atmayaq: bir damcı qoruyaq!

Gələcəyimizi təhlükəyə atmayaq: bir damcı qoruyaq!

03.03.2023 Off By Füzuli İsmayılov

Dişimizi fırçalayarkən açıq qoyduğumuz kran, tonlarla suyun axıb getdiyi nasaz borular, sulamaq məqsədilə ağacların, kolların dibinə atılmış su şlanqları və bütün bunları laqeydliklə seyr edən biz. Diqqətsizliyimiz səbəbindən hər gün istifadə etdiyimizdən daha çox miqdarda suyun əslində boşuna axıb getdiyi barədə heç düşünmürük də. Cəmiyyətin diqqətini elə bu diqqətsizliyə yönəltmək məqsədilə artıq bir neçə aydır davam edən “Bir Damcı” kampaniyasının növbəti mərhələsi bizi daha ciddi nəticələr ilə üz-üzə qoyur.

Kampaniyanın “Bir damcı qoruyaq” çağırışı altında həyata keçirilən mərhələsi gələcək nəsillər üçün bu gündən hər damcı suyun qorunmasının vacibliyini çatdırır. Belə ki, mütəxəssislərin proqnozlarına görə 2100-cü ildə ölkəmizin su ehtiyatları 40% azala bilər. Kifayət qədər qorxulu səslənən bu rəqəm övladlarımızın gələcəkdə daimi su ilə təminatının təhlükə altında ola biləcəyinə işarədir.

Vəziyyətdən çıxış yolu isə o qədər də çətin deyil: bu arzuolunmaz nəticəyə səbəb olmamağımız üçün sudan səmərəsiz istifadə vərdişlərindən əl çəkməyimiz, istehsalat sahələrində, sahibkarlıq müəssisələrində sudan qənaətli istifadəni təmin edən müasir avadanlıqları tətbiq etməyimiz kifayətdir. Övladlarımızın su qıtlığı ilə üz-üzə qalmaması üçün, gələcəkdə suyumuz daima #axsındeyə bu gün hər damcını qorumalı, boşuna axmasına imkan verməməliyik.

Kampaniyanın bu mərhələsində su ilə bağlı gündəlik fəaliyyətimizin gələcəkdə hansı nəticələrə yol aça biləcəyi nümunələrlə geniş auditoriyaya çatdırılır, bunun qarşısını almaq üçün çıxış yolları göstərilir. Kampaniya çərçivəsində televiziya və radio kanallarında yayımlanan reklam çarxları, paytaxtın müxtəlif küçələrində yerləşdirilən çöl reklam materialları, eyni zamanda rəqəmsal media vasitələrində paylaşılan məzmun məhz bu məqsədə xidmət edir. Kampaniya barədə ətraflı məlumatı birdamci.az veb-saytından, Facebook və Instagram səhifələrindən əldə etmək mümkündür

Qeyd edək ki, kampaniya Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərsu” ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və IDEA İctimai Birliyi tərəfindən həyata keçirilir. Layihənin kreativ və kommunikasiya strategiyası isə “Maverick” kommunikasiya agentliyinə məxsusdur.

Share