Ümummilli lider  müstəqilliyin açarını enerji təhlükəsizliyində görürdü

Ümummilli lider müstəqilliyin açarını enerji təhlükəsizliyində görürdü

12.10.2023 Off By Füzuli İsmayılov

Ölkə iqtisadiyyatının, onun sosial həyatının istər ötən əsrin 70-80-ci illərində, istərsə də müstəqillik dövründə dinamik inkişafı bir çox mühüm amillərlə yanaşı, elektrik enerjisi sistemi ilə də bağlıdır. Hazırda Azərbaycan müstəqil elektrik enerji sisteminə malikdir və bunun əsası ötən əsrin 70-ci illərində qoyulmuşdur.

Azərbaycanda elektrik enerjisi istehsalı hələ XIX əsrin sonu, XX əsrin əvvəllərindən başlansa da, uzun illər ərzində bu sahədə inkişaf ləng getmişdir. 1969-cu ildə ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişindən sonra respublikanın sosial-iqtisadi həyatının mühüm sahələrindən biri olan elektrik enerjisi sisteminin sürətli inkişafını təmin etmək məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, bir çox irimiqyaslı layihələr reallaşdırılmışdır. Ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə hələ ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq respublikanın elektrik enerjisinə olan tələbatının yerli imkanlar hesabına ödənilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə başlanmışdır. Həmin dövrdə bir-birinin ardınca yeni elektrik stansiyalarının, yüksək gərginlikli elektrik verilişi xətlərinin və yarımstansiyaların inşa edilib istifadəyə verilməsi respublikanın sənaye potensialının artırılmasında mühüm addım oldu. 1971-ci ildə Naxçıvan Muxtar Respublikası ərazisində Araz çayı üzərində İran-Azərbaycan “Araz” SES adı altında gücü 22 MVt olan stansiyanın inşası, 1972-ci ildə “2 saylı Sumqayıt İstilik Enerji Mərkəzi”nin gücünün 220 MVt-ya çatdırılması, 1976-1977-ci illərdə Sərsəng su anbarı və gücü 50 MVt olan eyniadlı su elektrik stansiyasının istifadəyə verilməsi məhz ümummilli liderin Azərbaycana rəhbərliyi dövrünə təsadüf edir. Bu illərdə həmçinin gücü 380 MVt olan Şəmkir Su Elektrik Stansiyası istismara buraxılmışdır. Ötən əsrin 80-ci illərində və elə bu gün də Cənubi Qafqazın ən böyük istilik-elektrik stansiyası sayılan, gücü 2400 MVt olan 8 enerji blokundan ibarət, kritik parametrdən də yüksək parametrlərdə işləmək imkanına malik “Azərbaycan” İES istismara buraxılmışdır.

Azərbaycanın öz taleyinin sahibi, müstəqil dövlət kimi mövcud olması üçün bütün zəruri əsasları məhz Heydər Əliyev təmin etmişdir. Ulu öndər ölkəmizin siyasi və iqtisadi müstəqilliyini vəhdətdə möhkəmləndirdi, hərtərəfli tərəqqini təmin edən milli inkişaf modeli ilə dövlətimizi regional inkişafın hərəkətverici qüvvəsinə, beynəlxalq arenada nüfuzlu, etibarlı tərəfdaşlıq və sabitlik mərkəzinə çevirdi, mükəmməl strategiya və qlobal əməkdaşlıq layihələri ilə bugünkü qüdrətli Azərbaycanın müəllifi oldu. Ümummilli lider müxtəlif ictimai-siyasi formasiyalarda müstəqilliyin açarını, əsasən, enerji təhlükəsizliyində, enerji asılılığından xilasda görürdü. Bu gün qlobal enerji böhranı, enerji müstəqilliyinin dünyanın aparıcı dövlətlərinin gündəliyində bir nömrəli məsələyə çevrilməsi və bu turbulentlikdə Azərbaycanın enerji təchizatçısı kimi strateji mövqeyinin güclənməsi də bir daha Heydər Əliyevin enerji təhlükəsizliyinə dair baxışlarının zamanın fövqündə olduğunu təsdiqləyir.

“Azərbaycan” İES-in birinci enerji bloku 1981-ci il oktyabrın 20-də ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilmiş, bu möhtəşəm hadisə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsasını qoymuşdur. 80-ci illərin əvvəllərində inşasını hətta SSRİ miqyasında ümumxalq tikintisi səviyyəsinə qaldırmağa müyəssər olduğu bu əzəmətli tikili bu gün də ümummilli liderin bütün qurub yaratdıqları kimi onun nurlu şəxsiyyətinin möhtəşəm abidəsi kimi ucalır. Ulu öndər Heydər Əliyevin səyi nəticəsində bu stansiyanın inşası prosesinin ümumittifaq səviyyəsində aparılması tikinti prosesinə ən peşəkar mütəxəssislərin cəlb olunmasına, müasir texniki vasitələrdən istifadəyə şərait yaratmışdır.

Stansiyanın birinci enerji blokunun işə salınması Azərbaycanda fərəh dolu əlamətdar hadisəyə çevrildi. Ulu öndərimizin bu münasibətlə 1981-ci ilin 20 oktyabrında Mingəçevir şəhərinə gəlişi, stansiyanın vəziyyəti ilə tanış olaraq energetiklərə və inşaatçılara öz dəyərli tövsiyələrini verməsi bu tarixi təqvimdə Azərbaycan energetiklərinin peşə bayramı günü kimi müəyyənləşdirmiş oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli sərəncamına əsasən, həmin gün “Energetik günü” kimi qeyd edilir.

Elektrik stansiyalarının inşası ilə yanaşı, elektrik şəbəkələri də sistematik inkişaf etdirilmiş və respublikamızın dayanıqlı enerji sistemi yaradılmışdır. O illərdə 330 kV-luq Əli Bayramlı İES – Ağdam – Gəncə – Ağstafa, Əli Bayramlı – Yaşma-Dərbənd, 5-ci Mingəçevir, 500 kV-luq 1-ci və 2-ci Abşeron, Muxranis – Vəli və digər elektrik verilişi xətləri, 330/110/20 kV-luq Yaşma, Gəncə, Ağstafa, 330/110/10 kV-luq İmişli, 500/330/220 kV-luq Abşeron, 220/110/10 kV-luq Hövsan, Nizami, Müşfiq, Səngəçal, Masallı, Ağsu, Babək və başqa qovşaq yarımstansiyaları istismara verildi. Bununla da elektrik enerjisi sahəsində yeni inkişaf mərhələsinin başlanğıcı qoyuldu.

Ümummilli lider Heydər Əliyevin bu sahədə özünəməxsus uzaqgörənliklə müəyyənləşdirdiyi mükəmməl strateji xəttin uğurla həyata keçirilməsi və hazırda Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilməsi ölkəmizi regionun aparıcı dövlətinə, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təminatçılarından birinə çevirmişdir. Ölkə iqtisadiyyatının inkişaf sürətini nəzərə alan dövlət başçısı “Azərbaycan Respublikasında yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) Dövlət Proqramı”nı təsdiq etmişdir. Ötən dövr ərzində dövlət proqramının uğurla həyata keçirilməsi nəticəsində respublikanın elektrik enerjisi sistemində generasiya gücünün artımı 2000 MVt-dan çox olmuşdur. Elektrik enerjisinin ötürülməsi sistemində isə ümumi gücü 2000 meqavoltamperə yaxın 500-dən artıq yeni transformator quraşdırılmış və ümumi uzunluğu 30 min kilometrdən artıq elektrik verilişi xətləri istifadəyə verilmişdir.

Hazırda iqtisadiyyatı gündən-günə inkişaf edən, elektrik enerjisi sisteminin dayanıqlığı təmin olunmuş Azərbaycanda yeni generasiya güclərinin tikilib istifadəyə verilməsi nəticəsində respublikamız qonşu dövlətlərin elektrik enerjisi təhlükəsizliyində də mühüm rol oynayır.

Bu gün respublikanın elektrik enerjisi sisteminin tərkibinə 13 istilik elektrik stansiyası (Azərbaycan İES, Şirvan İES, Sumqayıt ES, “Şimal” İES, Səngəçal ES, Bakı İEM, Bakı ES, Sahdağ ES, Astara ES, Xaçmaz ES, Şəki ES, Naxçıvan ES və Naxçıvan İES) və 6 su elektrik stansiyası (Mingəçevir, Şəmkir, Yenikənd, Varvara, Araz, Vayxır SES) fəaliyyət göstərir. Enerji sisteminin tərkibinə gərginliyi 500, 330, 220 və 110 kilovolt olan 200-dən artıq yarımstansiya daxildir. Bu yarımstansiyalarda mövcud olan transformatorların ümumi gücü 20000 meqavoltamperdən artıqdır. Gərginliyi 110 kV və ondan artıq olan 300-dən artıq elektrik verilişi xəttinin ümumi uzunluğu 8000 kilometrdən çoxdur. Gərginliyi 35, 10, 6 və 0,4 kilovolt olan paylayıcı xətlər də daxil olmaqla elektrik verilişi xətlərinin ümumi uzunluğu 100000 kilometrdən artıqdır.

Ölkə energetikləri həmişə olduğu kimi, bundan sonra da dövlətimizin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, xalqımızın rifahının daha da yüksəldilməsi naminə və ulu öndər Heydər Əliyevin ideyalarının gerçəkləşməsi üçün var qüvvə ilə çalışacaq, onun layiqli davamçısı, Prezident İlham Əliyevin ətrafında daha sıx birləşərək, qarşıya qoyulmuş mühüm vəzifələrin yerinə yetirilməsinə nail olacaqlar.

Elçin Qubadov,

“Azərişıq” Sabunçu rayon enerji təchizat və satışı idarəsinin rəisi

Share