Fransada deputat hökuməti “dövlət qalmaqalı”nda ittiham edir
28.07.2026Fransada 116 mindən çox hektar ərazinin yanması fonunda solçu “Əyilməz Fransa” (“La France Insoumise LFI) partiyasının deputatı Hadryən Klue hökuməti “dövlət qalmaqalı”nda ittiham edib və meşə yanğınları ilə mübarizə üçün Milli Assambleyanın fövqəladə sessiyasının çağırılmasını tələb edib.
Hakimiyyet.info.az xəbər verir ki, deputatın sözlərinə görə, hökumət mülki müdafiə xidmətinin imkanlarını zəiflədib və hökumət sözçüsü təhlükəsizlik qüvvələrinin real imkanları barədə ictimaiyyəti yanlış məlumatlandırır. O hesab edir ki, vəziyyət əlavə maliyyə vəsaitinin ayrılması üçün düzəliş edilmiş dövlət büdcəsinin təcili qəbulunu zəruri edir.
Hadryən Klue bildirib ki, parlament mümkün qədər tez toplanmalı, yanğınsöndürənlərlə təcrübə mübadiləsi aparılmalı, onlar zəruri texnika, o cümlədən yerüstü və hava vasitələri ilə təmin edilməlidirlər. O, yaxın günlərdə A400M hərbi nəqliyyat təyyarələri üçün suatma sistemlərinin sifariş edilməsini də təklif edib.
LFI deputatı hökuməti “Canadair” yanğınsöndürən təyyarələrinin sifarişindən imtina etməkdə və gələn il üçün “Super Puma” helikopterlərinin alınmasını planlaşdırmamaqda da tənqid edib. Onun sözlərinə görə, yanğınsöndürənlərin istifadə etdiyi bəzi qoruyucu başlıqlar onları təhlükəli maddələrdən kifayət qədər müdafiə etmir. Klue əlavə edib ki, yanğınlarla mübarizənin maliyyələşdirilməsi xərc deyil, gələcəyə sərmayədir. O, bu məqsədlə sərvət vergisindən (ISF) əldə olunan gəlirlərin bir hissəsinin ayrılmasını təklif edərək bildirib ki, bu verginin cəmi dörd günlük gəliri 2 “Canadair” təyyarəsinin alınmasına kifayət edə bilər.
Fransanın daxili işlər naziri isə daha əvvəl cari yanğınları ölkə üçün “misli görünməmiş və fövqəladə” adlandırıb, ilin əvvəlindən 13 min 500-dən çox yanğın ocağının qeydə alındığını açıqlayıb.











