Almaniyada yüngülmühərrikli təyyarə yaşayış evinə çırpılıb: iki nəfər həlak olub

Almaniyada yüngülmühərrikli təyyarə yaşayış evinə çırpılıb: iki nəfər həlak olub

25.07.2026 Off By Füzuli İsmayılov

Almaniyada göyərtəsində iki nəfərin olduğu yüngülmühərrikli təyyarə qəzaya uğrayaraq fərdi yaşayış evinin damına çırpılıb. Nəticədə hər iki pilot həlak olub.

Bu barədə Bild nəşri məlumat yayıb.

Hadisə səhər saat 11:00 radələrində Aşağı Saksoniya əyalətinin Oldenburq şəhəri yaxınlığında yerləşən Ganderkeze bələdiyyəsində baş verib. Yüngülmühərrikli təyyarə hündürlüyünü itirməyə başlayıb və burun hissəsi ilə fərdi evin damına çırpılıb. Zərbənin təsirindən dam deşilib və tikiliyə ciddi ziyan dəyib.

Hadisə barədə məlumat daxil olduqdan sonra qəza yerinin ətrafındakı 100 ev təxliyə edilib, həmçinin həmin ərazi üzərində hava məkanı bağlanıb.

Əvvəlcə təyyarənin qalıqları arasında bir nəfərin meyiti aşkarlanıb. Daha sonra isə deformasiyaya uğramış təyyarənin içərisində sıxılmış vəziyyətdə olan ikinci şəxsin cəsədi tapılıb.

Birinci və ikinci mərtəbələr arasındakı pilləkən hissəsində ilişib qalan təyyarənin çıxarılması üçün xilasedicilər krandan istifadə ediblər. Əməliyyat təxminən beş saat davam edib.

Xoş təsadüf nəticəsində ev sakinləri hadisə zamanı məzuniyyətdə olduqları üçün xəsarət almayıblar.

Hava hərəkətinin izlənilməsi xidmətlərinin məlumatına görə, qəzaya uğrayan təyyarə uzunluğu təxminən 8 metr olan Tecnam P2010 TDI modelidir. Təyyarə səhər saatlarında Bremen şəhərindən havaya qalxıb, Ganderkezee aerodromunda qısa müddətlik eniş edib və oradan yenidən havaya qalxdıqdan cəmi altı dəqiqə sonra qəzaya uğrayıb.

Share