Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya səfər ediblər
09.05.2023Hakimiyyet.info.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 8-də Şuşaya səfər ediblər.
Dövlətimizin başçısı və birinci xanım Əhmədbəyli-Füzuli-Şuşa magistral avtomobil yolunun 66-81-ci kilometrliyində görülən işlərlə tanış olublar.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, başlanğıcını M6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilən Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirən 81,7 kilometr uzunluğundakı Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun beynəlxalq magistral normalarına uyğun tikintisi sürətlə davam etdirilir. Yolun 66-81-ci kilometrliyində işlərin 85 faizi başa çatıb. Uzunluğu 15,72 kilometr olan bu hissədə yolun hərəkət sahəsinin eni 10,75 metr, torpaq yatağının eni isə 21,5 metrdir. Dövlətimizin başçısının tapşırığına əsasən, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınaraq, dörd hərəkət zolaqlı olmaqla 1b texniki dərəcəyə uyğun inşa edilir.
Qeyd edildi ki, layihəyə əsasən, yolun bu hissəsində 5 viadukun (dərə üzərində körpü), 6 tunelin və bir körpünün tikintisi üzrə əsas işlər yekunlaşıb. Hazırda həm viaduklarda, həm də tunellərdə son tamamlanma işləri icra olunur. Viadukların tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib. Yolun bu hissəsində suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü 15 dairəvi suötürücü boru, 24 düzbucaqlı su keçidi, 4 alt keçid və bir neçə ehtiyat keçid inşa edilib.
Dövlətimizin başçısı və birinci xanım görülən işlərlə bağlı videoçarxa baxdılar.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil magistralının tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşaltı kəndində Zarıslıçay nasos stansiyasının açılışında iştirak ediblər

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşaltı kəndində Zarıslıçay nasos stansiyasının açılışında iştirak ediblər.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dövlətimizin başçısına Şuşa şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri haqqında məlumat verdi.
Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildikdən qısa müddət sonra şəhərin içməli su təminatının bərpasına başlanılıb. Mütəxəssislər tərəfindən şəhərin su mənbələrinin, magistral xətlərin, paylayıcı şəbəkələrin və digər hidrotexniki qurğuların mövcud vəziyyəti araşdırılıb. Məlum olub ki, şəhəri içməli su ilə təmin edən mənbələr və magistral kəmərlər erməni vandallar tərəfindən məqsədli şəkildə dağıdılıb və şəhərə suyun nəqli dayandırılıb.
Təxirəsalınmaz Tədbirlər Proqramına uyğun olaraq, Kiçik Kirs mənbəyinin və Kiçik Kirs-Şuşa magistral su kəmərinin qəzalı hissələri qısa müddətdə təmir olunub və 2020-ci il noyabrın 25-də Şuşa şəhərinə suyun verilişi bərpa edilib. Eyni zamanda, Şuşa şəhərinin digər mənbəyi – Zarıslı sugötürücü qurğusunun, uzunluğu 14,3 kilometr olan Zarıslı-Şuşa magistral su kəmərinin qəzalı hissələrinin bərpasına başlanılıb və 2020-ci il dekabrın 20-də bu mənbədən şəhərə suyun verilməsi təmin edilib.
Şəhərin perspektiv inkişafı nəzərə alınaraq, həmçinin ilin müəyyən dövrlərində Kiçik Kirs və Zarıslı mənbələrində məhsuldarlığın kəskin azalması səbəbindən alternativ su mənbəyinin yaradılması layihəsinin icrasına başlanılıb. Bu məqsədlə Daşaltı kəndinin yaxınlığında, Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr təşkil edən sutoplayıcı anbar, nasos stansiyası və diametri 159 millimetr, uzunluğu 2,9 kilometr olan yeni təzyiqli kəmər inşa edilib, eyni zamanda, diametri 325 millimetr, uzunluğu 9,3 kilometr olan Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,2 kilometrlik hissəsi diametri 530-426 millimetr olan borularla əvəzlənib. Görülmüş işlərin nəticəsində 2022-ci ilin dekabrında yeni mənbədən suyun verilməsi ilə şəhərdə yaşayış olan evlər, dövlət qurumlarının inzibati binaları, hotellər, ictimai-iaşə müəssisələri və digər obyektlər fasiləsiz içməli su ilə təmin edilib.
Dövlətimizin başçısı nasos stansiyasını işə saldı.
Məlumat verildi ki, 2040-cı ilə perspektiv inkişaf nəzərə alınmaqla hazırlanan Şuşa şəhərinin su təchizatı, kanalizasiya və yağış suları sisteminin yenidən qurulması layihəsi 25 min nəfərin tələbatının ödənilməsinə hesablanıb. Layihəyə əsasən şəhərin orta gündəlik su tələbatı 105 litr-saniyə təşkil edir. Şəhərə içməli su mövcud Kiçik Kirs, Zarıslı mənbələrindən, həmçinin Zarıslıçay su anbarından veriləcək. Gələcəkdə Zarıslıçay su anbarı genişləndiriləcək və tutumu 25 min kubmetrdən 7,5 milyon kubmetrə çatdırılacaq. Eyni zamanda, məhsuldarlığı sutkada 8 min kubmetr olan içməli sutəmizləyici qurğu inşa olunacaq. Şəhərin su təchizatında dayanıqlılığın təmin olunması məqsədilə ümumi həcmi 6 min kubmetr olan 3 su anbarı layihələndirilib və hazırda onlardan birinin tikintisi davam etdirilir.
Layihəyə əsasən, Şuşa şəhərində 24 kilometr magistral su kəməri, 44 kilometr içməli, 42 kilometr tullantı və 41 kilometr yağış su şəbəkələri inşa olunacaq. Şəhərdə formalaşan tullantı suların tam təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 8 min kubmetr olan qurğu inşa ediləcək. Qurğuda emal edilərək təmizlənən su ekoloji duruma zərər vurmadan Qarqarçaya axıdılacaq. Şuşa şəhərində yaradılan yeni infrastruktur “Ağıllı su” sistemi əsasında idarə olunacaq. Suyun mənbədən götürülməsi, nəqli, anbarların səviyyəsi, hidravlik rejimlər və digər proseslər SCADA sistemləri vasitəsilə onlayn rejimdə tənzimlənəcək. 2023-cü ilin ikinci yarısında məhsuldarlığı sutkada 8 min kubmetr olan içməli sutəmizləyici qurğunun inşası nəzərdə tutulur ki, bu işlərə də 7,4 milyon manat vəsait sərf olunacaq.

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda və təməlqoyma mərasimlərində iştirak ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşada bir sıra açılışlarda və təməlqoyma mərasimlərində iştirak ediblər.
Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinin və Atatürk küçəsinin lövhəsinin açılışını edib.
Dövlətimizin başçısına Qarabağ və Sadıqcan küçələrində görüləcək işlər barədə məlumat verilib.
Prezident İlham Əliyev Qarabağ küçəsində qeyri-yaşayış binasının təməlini qoyub, Molla Pənah Vaqif və Pənahəli xan küçələrinin kəsişməsində lövhələrin açılışını edib.
Azərbaycan Prezidenti Cıdır düzündə Mir Möhsün Nəvvab Qarabağinin Heydər Əliyev Fondu tərəfindən bərpa olunan məzarını ziyarət edib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışında iştirak ediblər.
Dövlətimizin başçısına və birinci xanıma Xüsusi nümayəndəliyin inzibati binasının qarşısındakı meydanda həyata keçiriləcək işlər barədə məlumat verilib.
Prezident Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinin açılışını edib
Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərişıq” ASC-nin Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinin açılışını edib. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzində (EŞİTM) müxtəlif gücdə transformatorlar, 35 kV-luq yeni yarımstansiya inşa olunub, müasir standartlara cavab verən elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi, avtomatika sistemləri və 0,4 kV şəbəkələrini də əhatə edən SCADA dispetçer idarəetmə sistemi quraşdırılıb.
Mərkəzin ərazisində elektromobillərin enerji ilə doldurulmaları üçün müvafiq qurğular yerləşdirilib. Burada, həmçinin günəş enerjisi ilə çalışan panellər quraşdırılıb. Həmin panellər vasitəsilə əldə olunan enerjinin bir hissəsi yarımstansiyada qəza hallarında daxili tələbatın ödənilməsi və elektromobil enerji doldurma cihazları üçün istifadə olunur. Qalan enerji isə avtomatik rejimdə şəbəkəyə ötürülür.
Şuşa şəhərinin ənənəvi elektrik təchizat şəbəkəsi rəqəmsal xəritə sisteminə köçürülərək planlama və ölçmə işlərinin aparılması təmin ediləcək. Şəhərin estetik görünüşünə xələl gətirən əvvəlki 48 Komplekt Transformator Məntəqəsi (KTM) əvəzinə müasir güc kabelləri ilə 35/0,4 kV-luq 9 transformator yarımstansiyası vasitəsilə dairəvi təchizat sxeminin qurulması həyata keçirilməkdədir. Bütün bunların nəticəsində kənar fiziki müdaxilələr və ətraf mühitin təsiri aradan qaldırılmış olur, ekoloji tələblər yerinə yetirilir, meşə zolaqları və canlı orqanizmlərin yanğın təhlükəsizliyi ilə bağlı risklər aradan qaldırılır. Bundan başqa, enerji itkiləri 3-3,5 faizədək azaldılır, işçi qüvvəsi, mal-material və istismar xərclərinə 60 faizədək qənaət olunur, enerji təchizatının keyfiyyət parametrləri yaxşılaşdırılır, texniki təhlükəsizlik qaydaları tam təmin edilir.
Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzi yeni yaradılan dairəvi təchizat sxeminin tərkib hissəsi kimi layihələndirilib, Nöqtə Buludu texnologiyasından istifadə edilməklə ərazinin virtual xəritəsi hazırlanıb, əraziyə getmədən sahədə ölçmə və layihələndirmə işlərinin yerinə yetirilməsi, görüləcək işlərin əvvəlcədən planlaşdırılaraq vaxta qənaət edilməsi, həyata keçirilən işlərin monitorinqinin və qiymətləndirilməsinin aparılması təmin olunacaq. Bundan əlavə, Şuşa şəhərinin və Mərkəzin Virtual Tur modeli hazırlanıb ki, bununla da cihaz və avadanlıqların, habelə şəbəkə aktivlərinin məsafədən əyani şəkildə təlim-tədrisinin təşkili mümkün olacaq.
Bildirildi ki, beynəlxalq təcrübədə istifadəsi və iqtisadi-texnoloji üstünlükləri nəzərə alınaraq Şuşa şəhərinin Rəqəmsal Əkiz modeli hazırlanıb, bu da EŞİTM-in təsnifat modelinə daxildir. Belə ki, burada quraşdırılan xüsusi monitorlar vasitəsilə Rəqəmsal İdarəetmə Mərkəzinin, rəqəmsal yarımstansiyanın, 3D mobil xəritə və Rəqəmsal Əkiz modelin, Kompozit dayaqların, optik lifli güc kabelləri ilə qurulan 35/0,4 kV şəbəkə modelinin, Yeni Yaşma Külək Enerji Stansiyasının, mikro-fotovoltaik stansiyaların, elektron xidmətlərin, SCADA sisteminin, bərpaolunan enerji mənbələrinin, qabaqcıl ölçmə infrastrukturun, Şəbəkələrin Dron Monitorinq Sisteminin, müasir 0,4 kV-luq Dispetçer və Smart Sayğac oxuma sistemlərinin interaktiv rejimdə izlənməsinə imkan yaranacaq.
Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzini işə saldı.
Mərkəzdə təhlükəsizliyin təmin edilməsi və qəzaların aradan qaldırılması məqsədilə qapalı paylayıcı quruluşla digər yarımstansiyalar arasında əlaqələr, eləcə də yarımstansiyadan çıxan elektrik verilişi xətləri yeraltı kabellər vasitəsilə həyata keçirilir.
Burada növbətçi heyət üçün lazımi iş şəraiti, müvafiq xidmət otaqları yaradılıb, ərazidə geniş abadlıq işləri görülüb.

Prezident mayın 9-da Şuşada Atatürk küçəsinin lövhəsinin açılışını edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına küçədə aparılacaq bərpa-yenidənqurma işləri, yaradılacaq ictimai-iaşə obyektləri barədə məlumat verdi.
Bildirildi ki, küçənin uzunluğu 714 metr, eni isə 11 metrdir.
Dövlətimizin başçısı Atatürk küçəsinin lövhəsinin açılışını etdi.













