HEYDƏR ƏLİYEV YENİ AZƏRBAYCANIN QURUCUSUDUR
05.05.2023Azərbaycan xalqının qurub-yaratmaq dühası sayəsində əldə olunmuş mühüm uğurlara baxmayaraq, bir sıra obyektiv və subyektiv səbəblər üzündən 60-cı illərdə Azərbaycan iqtisadiyyatının bir çox sahələrində — həm sənayedə, həm də kənd təsərrüfatında mənfi meyllər özünü göstərməyə başladı.
Respublikanın düşdüyü bu ağır vəziyyətdə Azərbaycan rəhbərliyində mühüm dəyişiklik baş verdi. 1969-cu ildə hakimiyyətə gələn Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə başladı. Heydər Əliyev Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün həyatın bütün sahələrində geniş islahatlar proqramı həyata keçirməyə başladı.
Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü Heydər Əliyev şəxsiyyəti ilə, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır.
HEYDƏR ƏLİYEV YENİ AZƏRBAYCANIN QURUCUSUDUR
O, bu quruculuğa hələ 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlməzdən də əvvəl, XX yüzilliyin 40-cı illərindən başlamışdı. Bu illərdə Azərbaycanın hüquq-mühafizə oqranlarında fəaliyyətə başlayan Heydər Əliyev bütün maneələri və çətinlikləri dəf edərək ittifaq dövlətinin — SSRİ-nin Azərbaycanda əsas dayağı olan Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinədək ucaldı. Onun son dərəcə gərgin və mürəkkəb şəraitdə göstərdiyi səmərəli fəaliyyəti nəticəsində Dövlət Təhlükəsizliyi Komitəsinin xalqımızın düşmənlərindən təmizlənməsi sahəsində çox ciddi addımlar atıldı və ilk dəfə olaraq xalqımızın layiqli övladlarının fəal surətdə təhlükəsizlik orqanlarında işə cəlb olunmasına başlandı.
XX əsrin uzaq 20-30-cu illərində ermənilərin və qeyri millətlərin nümayəndələrinin yuva saldığı və xalqımıza qarşı qanlı repressiyalar həyata keçirmiş Dövlət Təhlükəsizlik Komitəsinin azərbaycanlılaşdırılması və xalqımızın düşmənlərindən təmizlənməsi kimi son dərəcə çətin və şərəfli işə ilk dəfə — sovet rejiminin ən güclü vaxtında məhz Heydər Əliyev başladı. Bu gün bütün azərbaycanlılar, o cümlədən xalqımızın hər bir nümayəndəsi aydın dərk edir ki, daşnaklar xalqımıza qarşı həyata keçirdikləri 1918-ci ilin Mart soyqırımından sonra, 1920-ci ilin Sovet işğalında da yaxından iştirak etdilər. Bolşevik libası geyinmiş daşnaklar bu dəfə xalqımızı sovet hakimiyyətinin “qurucuları” cildinə girərək qırdılar. Onlar KQB-də (Dövlət Təhlükəsizlik Komitəsində) və NKVD-də (Xalq Daxili İşlər Komissarlığında) əsas mövqeləri ələ keçirdilər. Ermənilər 20-30-cu illərdə xalqımıza qarşı kütləvi repressiyalar həyata keçirib, Cavidləri, Müşfiqləri — Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, ziyalılarına sarsıdıcı zərbələr endirdilər. Bu baxımdan Heydər Əliyevin KQB-ni azərbaycanlılaşdırmaq sahəsindəki xidmətləri Vətən və xalq qarşısında adi xidmətlər deyil! Başqa sözlə, Heydər Əliyev qeyrətli və milli əhvali-ruhiyyəli Vətən oğullarını Dövlət Təhlükəsizlik Komitəsinə işə cəlb etməklə, əslində xalqımızın namuslu övladlarına qarşı yönəlmiş məkrli təqiblərin qarşısını alırdı.
Sovet rejiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan və zəngin idarəçilik təcrübəsi qazanmış Heydər Əliyev Azərbaycanı düşmüş olduğu çox ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atmağa başladı. O, uzaqgörənliklə ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlatdı və dərhal onların icrasına başlandı. Xalq ilk anlarındaca Heydər Əliyevi rəğbətlə qarşıladı, onu sevdi və arxasınca getdi
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi həmin illərdə bütün maneələri dəf edərək Sovet hökumətinin Azərbaycanın hərtərəfli inkişafını təmin edən xüsusi qərarlar qəbul etməsinə nail oldu. Nəticədə 1970-1985-ci illər Sovet Azərbaycanının tarixinə, bütün varlığı ərzində, ən parlaq quruculuq dövrü kimi daxil oldu. Sənaye və kənd təsərrüfatının bütün sahələrində yüksəliş baş verdi. Respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri həyata keçirildi. Yeni və mütərəqqi sənaye sahələri yaradıldı. Sənayenin inkişaf səviyyəsinə görə bütün respublikanın proporsional inkişafı üçün mühüm tədbirlər görüldü. İstehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırıldı. Elmi-texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalata tətbiqi sahəsində Azərbaycan bütün SSRİ-də qabaqcıl mövqelərə çıxdı. İstehsal olunan məhsulların keyfiyyət göstəricisi əvvəlki dövrlərlə müqayisə olunmayacaq dərəcədə yüksəldi.
Dahi dövlət xadimi Heydər Əliyev kommunist rejiminin ağalığı dövründə doğma xalqına qarşı baş vermiş haqsızlıqlar əleyhinə özündən başqa heç kəsin apara bilməyəcəyi mübarizəni apardı, Kreml rejiminin ağır təqibləri şəraitində xalqının çəkdiyi əzablara cavab olaraq, Azərbaycanın gələcəyi naminə olduqca uzaqgörən və çox cəsarətli addımlar atdı. Vətənin bütün guşələrində Azərbaycanın haqqı tapdalanmış böyük şəxsiyyətlərinin heykəllərini ucaltdırdı, repressiya qurbanı olmuş böyük Cavidi ölümündən illər keçdikdən sonra Vətənə qaytardı, Kerçdə, Krımda həlak olmuş minlərlə azərbaycanlının şərəfinə Sapun Qora yaxınlığında abidə ucaltdırdı…
Məhz bu dövrdə — Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə, ilk dəfə olaraq, Azərbaycanın görkəmli sənət adamlarının böyük bir dəstəsinə — şairlərimizə, yazıçılarımıza, bəstəkarlarımıza ilk dəfə Sosialist Əməyi Qəhrəmanı fəxri adının verilməsi də təkzibolunmaz tarixi faktdır.
Heydər Əliyev hələ o zaman müstəqil yaşadığımız bu günləri görürdü, doğma Vətənini bu günlər üçün hazırlayırdı. Böyük düha sahibi yeni Azərbaycanı — bugünkü Azərbaycanı hələ o vaxtdan qurmağa başlamışdı!
Vüqar Şükürlü,
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətin Təsərrüfat rəisi











