Şuşa və Füzuli şəhər 1 nömrəli tam orta məktəblərində vakant yerlər də seçim mərhələsinə təqdim edilib
21.08.2023Elm və Təhsil Nazirliyi müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinə start verib. Hakimiyyet.info.az xəbər verir ki, 21 avqust saat 11:00-dan etibarən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə start verilib. Namizədlər şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.
Müddətli müqavilə ilə vakansiya seçimi 23 avqust saat 11:00-da başa çatacaq.
Qeyd edək ki, bu il əvvəlki illərdən fərqli olaraq işğaldan azad edilmiş Şuşa şəhər 1 nömrəli və Füzuli şəhər 1 nömrəli tam orta məktəblərdə mövcud olan vakant yerlər də müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinə təqdim edilib.
Müsabiqənin test imtahanı mərhələsində hər namizədə onun ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim edilir. Ötən illərdən fərqli olaraq, bu il test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 150 dəqiqə vaxt ayrılması nəzərdə tutulmuşdur. Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanır.
Ümumilikdə 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək. Yeni qaydalara əsasən ixtisas üzrə 1 səhv cavablandırılmış sual -0,5 bal, tədris metodikası üzrə isə -0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsinə təsir göstərəcək.
Test imtahanı mərhələsində keçid balını toplamış namizədlər vakansiya seçimi mərhələsində iştirak edirlər. Müsabiqənin sonuncu mərhələsi olan müsahibələrdə namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır.











