“İlhamlı günlərin nəğməsi” kitabının təqdimatı keçirilib
14.06.2023Lerik Rayon Heydər Əliyev Mərkəzində Lerik rayon İcra Hakimiyyətinin təşəbbüsü, Lerik Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində AYB-nin üzvü, Prezident mükafatçısı şair Mais Təmkinin “İlhamlı günlərin nəğməsi” kitabının təqdimatı keçirilib.
Təqdimat mərasimində rayonun yaradıcı ziyalıları, yazıçıları, ictimaiyyət nümayəndələri, mədəniyyət işçiləri və məktəbliləri iştirak ediblər.
Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova çıxış edərək “Heydər Əliyev İli” çərçivəsində keçirilən təqdimatın xüsusi önəm daşıdığını vurğulayıb və rayon icra hakimiyyəti başçısı Əkbər Abbasovun şair Mais Təmkinə təbriklərini çatdırıb, ona yaradıcılıq uğurları arzulayıb
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Lerik Rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov şairin yaradıcılığı və “İlhamlı günlərin nəğməsi” kitabı haqqında məlumat verib.
Lerik rayonu üzrə təhsil sektorunun müdiri Zöhrab Salayev, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şairə Ziba Sevindik, şair-publisist Balaşirin Nəsirov, Əməkdar müəllim Gültəkin Şıxəliyeva, aktyor Salman Bağırov, ziyalılardan Fəxrəddin Əliyev və Tərxan Feyziyev çıxış edərək müəllifin sayca beşinci kitabı olan “İlhamlı günlərin nəğməsi” poeması barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, “İlhamlı günlərin nəğməsi” poemasında ümummilli liderimiz Heydər Əliyevin və onun siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezident İlham Əliyevin, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti poetik dillə ifadə olunub.
Tədbirdə Malik Bağışov adına Lerik şəhər 3 saylı tam orta məktəbinin və Əbülfəz Məmmədov adına Mastail kənd tam orta məktəbinin şagirdlərinin ifasında poemadan parçalar ifa olunub, vətənpərvərliyi tərənnüm edən şeirlər səsləndirilib.
Sonda şair Mais Təmkin tədbirin təşkilatçılarına minnətdarlıq edərək “İlhamlı günlərin nəğməsi” kitabını imzalayaraq oxuculara təqdim edib.
Hüsaməddin Abbasov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Lerik rayon Heydər Əliyev Mərkəzinin direktoru











