Onlar bizim qürurumuz, fəxarətimizdir!
12.10.2023Aqşin Şahin oğlu Novruzov 1998-ci il avqustun 15-də Bakı şəhərində anadan olub. Texniki-Humanitar liseyini bitirib. Ali təhsilini Əmək və Sosial Münasibətlər Akademiyasında alıb.
44 günlük Vətən müharibəsində biz təkcə Qarabağımızı azad etmədik, qazandığımız Zəfər bir daha sübut etdi ki, Azərbaycanın yeni nəsil gəncləri hansı vətənpərvərlik ruhunda böyüyərək torpaqlarımızın azadlığı uğrunda dəyanətli mübarizəsinin əzmini göstərdi. Vətən uğrunda şəhid olan hər bir övladımız bütün xalqın övladına çevrildi. Qazilərimiz ümumxalq məhəbbətini qazandı.
Şəhidlərimizin anım günü, doğum günü hamılıqla, bəşəri sevgiylə anılaraq yad edilir. Şəhidlərimizdən biri də mənim şagirdlərimdən olmuş Aqşin Novruzovdur. Tərbiyəli, saf qəlbli, cəsarətli bir oğul. Mən bir pedaqoq kimi şəhidlərimizin hər birini Aqşini gördüyüm tərbiyədə, məqamda duyuram, sevirəm. Onlar bizim qürurumuz, fəxarətimiz, Ucalıq məqamımızdır. Azadlıq simvolumuzdur..! Hər il xalqımızla şəhadət gününü qeyd etdiyimiz Aqşinə yazdığım şeirin bir bəndini də oxucularımızla paylaşıram:
VƏTƏN SAĞ OLSUN!-DEYİB CANINDAN KEÇƏN OĞUL,
DEYİLMƏMİŞ SÖZLƏRİ QƏLBİNDƏ QALAN OĞUL,
ŞƏHADƏTƏ QOVUŞDUN, SƏNİN YERİN ZİRVƏDİR,
MƏKANIN CƏNNƏT OLSUN, NUR İÇİNDƏ YAT AQŞİN!
Aqşin 2020-ci ilin yayında həqiqi hərbi xidmətə çağırılıb, 2-ci Qarabağ müharibəsində iştirak edib. Döyüşlərin əvvəlində ayağından yaralanıb, müalicə olunduqdan sonra yenidən ön cəbhəyə yollanıb. Topçu olaraq briqadası ilə birlikdə döyüşlər zamanı 2 düşmən tankını məhv edib. 13 oktyabr 2020-ci ildə Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən isə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə (ölümündən sonra) təltif edilib.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Zöhrə Seyidi











