Rusiya şirkəti Azərbaycanın neft-kimya bazarı ilə əməkdaşlığı bərpa etməyi planlaşdırır

Rusiya şirkəti Azərbaycanın neft-kimya bazarı ilə əməkdaşlığı bərpa etməyi planlaşdırır

11.03.2025 Off By Füzuli İsmayılov

“LQ avtomatika” elmi-istehsalat şirkəti Azərbaycanın neft-kimya bazarı ilə əməkdaşlığı bərpa etməyi planlaşdırır.

Bunu Azərbaycanda Moskva müəssisələrinin biznes missiyası çərçivəsində Trend-ə verdiyi açıqlamada şirkətin sifarişçilərlə iş üzrə şöbəsinin aparıcı mütəxəssisi İrina Bondar bildirib.

“Biz öz istehsalatımızın lokallaşdırılmasına can atırıq. Biz bundan əvvəl də Azərbaycan bazarında işləmişik, ancaq bəzi səbəblər ucbatından bizim buradakı iştirakımız azalıb. Hazırda biz təmasları bərpa etməkdəyik, belə ki, yerli müəssisələrdə, o cümlədən, SOCAR kimi iri neft şirkətlərində, həmçinin, dövlət strukturlarında, neft-kimya müəssisələrində və digər sahələrdə tələb olunan bütün lazımi imkanlara və avadanlığa malikik”,-deyə Bondar qeyd edib.

O əlavə edib ki, şirkətin məhsulları “SOCAR Polymer” və “SOCAR Carbamide” zavodlarında istifadə oluna bilər.

“İndi əsas məsələ əlaqələrin qurulması və tərəfdaşlığın formalaşdırılmasıdır – istər vasitəçilər vasitəsilə, istərsə də birbaşa əməkdaşlıq yolu ilə. Məhsullarımız bazarda tələbatlıdır, əsas məsələ düzgün təşkilatlanma və bazara düzgün çıxışdır. Rəqabət qabiliyyətinə gəlincə, Avropa analoqları ilə müqayisədə bizim həllərimiz xeyli ucuzdur və bu da mühüm amildir”, – deyə Bondar vurğulayıb.

Qeyd edək ki, “LQ avtomatika” elmi-istehsalat şirkəti 30 ildən çoxdur ki, neft, qaz, kimya, müdafiə, enerji və digər sənaye sahələri üçün nizamlana bilən və ayırıcı klapanlar dizayn və istehsal edir. İstehsal olunan klapanlar müxtəlif mühitlərdə maye və qaz şəklində olan axınların (neft, neft məhsulları, qaz, buxar, su, qida və steril məhsullar, suspenziya, pulp, turşular, istənilən konsentrasiyalı qələvilər) idarə olunması məqsədilə tətbiq olunur.

Share