Prezident İlham Əliyev Zəngilan rayonunun Alıbəyli kəndinin təməlini qoyub

Prezident İlham Əliyev Zəngilan rayonunun Alıbəyli kəndinin təməlini qoyub

29.09.2023 Off By Füzuli İsmayılov

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan rayonunda olub. Dövlətimizin başçısı Alıbəyli kəndinin təməlini qoyub.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına Alıbəyli kəndi barədə məlumat verdi.

Alıbəyli kəndi Həkəri çayının sahilində, Bərgüşad silsiləsinin ətəyində, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun üzərində yerləşir. İşğaldan azad olunmuş ərazilərin ümumi planına əsasən, Alıbəyli kəndi Birinci Alıbəyli, İkinci Alıbəyli, Sarıl və Xumarlı kəndləri ilə birlikdə layihələndirilir. Kəndin mövcud məskunlaşma ərazisi 103,5 hektar sahəni əhatə edir. Layihələndirilən ərazinin sahəsi isə 170,3 hektardır.

Bildirildi ki, Alıbəyli kəndində 2568 sakin üçün 498 fərdi evdən və 144 mənzildən ibarət 2-3 mərtəbəli bloklaşdırılmış evlərin layihələndirilməsi nəzərdə tutulur. Birinci mərhələdə 772 sakin üçün 197 fərdi evin layihələndirilməsi və tikilməsi planlaşdırılır.

Kənddə inzibati bina, klub icma mərkəzi və qonaq evi, idman sağlamlıq mərkəzi, məktəb binası, bazar kompleksi, mərasim zalı, iaşə obyektləri və digər müəssisələr olacaq.

Qeyd olundu ki, Alıbəyli kəndində əhali üçün tələbata uyğun ümumilikdə 462 şagird yerlik iki tam orta məktəb binasının tikintisi planlaşdırılır. Birinci mərhələdə 143 şagird yerlik məktəb binası inşa olunacaq. Üçmərtəbəli məktəbin ərazisində həm şagirdlər, həm də əhali üçün qaçış zolağı olan geniş idman meydançasının yaradılması nəzərdə tutulur.

Kənddə məskunlaşacaq əhali üçün ümumilikdə 160 yerlik iki uşaq bağçası da inşa olunacaq.

Əhalinin resurslardan istifadəsini əlçatan etmək məqsədilə geniş istifadə olunan qeyri-yaşayış obyektləri bir neçə mövqedə yerləşdirilib.

Sonra Alıbəyli kəndinin inkişaf planı barədə videoçarx nümayiş etdirildi.

Prezident İlham Əliyev Alıbəyli kəndinin təməlini qoydu.

İlham Əliyev Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışını edib

İlham Əliyev Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışını edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışını edib.

Dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verildi.

Bildirildi ki, ərazisi 2,2 hektar olan Zəngilan Konqres Mərkəzi Kompleksi iki hissədən ibarətdir. Kompleksə daxil olan 600 yerlik korpusda ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün müasir standartlara uyğun şərait yaradılıb. Digər korpusda isə kiçik həcmli müxtəlif çoxfunksiyalı tədbirlərin keçirilməsi üçün zal, mətbəx və VIP otaqlar mövcuddur.

Məlumat verildi ki, Zəngilan Konqres Mərkəzi Kompleksi yerli və xarici mütəxəssislər cəlb olunmaqla altı ay ərzində inşa edilib. Kompleksin tikintisinin qısa müddətdə başa çatdırılması üçün üçnövbəli iş qrafiki tətbiq olunub. Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşlarının da fəal iştirakı ilə tikinti işləri yüksək keyfiyyətdə və standartlara uyğun şəkildə aparılıb.

Kompleksin ərazisində yaşıllıq zonaları, yerüstü parklanma sahəsi mövcuddur. Mərkəzin binasının dam hissəsində günəş panelləri yerləşdirilib.

Gələcəkdə bu mərkəzdə ölkə və beynəlxalq əhəmiyyətli müxtəlif tədbirlərin keçirilməsi mümkün olacaq.

İlham Əliyev Zəngilan şəhərində 2-ci yaşayış kompleksinin təməlini qoyub

İlham Əliyev Zəngilan şəhərində 2-ci yaşayış kompleksinin təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan şəhərində 2-ci yaşayış kompleksinin təməlini qoyub.

Dövlətimizin başçısına kompleks barədə məlumat verildi.

Bildirildi ki, Zəngilan şəhərinin Baş planına uyğun olaraq, əhalinin yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması nəzərdə tutulub. Şəhərdə daha əvvəl təməli qoyulan 110 mənzildən ibarət ilk yaşayış kompleksinin layihələri hazırdır və yaxın vaxtlarda tikinti işlərinə başlanacaq.

Məlumat verildi ki, “Böyük Qayıdış” proqramına uyğun olaraq, növbəti yaşayış məhəllələrinin salınması çərçivəsində 410 mənzildən ibarət yeni yaşayış komplekslərinin tikintisi nəzərdə tutulur. İkinci yaşayış kompleksi Qələbə və Memorial parkların yaxınlığında, şəhərin azsıxlıqlı zonasında yerləşməklə, əsasən “taunhaus” tipli evlərdən ibarət olacaq. Plana əsasən, burada 87 mənzil nəzərdə tutulur.

Prezident İlham Əliyev 2-ci yaşayış kompleksinin təməlini qoydu.

İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən inşa edilən Zəngilan şəhər məscidində görülən işlərlə tanış olub

İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən inşa edilən Zəngilan şəhər məscidində görülən işlərlə tanış olub

Sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən inşa edilən Zəngilan şəhər məscidində görülən işlərlə tanış olub.

Dövlətimizin başçısına məsciddə görülən işlər barədə məlumat verildi.

Qeyd edək ki, Ermənistanın torpaqlarımızı işğal altında saxladığı illərdə Zəngilan rayonunda da tarixi, dini, mədəniyyət abidələrimiz erməni vandalizminə məruz qalıb, dağıdılıb, təhqir edilib. İşğal dövründə Zəngilan şəhərindəki məsciddən tövlə kimi istifadə olunub. İşğal altındakı ərazilərimiz azad edildikdən sonra Qarabağdakı tarixi, dini və mədəniyyət abidələrinin bərpası layihələri çərçivəsində Zəngilan məscidində də bərpa-tikinti işləri başlanılıb. Heydər Əliyev Fondu tərəfindən təşkil olunan yerli və xarici ekspertlərdən ibarət işçi qrup məscidin mövcud binasını qiymətləndirib, binanın konservasiyası və bərpasına, o cümlədən bu ərazidə yeni məscidin tikilməsinə qərar verilib.

Zəngilanda inşa olunan məscidin təməli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2021-ci il aprelin 26-da qoyulub.

Ötən müddətdə yeni məscidin layihəsi işlənilib və tikintiyə başlanılıb. Məscidin inşası “Paşa Holding” MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib.

Hazırda məscidin daxili interyerində işlər davam etdirilir, o cümlədən ərazidə abadlaşdırma işləri aparılır. Layihənin 2024-cü ilin aprelində başa çatdırılması nəzərdə tutulur.

İlham Əliyev Zəngilan şəhərində 4-cü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib

İlham Əliyev Zəngilan şəhərində 4-cü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan şəhərində 4-cü yaşayış kompleksinin təməlini qoyub.

Dövlətimizin başçısına kompleks barədə məlumat verildi.

Bildirildi ki, kompleksin inşa olunacağı ərazi şəhərin ortasıxlıqlı çoxfunksiyalı zonasında, inzibati mərkəzin yaxınlığında yerləşir. Bu yaşayış kompleksinin ərazisi iki hektardır. Şəhərin təsdiq edilmiş Baş planına uyğun olaraq, kompleksdə 3, 4 və 5 mərtəbəli çoxmənzilli binaların inşası nəzərdə tutulur. Konsepsiyaya əsasən, buradakı yaşayış binalarının 131 mənzildən ibarət olması planlaşdırılır.

Prezident İlham Əliyev 4-cü yaşayış kompleksinin təməlini qoydu.

Prezident sentyabrın 28-də Zəngilan şəhərində 160 yerlik uşaq bağçasının təməlini qoyub

İlham Əliyev sentyabrın 28-də Zəngilan şəhərində 160 yerlik uşaq bağçasının təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan şəhərində 160 yerlik uşaq bağçasının təməlini qoyub.

Dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verildi.

Bildirildi ki, uşaq bağçası bir hektar ərazidə inşa olunacaq. Məktəbəqədər təhsil müəssisəsinin ikimərtəbəli binasında qrup, inzibati, texniki və tibb otaqları, idman və musiqi zalları, mətbəx, camaşırxana yaradılacaq. Burada uşaqların rahatlığı, ilkin biliklərə yiyələnmələri və əylənmələri üçün hər cür şərait təmin ediləcək.

Bağçanın həyətində oyun meydançaları salınacaq, avtodayanacaq və digər zəruri infrastruktur yaradılacaq.

Prezident İlham Əliyev uşaq bağçasının təməlini qoydu.

Qeyd edək ki, Azərbaycanda uşaqların təlim-tərbiyəsinə, sosial müdafiəsinin gücləndirilməsinə, vətənpərvər ruhda və sağlam yetişmələrinə daim xüsusi diqqət yetirilir. Bu məsələ işğaldan azad olunan ərazilərdə də diqqət mərkəzində saxlanılır. Hər cür şəraitə malik uşaq bağçalarının inşası Azərbaycan dövlətinin gələcəyimiz olan uşaqlarla bağlı bütün məsələlərə xüsusi həssaslıqla yanaşdığını bir daha sübut edir. İşğaldan azad olunmuş ərazilərdə bu cür müəssisələrin yaradılması bərpa edilən şəhər və kəndlərimizin simasına da əlavə rəng qatır.

Share