TƏMƏLİ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV TƏRƏFİNDƏN QOYULAN İQTİSADİ STRATEGİYAMIZ DİNAMİK İNKİŞAFDADIR
20.04.2023Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaratdı.
Ölkəmizin iqtisadi və demokratik inkişafı, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazandığı böyük nailiyyətlər məhz ümummilli lider tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır”.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı olmaqla yanaşı, həm də bu gün dünyanın ən sabit və sürətlə inkişaf edən güclü iqtisadiyyatının qurucusudur. Məhz Ulu Öndərin 90-cı illərin ortalarında təməlini qoyduğu güclü sosial-iqtisadi baza bu gün Azərbaycan xalqının yüksək rifahına, onun parlaq gələcəyinə xidmət edir.
Ümummilli lider Heydər Əliyev tərəfindən 1993-2003-cü illər ərzində görülmüş genişmiqyaslı işlər Azərbaycanda siçrayışlı inkişafın başlaması üçün zəruri potensial formalaşdırmışdır. Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən, bu kursun ideoloji bazası əsasında yeni inkişaf modelini həyata keçirən, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən müasir dövlət, güclü iqtisadiyyat, yüksək sosial rifah, mədəni cəmiyyətin qurulması istiqamətində 2003-cü ildə bəyan edilmiş hədəflər artıq günümüzün reallığına çevrilmişdir. Bu gün dövlət başçısı tərəfindən təsdiq olunmuş müasir inkişaf konsepsiyası keyfiyyətcə yeni prioritetlər müəyyən edir. İnnovasiya əsaslı inkişaf modelinə keçid, yüksək rəqabət qabiliyyətli və şaxələnmiş iqtisadiyyatın qurulması qarşıda duran ən mühüm prioritetdir.
Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyuldu. Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. Ümummilli liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı. Dahi siyasətçi Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını iqtisadiyyatın inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi.
İqtisadi sahədə islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə ulu öndər beynəlxalq təcrübəyə uyğun qanunvericilik bazasının yaradılmasını təmin etdi. Milli iqtisadi inkişaf konsepsiyamızı yaratdı. Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edilmiş, 100-dən çox fərman və sərəncam imzalanmış, 30-a yaxın dövlət proqramı təsdiq edilmişdir. Beynəlxalq maliyyə institutları ilə əlaqələr yaradıldı, onların rəhbərləri Bakıya dəvət olundu.
Azərbaycanın o zamankı məhdud imkanlarını nəzərə alan Heydər Əliyev iqtisadiyyatda ciddi dönüşə nail olmaq üçün respublikanın malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib hesab edirdi. Böyük siyasət korifeyinin ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün neft amilindən məharətlə istifadə etməsi, 1994-cü ilin sentyabrında böyük təzyiqlərə baxmayaraq “Əsrin müqaviləsi”nin imzalanmasına nail olması yüksək siyasi iradənin və qətiyyətin təntənəsi idi. Bu saziş həmçinin, Azərbaycanın qapılarını bütün dünyanın üzünə açdı, bu sahədə yeni müqavilələrin imzalanmasını və ölkəyə investisiya qoyuluşunu təşviq etdi. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərləri istismara verildi. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına dair sazişin imzalanması ilə ixrac marşrutlarının diversifikasiyasına nail olundu.
Neft-qaz sənayesi iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlanıldı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı. Ulu öndərin müdrikliklə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı iqtisadi siyasət nəticəsində neft-qaz sənayesi ilə yanaşı, elektrotexnika, maşınqayırma, kimya, xalçaçılıq və digər sahələrin də inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirildi.
Heydər Əliyev ölkənin gələcək iqtisadi inkişafının özəl sektorla bağlı olduğunu vurğulayırdı: “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur”.
Ulu öndərin müəyyən etdiyi və onun rəhbərliyi ilə uğurla həyata keçirilən sahibkarlığın inkişafı strategiyası özəl bölmənin inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilir. Qəbul olunmuş dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu oldu, kiçik və orta sahibkarlığın inkişafını iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevirdi. Heydər Əliyevin rəhbərliyi ilə sahibkarlıq infrastrukturunun formalaşdırılması istiqamətində mühüm addımlar atıldı, sahibkarlara maliyyə dəstəyi və zəruri texniki yardım (məsləhət, informasiya və s. xidmətlər) göstərən strukturlar formalaşdı. Sahibkarların vergi yükünün azaldılması istiqamətində mənfəət və əlavə dəyər vergisinin dərəcələri aşağı salındı, kiçik sahibkarlıq subyektlərinə vahid vergi tətbiq edilməyə başlandı. Dövlət mülkiyyətinin özəlləşdirilməsinin qanunvericilik bazası yaradıldı və bu sahədə müvafiq dövlət proqramları təsdiq olundu.
Heydər Əliyevin balanslaşdırılmış xarici siyasət kursu sayəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirmiş, ölkəmiz Cənubi Qafqazın lider dövlətinə, regionda gerçəkləşdirilən bütün transmilli layihələrin təşəbbüskarına və fəal iştirakçısına çevrilmişdir. Ulu öndərin çoxsaylı xarici səfərləri, ikitərəfli və beynəlxalq səviyyədə imzalanmış mühüm saziş və sənədlər, uğurlu neft diplomatiyası, beynəlxalq və regional təşkilatlarla aparılan gərgin iş ölkəmizin inkişafının sürətləndirilməsinə mühüm töhfəsini vermişdir. Heydər Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, eləcə də Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər beynəlxalq institutlarla səmərəli əməkdaşlıq yaradılmışdır.
Beləliklə, Heydər Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində 1995-ci ildən Azərbaycanda inkişafın yeni mərhələsi – bərpa və dinamik inkişaf dövrü başlanmışdır. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 22,4 faiz, kənd təsərrüfatı istehsalı 52,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq əməkhaqqısı 6,2 dəfə artdı, inflyasiya səviyyəsi 2-3 faizə qədər endirildi. Bu dövrdə iqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard ABŞ dolları həcmində investisiyanın qoyulması təmin olundu. 1993-cü ildə ölkənin valyuta ehtiyatları 8 milyon ABŞ dolları idi. Hazırda isə bu rəqəm 39 milyard ABŞ dolları təşkil edir. İqtisadiyyatın şaxələnməsi üçün ən fundamental şərtlərdən biri makroiqtisadi sabitlikdir.
Makroiqtisadi siyasətin koordinasiyası gücləndiriləcək, maliyyə dayanıqlılığı baxımından optimal makro-fiskal çərçivə formalaşdırılacaq və adekvat pul siyasətiaparılacaqdır. Bu siyasətin birinci pilləsində inflyasiya hədəfi, digər makroiqtisadi hədəflər və bunlara uyğun tənzimləmə alətləri, ikinci pilləsində isə maliyyə sektorunda sabitlik hədəfləri, sektorda aktivliyi və riskləri idarə edəcək alətlər yer alacaqdır. İnflyasiya hədəfinə uyğun olaraq iqtisadiyyatın pula tələbatının ödənilməsinə xüsusi diqqət yetiriləcək, monetar idarəetmənin institusional bazası təkmilləşdiriləcəkdir.
Büdcə resurslarının formalaşması və istifadəsi sahəsində fiskal intizamın təmin edilməsi, vəsaitlərin düzgün bölüşdürülməsi və xərclərin səmərəliliyinin artırılmasına xüsusi diqqət yetiriləcəkdir. Müxtəlif büdcə riskləri (xarici, maliyyə, kənarlaşma, əməliyyat riskləri və s.) üzrə çevik qiymətləndirmə aparılacaqdır. İqtisadi sistemin rəqabət qabiliyyətinin daha da artırılması məqsədilə tədricən passiv vergi siyasətindən aktiv vergi siyasətinə keçid təmin ediləcək, vergi dərəcələrinin optimallaşdırılması istiqamətində həyata keçiriləcək tədbirlər sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına kömək edəcəkdir.
Neft və qaz gəlirlərindən istifadə olunması mexanizmi təkmilləşdiriləcəkdir. Karbohidrogenlərin satışından əldə edilən gəlirlərin tədricən həmin vəsaitlərin investisiya olunmasından qazanılan gəlirlə əvəzlənməsi strategiyası həyata keçiriləcək və bu sahədə hazırda aparılan işlər intensivləşdiriləcəkdir.
Ölkənin tədiyyə qabiliyyətinin yaxşılaşdırılmasının və iqtisadiyyatın ixraca yönəldilməsinin ayrıca vacib tələbi kimi daha çevik məzənnə siyasəti həyata keçiriləcək, xalis beynəlxalq investisiya mövqeyi üzrə profisit qorunacaqdır.
Biznes mühitinin, rəqabət qanunvericiliyi və siyasətinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlər davam etdiriləcək, investorların hüquqlarının qorunması mexanizmləri təkmilləşdiriləcəkdir. Qanunların davamlı və ədalətli şəkildə tətbiq edilməsi və hüququn aliliyinin işlək sisteminin formalaşdırılması diqqət mərkəzində saxlanılacaqdır.
Xarici ticarət prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi, beynəlxalq bazarlara çıxışda və xarici bazarlarda rəqabət gücünun artırılmasında sahibkarlara göstərilən dövlət dəstəyinin artırılması istiqamətində tədbirlər həyata eçiriləcəkdir.
Kiçik və orta sahibkarlıq subyektlərinin ixrac qabiliyyətini artırmaq məqsədilə təşviqedici tədbirlər həyata keçiriləcək, sahibkarlıq subyektlərinin dövlət tərəfindən güzəştli kreditlərlə təminat səviyyəsi yüksəldiləcək, daxili bazarın haqsız rəqabətdən qorunması üçün beynəlxalq praktikada qəbul olunmuş antidempinq və digər qoruyucu tədbirlər həyata keçiriləcəkdir.
Eyni zamanda gömrük, miqrasiya və prosedurlarının təkmilləşdirilməsi, həmçinin investorları yerli bazarlara daxil olmaqdan çəkindirən amillərin aradan qaldırılması üçün səylər səfərbər ediləcəkdir. Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmaq üçün beynəlxalq ticarət sisteminə uyğun islahatların həyata keçirilməsi, qanunların dünya ticarət sistemində tətbiq edilən praktikaya uyğunlaşdırılması son nəticə olaraq yerli şirkətlərin və bütövlükdə ölkə iqtisadiyyatının inkişafına yeni imkanlar açacaqdır.
Göründüyü kimi, Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevə həm də ona görə minnətdar olmalıdır ki, o, özündən sonrakı Azərbaycanı təsadüflərin ixtiyarına buraxmadı, xalqı və dövləti güclü idarəetmə qabiliyyətinə malik gənc liderə – İlham Əliyevə etibar etdi. Məhz ulu öndərin böyük uzaqgörənliyi sayəsində bu gün ölkə Prezidenti İlham Əliyev öz komandası ilə Azərbaycan dövlətini inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırmaq və bu inkişafı davamlı inkişafa çevirmək istiqamətində kompleks tədbirlər həyata keçirir. Bu bir həqiqətdir ki, aparılan islahatların, həyata keçirilən daxili və xarici siyasətin uğurlarında, ölkənin sosial-iqtisadi inkişafında dövlət idarəçiliyində çalışan kadrların hər birinin öz xidmətləri və məsuliyyəti vardır. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, belə idarəetməni və onu həyata keçirmək üçün komandanı, təbii ki, yalnız dahi Heydər Əliyev məktəbini keçmiş, ondan tərbiyə almış və zəngin idarəetmə qabiliyyətinə malik olan möhtərəm İlham Əliyev formalaşdıra bilərdi.
Siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin fəal iştirakçısı, beynəlxalq tədbirlər məkanı kimi tanınan Azərbaycanın bugünkü uğurları məhz Heydər Əliyev siyasətinin layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir.
TƏVƏKKÜL MİRZƏYEV,
Abşeron Rayon Statistika İdarəsinin rəisi











