Qulu Mürsəliyev-Həsən Bəy Zərdabinin layiqli davamçısı
31.07.2024Dahi mütəfəkkir, Azərbaycan xalqının görkəmli ziyalısı, Milli Mətbuatın daima mənən borclu olduğu Həsən Bəy Zərdabi özündən sonra sələfləri, davamçıları ilə xalqın qəlbində yamağa davam etmişdir. Onlardan biri də tanınmış ziyalı Qulu Hacı oğlu Mürsəliyev 1924-cü ildə aprelin 28-də Zərdab rayonunda doğulmuşdur.
Onun dünyaya gələndən yaşadığı son günədək insanlar arasında qazandığı nüfuz bu gün də hörmətlə anılır. Qulu müəllim işlədiyi kollektivdə əsl ziyalı simasını göstərməklə cəmiyyətin nüfuzlu şəxslərindən birinə çevrilmişdir.
1940-cı ildə Zərdabda M.Qorki adına orta məktəbi bitirib 1938-1942-ci illərdə “Zərdab staxanovçusu” qəzeti redaksiyasında məsul katib işləmişdir. 1942-ci ildə müharibəyə göndərilmiş,1942-1943-cü illərdə 77-ci Azərbaycan Diviziyasının 276-cı atıcı alayında sıravi əsgər, sonra isə həmin diviziyanın 88-ci və 105-ci atıcı alayında tağım komandirinin köməkçisi,1944-cü ildə 402-ci diviziyanın 840-cı alayında bölük starşinası,1944-1945-ci illərdə Orçonikidze adına Bakı hərbi məktəbində müdavim olmuşdur. 1948-1949-cu illərdə Bakı hərbi qarnizonu prokurorluğunda komendant işləmişdir. Sonra isə ordudan təxris olunaraq Zərdaba qayıtmış və “Zərdab staxanovçusu” rayon qəzetində məsul katib kimi fəaliyyətini davam etdirməyə başlamışdır. 1944-cü ildə “Qafqazın müdafiəsi uğrunda”, 1946-cı ildə “Almaniya üzərində qələbə” medallarıyla, II dərəcəli “Böyük vətən müharibəsi ordeni” ilə təktif olunmuşdur. O, həmçinin “Alman faşizmi üzərində qələbə”-nin 20, 30, 40 və 50 illiyi medallarıyla təltif edilmiş, 1973-cü ildə “Əməkdə fərqlənməyə görə” medalı ilə, 1974-cü ildə “Yarış qalibi” döş nişanı ilə, 1987-ci ildə “Əmək veteranı” medalı ilə təltif olunub.
Qulu Mürsəliyev jurnalistika sahəsində fəaliyyətə keçəndən sonra xeyli müddət Azərbaycan Dövlət radiosunun Göyçay zonası üzrə müxbiri işləmişdir. Sonra Kürdəmir rayon partiya komitəsində çalışmış və 1965-ci ildən əmək fəaliyyətini Kürdəmir rayonunda çıxan “İrəli” qəzetinə bağlamış və uzun müddət burada kənd təsərrüfatı şöbəsinin müdiri işləmişdir. 1965-ci ildə Kürdəmir şəhər sovetinin deputatı olmuş,1965-ci il mayın 8-də isə rayon partiya və icraiyyə komtilərinin fəxri fərmanlarıyla təltif edilmişdir. Qulu Mürsəliyev 1975-1977-ci illərdə qiyabi olaraq “Jurnalist sənətkarlığı” institutunu bitirmişdir. O, sonralar da Azərbaycan Jurnalistlər İttifaqının və rayon partiya komitəsinin fəxri fərmanları ilə təltif olunmuşdur.
SSRİ Jurnalistlər İttifaqının üzvü olan Qulu Mürsəliyev ailəli və 3 uşaq atası idi. Qulu Mürsəliyev 1988-ci il yanvarın 20-də vəfat etmişdir.Dünyaya göz açdığı Zərdab rayonunda uyumaqdadır.
Qulu müəllim dəyərli ziyalı, gözəl ailə başçısı kimi həmişə sevənlərinin xatirəsində yaşayacaqdır.
Ruhun şad olsun!
Sevda Nazirqızı