Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq nüfuzunu daha artırıb
20.10.2023Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə təmin edilən siyasi və iqtisadi sabitlik, əlverişli biznes mühiti istənilən layihənin uğurla reallaşmasını təmin edir. Ötən dövrdə ölkəmizin iqtisadiyyatına milyardlarla ABŞ dolları məbləğində investisiya qoyulub. Eyni zamanda, Azərbaycan özü də bir sıra regional və qlobal layihələrdə sərmayəçi kimi çıxış edir. Həyata keçirilən infrastruktur layihələri ölkəmizi regionun nəqliyyat-kommunikasiya mərkəzinə çevirib. Bu isə tarixən Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycanın geosiyasi əhəmiyyətini daha da artırıb.
İqtisadiyyatın inkişafında dövlət başçısı neft və qazdan asılılığın azaldılması, ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün düşünülmüş tədbirlər həyata keçirib. Qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının, turizmin, informasiya texnologiyalarının və digər sahələrin dəstəklənməsi üçün məqsədyönlü proqramlar icra olunub. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, son iki ildə ümumi daxili məhsulda qeyri-neft sektorunun payı artmaqda davam edir.
2013-cü ildən bəri Azərbaycan kosmik klubun üzvüdür. Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan Beynəlxalq Astronavtika Konqresi əlli ildən sonra bu günlərdə ikinci dəfə Azərbaycanda keçirildi. Bu hadisə ilk növbədə dövlət başçısı İlham Əliyevin liderliyinə göstərilən ehtiramın ifadəsidir.
Ölkəmizin siyasi sistemi təkmilləşdirilib. Hakimiyyətin müxtəlif qolları arasında əməkdaşlıq əlaqələri daha da möhkəmlənib, iqtidarla müxalifət arasında müntəzəm dialoq qurulub.
Prezident İlham Əliyev insan kapitalının inkişafına daim qayğı göstərir. Milli-mənəvi dəyərlərin qorunması, elm və təhsilin, mədəniyyət və incəsənətin inkişafı diqqət mərkəzində saxlanılır.
İlham Əliyevin rəhbərliyi ilə qanunun aliliyinə, insan hüquqlarının və azadlıqlarının qorunmasına əsaslanan inklüziv cəmiyyət formalaşdırılıb. Ölkəmizdə dərin tarixi kökləri olan tolerantlıq və multikulturalizm ənənələri daha da inkişaf etdirilib. Milli həmrəyliyin möhkəmləndirilməsi, dünya azərbaycanlıları ilə əlaqələrin gücləndirilməsi, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın hüquqlarının qorunmasına kömək göstərilməsi dövlət siyasətinin mühüm istiqamətlərinə çevrilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq nüfuzunu daha artırıb. Bu gün ölkəmiz qlobal dialoqda fəal iştirak edir. Dünya dövlətləri ilə münasibətlərdə, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan sanballı sözü və ardıcıl mövqeyi olan bir dövlət kimi tanınır.
Vüqar Şükürlü,
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Avtonəqliyyat təsərrüfatının rəisi











