Xalqla Prezident birdir-Biz hamılıqla ona inanırıq!
05.02.2024Növbədənkənar seçkilərin keçirilməsi sözsüz ki, Azərbaycana yeni nüfuz qazandıracaq. Bu seçkidə xalqın seçimi sözsüz ki, birdir və xalq öz Prezidentinə, cənab İlham Əliyevə inanır. Bir nəfər kimi hamı öz Ali Baş Komandanına, rəhbərinə səs verəcəkdir.
Hər bir Azərbaycan vətəndaşı buna əmindir. Nəinki Azərbaycan vətəndaşları, dünyanın bir çox ölkələri, türk dünyası bu gün cənab İlham Əliyevə böyük ümidlər bəsləyir, Azərbaycanın gələcəyinə inanır və Azərbaycanın daha şöhrətli, daha şanlı olması üçün xalqların birliyi, həmrəyliyi təmin olunmaqdadır. Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq təşkilatı və digər beynəlxalq qurumlar Azərbaycanda güclü rəhbər, İlham Əliyev kimi qüdrətli, cəsarətli, uzaqgörən siyasi lideri davamlı olaraq görmək arzusundadır.
Dövlətimiz bu gün beynəlxalq aləmdə öz nüfuzunu son dərəcə yüksəldib. Ölkəmiz artıq regionun ən qüdrətli dövləti olaraq bütün dünyada tanınır. Azərbaycan nəinki regional, hətta qlobal miqyasda belə söz sahibinə çevrilib. İndi Azərbaycan Avropanın enerji təhlükəsizliyinə öz töhfələrini verir. Dünyanın ən qabaqcıl ölkələri ilə əməkdaşlığımız möhkəmlənib. Ən inkişaf etmiş beynəlxalq təşkilatlara Azərbaycan rəhbərlik edir və öz siyasətini uğurla həyata keçirir.
7 fevral 2024-cü il tarixində növbədənkənar Prezident seçkilərinin keçirilməsi ilə bağlı ölkə rəhbərimizin imzaladığı sərəncam da təsadüfi deyildir. Bu, Azərbaycanın demokratik bir ölkə olduğunu dünyaya nümayiş etdirmək, bədxahların mənfi fikirlərini, məkrli niyyətlərini heçə endirməkdir. Növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul olunmuş siyasi təcrübəyə əsaslanır və beynəlxalq normalara uyğundur. Bu seçkilərin keçirilməsi əlbəttə, Azərbaycan xalqının tarixində yeni bir siyasi hadisə olacaqdır. Çünki növbədənkənar Prezident seçkiləri artıq ərazi bütövlüyü təmin edilən və suverenliyi tam bərpa olunan Azərbaycanda keçiriləcəkdir. Bilavasitə bu, zəfər seçkisidir və olduqca qürurvericidir. Bu seçki, ölkə vətəndaşlarının siyasi iradəsinin ifadəsi olmaqla, yeni bir demokratik Azərbaycanı, həm də dünya şöhrətli, sülhə və əmin-amanlığa, insan haqlarına, demokratiyaya arxalanan Prezidenti, cənab İlham Əliyevi bir daha dünyaya təqdim edəcəkdir. Sözsüz ki, bu seçkilər özünə inamdan və xalqın dəstəyinə əminlikdən qaynaqlanır. Azərbaycan Prezidenti xalqına inanır, özünə əmindir və xalqı tərəfindən verilən dəstəyi daim qiymətləndirir. Çünki 44 günlük müharibədəki qələbə, 23 saatlıq anti-terror tədbirləri göstərdi ki, xalqla Prezident və ordu birdir və bu birlik bizim qələbələrimizi təmin etdi.
Mətanət Qarayeva,
Bakı Neftmaşınqayırma zavodunun direktoru











