Pezeşkiandan “HƏMAS” liderinin ölümünə REAKSİYA
31.07.2024İranın yeni prezidenti Məsud Pezeşkian “HƏMAS” liderinin Tehranda öldürülməsinə münasibət bildirib.
Trend xəbər verir ki, qonşu dövlətin başçısı onun andiçmə mərasiminə qatılmış İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsindən sonra “X” hesabında bu barədə paylaşım edib.
Məsud Pezeşkian qeyd edib ki, ölkəsi öz kədər və sevincinin şəriki, müqavimət yolunun daimi və fəxarətli yoldaşı, Fələstin müqavimətinin cəsur lideri, Qüds şəhidi İsmayıl Haniyəyə matəm saxlayır.
“Dünən onun qalib əlini qaldırdım, bu gün isə onu çiyinlərimdə dəfnə aparmalıyam. Şəhidlik Allah adamlarının hünəridir”, – deyə o vurğulayıb.
O bildirib ki, ölkəsi və Fələstin xalqı arasında əlaqələr əvvəlkindən də möhkəm olacaq.
“İran öz ərazi bütövlüyünü, şərəfini qoruyacaq və terrorçuları qorxaq əməllərinə görə peşman edəcək”, – deyə İran prezidenti bildirib.
Qeyd edək ki, “HƏMAS” liderinin öldürülməsi ilə əlaqədar İranda üçgünlük matəm elan edilib.