Prezident İlham Əliyev Özbəkistanın Baş nazirini qəbul edib

Prezident İlham Əliyev Özbəkistanın Baş nazirini qəbul edib

19.07.2023 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovu qəbul edib.

İkitərəfli münasibətlərin ildən-ilə daha da inkişaf etdiyini vurğulayan Azərbaycan Prezidenti gələcəkdə də əməkdaşlığın genişləndirilməsi ilə bağlı yeni uğurlu layihələrin icra olunacağına əminliyini bildirdi.

Abdulla Aripov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını Prezident İlham Əliyevə çatdırdı və vurğuladı ki, Özbəkistan Prezidenti həmişə dostu və qardaşı Prezident İlham Əliyevlə təmaslardan böyük məmnunluq duyduğunu bildirir.

Abdulla Aripov Özbəkistanda keçirilmiş seçkilərdən sonra Şavkat Mirziyoyevi təbrik edən ilk dövlət başçısının məhz Prezident İlham Əliyev olduğunu qeyd edərək vurğuladı ki, bu da dövlət başçıları və ölkələrimiz arasında dostluğun və qardaşlığın nümunəsidir.

Qonaq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyətini vurğuladı.

Görüşdə Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri və bu səfər çərçivəsində əməkdaşlığımızın hərtərəfli inkişafı ilə əlaqədar müəyyən edilmiş prioritet sahələr, bu istiqamətdə görülmüş işlərin nəticələrinin çox müsbət olduğu qeyd edildi, iqtisadi-ticarət, investisiyalar, energetika, kənd təsərrüfatı, nəqliyyat-logistika, sənaye sahələrində yeni layihələrin həyata keçirildiyi diqqətə çatdırıldı.

Söhbət zamanı Orta Dəhlizin əhəmiyyəti vurğulandı, Azərbaycanda yaradılmış azad iqtisadi zonada Özbəkistan şirkətlərinin iştirakı perspektivləri, hökumətlərarası komissiyanın fəaliyyəti və iyulun 18-də Şuşada keçirilən Azərbaycan-Özbəkistan Birgə Hökumətlərarası Komissiyasının 12-ci iclasının önəmi qeyd edildi.

Share