Fransa və İspaniyada yanğınlar səbəbindən 220 mindən çox insan təxliyə edilib
25.07.2026Fransa və İspaniyada genişmiqyaslı meşə yanğınları səbəbindən 220 mindən çox insan təxliyə edilib.
Fransanın cənub-qərbində təxminən 200 min nəfərə yaxın insan yaşadığı evləri tərk edib. Yanğın 19 min hektardan çox meşə sahəsini əhatə edib, 80-ə yaxın evi məhv edib və Bordo istiqamətində irəliləyir.
“Le Monde” nəşrinin məlumatına görə, böyük yanğın artıq Bordo şəhərindən 30 kilometr məsafədədir. Ölkə üzrə təbii fəlakətlə mübarizəyə 1500 hərbçi cəlb olunub, həmçinin Avropa İttifaqı Fransaya yardım göstərir.
Fransanın daxili işlər naziri Loran Nünyez bildirib ki, hökumət Bordonun təxliyəsi də daxil olmaqla bütün ssenarilər üzərində işləyir, lakin eyni zamanda “bu ssenarinin baş verməməsi üçün əlimizdən gələni edirik”.
İspaniyada isə təxminən 25 min nəfər təxliyə olunub, daha 40 minə yaxın sakinə qapalı məkanları tərk etməmək göstərişi verilib. Madridin qərbində baş verən üç yanğın birləşərək xilasedicilərin hələlik məhdudlaşdıra bilmədiyi iri yanğına çevrilib.
İspaniya hökuməti ölkə səviyyəsində fövqəladə vəziyyət elan edib. Madrid muxtar bölgəsinin hakimiyyəti bu yanğını regionun tarixində ən dəhşətli yanğın adlandırıb.











