BÖYÜK USTADIN MÖVLUDUNDAN 116 İL ÖTÜR…
31.07.2024Seyyid Məhəmmədhüseyn Behcət Təbrizi 1906-cı il, iyulun 31-də Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlib. İlk təhsilini Təbrizin Motahari və Tehranda Darülfünun məktəblərində alıb. Tibb kollecində təhsil aldıqdan sonra Xorasanda, daha sonra yenidən Tehranda notarius və bank işlərində çalışıb.
Ədəbiyyata uşaqlıqdan maraq göstərən böyük ustadın bu sahədə peşakarlaşmasında valideynlərinin də rolu az olmayıb. O, 7 yaşından azərbaycanca, 9 yaşından farsca şeirlər yazır, artıq 20-ci illərin ortalarından etibarən istedadlı bir gənc şair kimi tanınıb.
Məhəbbət lirikasının böyük korifeyləri Hafiz və M.Füzulinin qəzəlləri ilə müqayisəyə qadir olan sevgi şeirləri, dünya həyatının mahiyyəti barədə fəlsəfi düşüncələri əks etdirən hikmətli qəsidələri, real həyat müşahidələrinin məhsulu kimi yaranan lirik poemalar müəllifi olan sənətkarı Azərbaycan şeirinin ən yüksək zirvələri sırasına ucaldan, ilk növbədə onun vətənpərvərlik duyğuları aşılayan, milli həmrəylik ideyasını təbliğ edən əsərləri olub.
Şəhriyar klassik şeirin bütün şəkillərində yazıb, ədəbiyyatı yüksək məzmunlu qəzəl, qəsidə, məsnəvi, qitə və rübailərlə zənginləşdirib. Hansı üslubda yazmasından asılı olmayaraq onun bir mövzusu var idi — Vətəninin mənəvi bütövlüyünü görmək, can qardaşlarının xoş sədasını eşitmək.
Həyatının böyük bir hissəsini İranın müxtəlif şəhərlərində, Azərbaycandan uzaqlarda yaşamağa məcbur olan Şəhriyar özünün qəriblik qismətini vətənin taleyilə müqayisə edir, bu paralellikdə rəmzi bir məna görürdü.
Səndən ayrı düşsəm də mən, eşqin ilə yaşayıram,
Yaralanmış qəlbim kimi, qəlbi vuran Azərbaycan…
Vətən eşqi məktəbində can verməyi öyrənmişik,
Ustadımız deyib heçdir vətənsiz can, Azərbaycan!
Şəhriyarın ürəyi də səninki tək yaralıdır, Azadlıqdır mənə məlhəm, sənə dərman Azərbaycan!
İlk şeir kitabı 1931-ci ildə Tehranda üç böyük şair və alimin – Məlikü-şüəra Baharın, Səid Nəfisinin və Peyman Bəxtiyarinin müqəddimələri ilə nəşr olunub.
Dövrünün ən görkəmli şairlərindən sayılan Şəhriyar şeirlərini Azərbaycan türkcəsində və fars dillərində yazıb.
Məhəmmədhüseyn Şəhriyar uzun müddər əziyyət çəkdiyi ağır xəstəlikdən sonra 18 sentyabr 1988-ci ildə, 82 yaşında Tehranda vəfat edib. Məzarı Təbriz şəhərinin “Şairlər məqbərəsi”ndədir.
Xatirəsi
Şəhriyarın xatirəsinə Azərbaycanda poçt markası (1998)
13 mart 1996-cı ildə Azərbaycan və İran ədəbiyyatlarının inkişafında böyük xidmətləri olan Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 90 illik yubileyinin keçirilməsinin Azərbaycanın ədəbi-mədəni həyatı üçün müstəsna əhəmiyyətini nəzərə alaraq müvafiq qərar qəbul edilib.
Məhəmmədhüseyn Şəhriyarın vəfat etdiyi tarix İran milli şeir və ədəbiyyat günü kimi qeyd olunur. Şəhriyarın vəfat etdiyi gün — sentyabrın 18-i 2002-ci ildən İran milli şeir və ədəbiyyat günü kimi Parlamentdə təsdiq olunub.
Yaradıcılığı:
“Heydərbabaya salam” poeması
M.Şəhriyarı XX əsr Azərbaycan poeziyasının nəhəngləri sırasına ucaldan ilk növbədə onun ölməz “Heydərbabaya salam” poeması olub. Əsər əslində şairin uşaqlıq yaddaşında yaşayan ucqar bir kəndin xiffəti ilə yazılsa da, qüdrətinin böyüklüyünə görə bütöv Vətən haqqında dastan kimi oxunur.