Ulu Öndər ölkə sahibkarlarını həmişə diqqət mərkəzində saxlayıb

Ulu Öndər ölkə sahibkarlarını həmişə diqqət mərkəzində saxlayıb

12.10.2023 Off By Füzuli İsmayılov

2023-cü il ölkəmizdə “Heydər Əliyev ili” elan edilib. Ümummilli Liderin Azərbaycanda bazar iqtisadiyyatının formalaşmasında, sahibkarlıq ənənələrinin bərpasında və inkişafında danılmaz xidmətləri var. 21 il bundan əvvəl – 2002-ci ilin 25 aprel tarixində ümummilli lider Heydər Əliyevin yerli sahibkarlarla, may ayında isə xarici iş adamları ilə tarixi görüşləri olub. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 21 aprel tarixli sərəncamı ilə 25 aprel tarixi artıq 8 ildir ki, ölkəmizdə “Sahibkarlar Günü” kimi qeyd olunur. 

Ulu Öndər hələ 1993-cü ildə “Azərbaycanda sahibkarlığın inkişafı (1993-1995) Dövlət Proqramı”nı təsdiq etmişdi. Bu fakt Onun ölkə sahibkarlarına diqqətinin bariz nümunəsidir. 17 iyun 1996-cı il tarixli “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” imzalanan Fərman isə bazar münasibətlərinin inkişafına mənfi təsir göstərəcək halların aradan qaldırılmasına yönəlmişdi. Bununla yanaşı, nəzarətin təkmilləşdirilməsi istiqamətində dövlət əhəmiyyətli tədbirlər həyata keçirilib. Eyni zamanda, sahibkarlığın inkişafı istiqamətində 1997-2000-ci illəri əhatə edən Dövlət proqramının qəbul edilməsinin xüsusi rolu olub, kiçik və orta sahibkarlığın inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet sahələrindən birinə çevrilib.

Ümumiyyətlə, 1993-2003-cü illərdə ölkəmizdə sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericiliyin və hüquqi  bazanın yaradılması sahəsində qəbul edilən sənədlərdə bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına münbit şəraitin yaradılması, sahibkarlığa hüquqi təminatın verilməsi və rəqabət mexanizminin formalaşması, rəqabətin qorunması ilə bağlı müddəalar öz əksini tapıb. Həmçinin bu sahə ilə bağlı qanunvericilik aktlarında da təkmilləşmələr aparılıb. Onu da vurğulayaq ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında sahibkarlığın inkişafında dövlət nəzarət sisteminin təkmilləşdirilməsinin özünəməxsus rolu olub. 17 iyun 1996-cı il tarixli “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” və 7 yanvar 1999-cu il tarixli “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” fərmanlar məhz bu məsələ ilə əlaqədardır. Bunlardan əlavə, Heydər Əliyev tərəfindən 10 sentyabr 2002-ci il tarixli “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət qayğısı haqqında” və 28 sentyabr 2002-ci il tarixli “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” fərmanlar imzalanıb.

Ulu Öndərin 17 avqust 2002-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı (2002-2005-ci illər) Dövlət Proqramı” da təsdiq edilib ki, bu da özəl sektorun dirçəlişində vacib addımlardan biri oldu. Hazırda da ölkədə sahibkarlığın inkişafına dövlət tərəfindən maliyyə dəstəyi göstərir, iş adamlarının səmərəli biznes layihələrinin reallaşmasına yardımçı olur. Bütün bunlarla yanaşı, sahibkarlığın inkişafına xüsusi diqqət və qayğı göstərən ulu öndər

Heydər Əliyev mütəmadi olaraq iş adamları ilə görüşlər keçirir, onların problemləri ilə maraqlanır və bu problemlərin həlli üçün lazımi addımlar atırdı. Ümummilli lider Heydər Əliyevin bu istiqamətdə müəyyənləşdirdiyi siyasət hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təqdirəlayiq haldır ki, son illərdə respublikamızda qeyri-neft sektoru əsasən sahibkarlığın inkişafı hesabına genişlənib. Prezident İlham Əliyev respublikamızda sahibkarlığın inkişafının prioritet olduğunu bəyan edib.

Son illər dünyada geosiyasi risklərin yüksəlməsi və iqtisadi problemlərin dərinləşməsi, dünya enerji bazarındakı qeyri-sabitlik və tərəfdaş ölkələrdə milli valyutaların dəyərdən düşməsi fonunda Azərbaycan iqtisadiyyatının dayanıqlılıq nümayiş etdirməsi bir daha göstərir ki, iqtisadi prioritetlərin əvvəlcədən müəyyən olunması və bu hədəflərin məqsədyönlü şəkildə reallaşdırılması çox önəmlidir. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çevik və praqmatik iqtisadi siyasəti və vaxtında görülmüş qabaqlayıcı tədbirlər dünya iqtisadiyyatındakı mənfi proseslərin ölkəmizə təsirlərinin minimuma endirilməsinə imkan yaradıb. Bütün bunlar sahibkarlığın inkişafı sahəsində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin bu gün uğurla davam etdirilməsinin bariz nümunələridir.

Mahir Məmmədov,

“Baku STV” MMC-nin Baş direktoru

Share