HEYDƏR ƏLİYEV YENİ, MÜSTƏQİL AZƏRBAYCANIN QURUCUSUDUR 

HEYDƏR ƏLİYEV YENİ, MÜSTƏQİL AZƏRBAYCANIN QURUCUSUDUR 

29.09.2023 Off By Füzuli İsmayılov

Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü Heydər Əliyev şəxsiyyəti ilə, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Respublikanın düşdüyü bu ağır vəziyyətdə Azərbaycan rəhbərliyində mühüm dəyişiklik baş verdi. 1969-cu ildə hakimiyyətə gələn Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə başladı. Heydər Əliyev Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün həyatın bütün sahələrində geniş islahatlar proqramı həyata keçirməyə başladı. 

O, bu quruculuğa hələ 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlməzdən də əvvəl, XX yüzilliyin 40-cı illərindən başlamışdı. Bu illərdə Azərbaycanın hüquq-mühafizə oqranlarında fəaliyyətə başlayan Heydər Əliyev bütün maneələri və çətinlikləri dəf edərək ittifaq dövlətinin — SSRİ-nin Azərbaycanda əsas dayağı olan Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinədək ucaldı. Onun son dərəcə gərgin və mürəkkəb şəraitdə göstərdiyi səmərəli fəaliyyəti nəticəsində Dövlət Təhlükəsizliyi Komitəsinin xalqımızın düşmənlərindən təmizlənməsi sahəsində çox ciddi addımlar atıldı və ilk dəfə olaraq xalqımızın layiqli övladlarının fəal surətdə təhlükəsizlik orqanlarında işə cəlb olunmasına başlandı. 

XX əsrin uzaq 20-30-cu illərində ermənilərin və qeyri millətlərin nümayəndələrinin yuva saldığı və xalqımıza qarşı qanlı repressiyalar həyata keçirmiş Dövlət Təhlükəsizlik Komitəsinin  azərbaycanlılaşdırılması və xalqımızın düşmənlərindən təmizlənməsi kimi son dərəcə çətin və şərəfli işə ilk dəfə — sovet rejiminin ən güclü vaxtında məhz Heydər Əliyev başladı.  

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi həmin illərdə bütün maneələri dəf edərək Sovet hökumətinin Azərbaycanın hərtərəfli inkişafını təmin edən xüsusi qərarlar qəbul etməsinə nail oldu. Nəticədə 1970-1985-ci illər Sovet Azərbaycanının tarixinə, bütün varlığı ərzində, ən parlaq quruculuq dövrü kimi daxil oldu. Sənaye və kənd təsərrüfatının bütün sahələrində yüksəliş baş verdi. Respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri həyata keçirildi. Yeni və mütərəqqi sənaye sahələri yaradıldı. Sənayenin inkişaf səviyyəsinə görə bütün respublikanın proporsional inkişafı üçün mühüm tədbirlər görüldü. İstehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırıldı. Elmi-texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalata tətbiqi sahəsində Azərbaycan bütün SSRİ-də qabaqcıl mövqelərə çıxdı. İstehsal olunan məhsulların keyfiyyət göstəricisi əvvəlki dövrlərlə müqayisə olunmayacaq dərəcədə yüksəldi. 

Bu gün müxalif mövqedə durmasından, hansısa bir səbəbdən hakimiyyətdən incik düşməsindən, mühacir həyatı yaşamasından asılı olmayaraq müstəqilliyinin ilk illərində böyük iqtisadi böhran yaşayan, parçalanmaq təhlükəsi ilə üzləşən, totalitar dövlətlərin əhatəsində yerləşməklə erməni işğalına dəstək verən həmin totalitarların mürtəce siyasətlərinə məruz qalan gərgin bir zamanda  Azərbaycan dövlətçiliyini xilas edən Heydər Əliyev siyasətini danmaq, müxtəlif bəhanələrlə siyasi don geyindirib gözdən salmaga çalışmaq ən azından Azərbaycan tarixinə ləkə gətirməyə köklənən nankorluq və siyasi mürtəce kimi qiymətləndirilə bilər. 

     Məhz yeni Konstitusiyanın qəbulundan sonra “Yerli özünüidarə haqqında” Avropa Xartiyasının müddəaları ilə milli, yerli xüsusiyyətlər uzlaşdırılmaqla bələdiyyələrin, bələdiyyə üzvləri və qulluqçularının statusunu, yerli özünüidarənin maliyyəsinin əsaslarını, bələdiyyə əmlakının hüquqi rejimini və bir sıra başqa mühüm münasibətləri tənzimləyən qanunvericilik aktları qəbul edilmişdir. Bunların sırasında “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Bələdiyyə qulluğu haqqında”, “Bələdiyyə maliyyəsinin əsasları haqqında” və “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” Azərbaycan Respublikası qanunlarını və bu qanunların tətbiqi barədə imzalanan fərmanları göstərmək olar. 

Azərbaycan Respublikası ərazisində ilk bələdiyyə seçkiləri keçirilənədək yerli özünüidarə ilə bağlı əsaslı hüquqi baza formalaşdırılmışdı. Bütövlükdə isə Heydər Əliyevin ölkəyə başçılıq etdiyi dövrdə yerli özünüidarəetmə sahəsini tənzimləyən 22 qanun və onlarla başqa normativ hüquqi aktlar qəbul edilib. 

Ölkəmizdə ilk dəfə 1999-cu ilin dekabrında keçirilən bələdiyyə seçkilərində 20 min 454 bələdiyyə üzvü seçilərək 2667 bələdiyyə fəaliyyətə başlayıb. Yerli özünüidarəetmə institutunun önəmini yüksək qiymətləndirən Ulu Öndər seçkilərin şəffaf, mütəşəkkil keçirilməsinin təmin olunmasını şəxsi nəzarətində saxlayaraq seçki öncəsi xalqa müraciətində vətəndaşları seçkilərdə fəal iştirak etməyə çağırıb. Hər bir vətəndaşın Azərbaycanda dövlət quruculuğu prosesində, o cümlədən seçkilərdə fəal iştirak etməsini arzulayan dahi şəxsiyyət deyirdi: “Təbiidir ki, seçkidə iştirak etmək, yaxud iştirak etməmək hər bir vətəndaşın şəxsi hüququdur. Ancaq eyni zamanda, hər bir vətəndaş Konstitusiyanın ona verdiyi hüquqdan istifadə etməli, kənarda qalmamalıdır. Ümidvar olduğumu bildirmək istəyirəm ki, Azərbaycan vətəndaşları Azərbaycanda demokratiyanın yaranmasında, dövlət quruculuğu prosesinin yaranmasında indiyə qədər fəal iştirak etdikləri kimi, yerli idarəetmə orqanlarının yaranması üçün keçirilən bələdiyyə seçkilərində də fəal iştirak edəcəklər”. 

Yerli özünüidarəetməni ölkəmizdə gedən demokratikləşmə prosesinin mühüm bir sahəsi kimi dəyərləndirən ümummilli lider Heydər Əliyev bələdiyyələrlə bağlı dövlət siyasətinin əsas istiqamətlərini də müəyyən edib, onun inkişafına xüsusi diqqət və qayğı göstərib. 

Ötən müddətdə ulu öndər Heydər Əliyevin yerli özünüidarəetmənin inkişafı ilə bağlı müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib, yerli özünüidarəetmə daha da təkmilləşdirilib. 

Ölkədəki inkişaf, dünyada baş verən hadisələr, demokratik dəyişikliklər, ictimai həyatın tələbatları bələdiyyələri yeni məqsədlərə, səmərəli fəaliyyətə istiqamətləndirir. Həyata keçirilən mühüm dövlət proqramlarında icra orqanları ilə bərabər bələdiyyələrin vəzifələrinin də müəyyən edilməsi onların fəallığının yüksəlməsinə yeni bir stimul yaradır. Son illər bir çox qanunlara edilmiş dəyişikliklər bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına, bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsinə, onların mülkiyyətinin, ərazilərinin müəyyənləşdirilməsinə xidmət edir. Ümumilikdə bələdiyyə institutunun cəmiyyətin idarə olunmasında rolunun artırılmasına hərtərəfli şərait yaradır. 

Əhalinin bələdiyyələrlə sıx əlaqələrinin qurulması, özünüidarə işlərində onların getdikcə daha fəal iştirak etmələri, bələdiyyə idarəçiliyinə əhalinin maraq və inamının artması Ümummilli Lider tərəfindən seçilmiş yolun düzgünlüyünü və dönməzliyini göstərir. 

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev müdrik siyasəti və qəti iradəsi ilə və qüdrətli Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın həmrəyliyi sayəsində Ermənistanı döyüş meydanında və siyasi müstəvidə ağır məğlubiyyətə uğradaraq əzəli torpaqlarımızı işğaldan azad etməklə Ümummilli Liderin ən ümdə vəsiyyətini şərəflə yerinə yetirmişdir. 

Həyata keçirilən sosial-iqtisadi quruculuq və ərazi bütövlüyünün təmini Azərbaycanın daha keyfiyyətli inkişaf mərhələsinə keçməsinə əsaslar yaradıb. Qlobal iqtisadi reallıqlar fonunda yeni strateji dövrdə qarşımızda duran məqsədlərə nail olmaq, bunun üçün uyğun siyasət və islahatlar çərçivəsini formalaşdırmaq məqsədilə dövlət başçısının 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqlənib. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi, eləcə də işğaldan azad olunmuş ərazilərə böyük qayıdış kimi prioritetlər reallaşdırılmalıdır. 

Hazırda qarşıda olan əsas məqsədlərdən biri öz doğma torpaqlarından köçkün düşən insanların yurdlarına qayıdışının, vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasının və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasının təmin olunmasıdır. İşğaldan azad olunmuş torpaqlarımız Azərbaycan Prezidentinin rəhbərliyi ilə yenidən dirçəlir, nəhəng bərpa və quruculuq işləri aparılır, yol, rabitə, enerji və digər infrastrukturlar yaradılır. Bu yolda dövlət başçısının əzmi, siyasi bacarıqları, qətiyyəti çox mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, yerli özünüidarəetmə orqanlarının ölkəmizdə aparılan mütərəqqi islahatların ruhuna uyğun daha səmərəli fəaliyyət göstərməsi üçün tədbirlər də davam etdirilir. Bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin edilməsi üçün bələdiyyə üzv və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə intensiv maarifləndirmə tədbirləri keçirilir. Həmçinin yerli özünüidarəetmənin müxtəlif məsələlərini əhatə edən metodik vəsaitlər və tövsiyələr hazırlanaraq istifadə üçün bələdiyyələrə göndərilir. Bu vəsaitlərdə müvafiq qanunvericiliyin tələbləri izah edilərək, yol verilmiş nöqsanların, qanun pozuntularının aradan qaldırılması və qarşısının alınmasının yolları göstərilir. Toplanan təcrübə və müasir dövrün tələbləri nəzərə alınaraq bu sahəni tənzimləyən qanunvericilik aktları vaxtaşırı təhlil edilərək daha da təkmilləşdirilməsi istiqamətində təkliflər verilir və digər mühüm tədbirlər həyata keçirilir. 

Öz həyatını və bütün fəaliyyətini xalqının xoşbəxt gələcəyinə həsr etmiş Ulu Öndərin əziz xatirəsi Azərbaycan xalqı tərəfindən daim uca tutulur və ehtiramla yad edilir.  

Habil Həmidov,

Binə Bələdiyyəsinin sədri

Share